AŞPA-da pula satılanlar, yaxud Soros “demokratiyası”nın iç üzü - TƏHLİL
Demokratik hökumətlər? Maraqlıdır, söhbət əslində hansı “demokratiya”dan gedir?
Milyardları hesabına “demokratiya” yayan amerikalı iş adamının təşkilatı əsasən 2000-ci illərdə aktiv fəaliyyəti ilə seçilirdi. Pul paylayan xüsusi layihələr ilə nisbətən zəif ölkələrdə kök atmağı bacaran Fonda həmin illərdə fərqli münasibət göstərilsə də, artıq Corc Sorosun gerçək mahiyyəti çoxlarına bəllidir. Sorosun qarışıqlıq, xaos, çevrilişlərə hesablanmış, QHT, təhsillə bağlı və eləcə də cəmiyyətdə fərqli düşünənlərin “oyanışlar”ını (LGTB ideyalarının aşkar təbliği və s.) təbliğ edən layihələrinə maraq əvvəlki kimi deyil. Bir çox cəmiyyətlərdə belə yırtıcı təşəbbüslər rədd edilir.
Bir vaxtlar Türkiyə kimi böyük ölkədən tutmuş, Ukrayna, Gürcüstan və digər postsovet dövlətlərinə qədər yol açmış sorosçular əvvəlki kimi öz niyyətlərini gerçəkləşdirə bilmirlər. Hətta bir çox ölkələrdən onların ayağı kəsilib. İndi vəziyyət tamamilə fərqlidir. Dağıdıcı və mənfur planları həyata keçirmək elə də asan deyil, cəmiyyətlər sanki gözünü açaraq Sorosun məqsədini anlamağa başlayır. Dünyada rəngli inqilablara verilən gizli dəstəklər də heç kimə sirr deyil və bəzi ölkələrdə süni etirazlar fonunda baş vermiş hakimiyyət dəyişiklikləri, sorosçuların yüksək vəzifələrə gətirilməsi onlara bağlanan ümidləri puça endirdi. "Demokratiya" vədilə dəyişən hakimiyyətlər əvvəlki rejimlərdən heç nə ilə fərqlənmədilər, əksinə planları alt-üst olan cəmiyyətlərdə dərin böhranlar yaşandı.
Əslində siyasi prosesləri diqqətlə izləyən insanlara məlum idi ki, hakimiyyət dəyişikliklərində məqsəd həmin ölkələrdə “demokratik” mühit yaratmaq olmayıb. 2003-cü ilin payızında Gürcüstanda, 2004-cü ildə Ukraynada baş verən rəngli inqilablar və yeni hökumətlərin qurulmasının əsas sponsoru kimi məşhurlaşan Sorosun maskası çox keçmədi ki, yırtıldı. Artıq dünya ölkələri amerikalı "filantrop" milyarder-Corc Sorosu yalnız inqilabların sponsoru kimi deyil, siyasi qalmaqalların, qarayaxma kampaniyalarının təşəbbüskarı kimi də qəbul edir. Bəzi dövlətlər isə Sorosun ofislərini bağlayaraq, təxribatçıları qovmağı bacardı.
Təsadüfi deyil ki, harada böyük siyasi qalmaqal, iğtişaş, çaxnaşma, inqilab olurdusa, mütləq onun arxasından sorosçular çıxırdı. İndiyədək Gürcüstan, Ukrayna inqilablarından sonra Türkiyədə “Gezi parkı” olayları və digər siyasi qalmaqalların, aksiyaların əsas hərəkətverici qüvvəsi məhz amerikalı milyarder olub. Digər tərəfdən müxtəlif ölkələrdə guya liberal müxalifəti, fərqli düşünənləri dəstəklədiklərini gizlətməyən Soros rəhbərliyi küçə aksiyalarına, iğtişaşlara meylli, inqilab düşüncəli radikalları maliyyələşdirməklə öz çirkin məqsədlərinə nail olmağa can atırdı.
Bu xüsusda Sorosun sonuncu uğursuz layihəsi kimi Ermənistanı nümunə göstərmək olar. Düzdür, fond 2018-ci ildə adi qəzet işçisini müxalifət nümayəndəsi adı altında küçə aksiyaları ilə hakimiyyət kürsüsünə qədər qaldırmağı bacardı. İrəvanda küçələrə axışıb, Azadlıq meydanını bağlayan, aksiyalarda nümayişkaranə şəkildə manqallarda kabab bişirən erməni xalqı inqilabdan sonra hər şeyin belə gözəl olacağanı düşünürdü. Lakin həmin “soros kabab”ı sonradan ermənilərin ağzını yandırdı...
Erməni cəmiyyətinin son üç ildə hansı duruma düşdüyünü təsvir etməyə ehtiyac yoxdur. Amerikalı milyarderin təşəbbüsü əsasında baş nazir kreslosuna yiyələnən Nikol Paşinyan indi ölkəsində “soros qulu”, “satqın”, “xain sorosçu” və digər ləqəblərlə çağırılır. Təkcə son bir hadisəni xatırladaq ki, iki gün öncə ölkənin cənubuna gizli səfər edən baş naziri burada yerli sakinlər etirazla qarşıladılar. Sünik sakinləri məğlubiyyət rəmzinə çevrilmiş, ölkəni iqtisadi və siyasi bataqlığa qərq edən Sorosun növbəti uğursuz layihəsinin “qəhrəmanını” satqın şüarları ilə qarşıladılar. Gözlənildiyi kimi, fondun “sonuncu demokrat mohikanı”nın taleyi belə də olmalı idi.
Ermənistanı yedəyində daşıyan "inqilablar maşını" 44 günlük ikinci Qarabağ müharibəsindən sonra Azərbaycanı da hədəf almağa başlayıb. Bakıya birbaşa təsir imkanları olmayan sorosçular öz əlaltıları vasitəsilə Azərbaycana qarşı qarayaxma kampaniyaları aparırlar. Bu işdə onlara təmsil etdikləri ölkələrin maraqlarını satan bir çox avropalı parlamentarilər yardım etməkdədir. Şübhəsiz, belə kampaniyalar Azərbaycanı öz yolundan döndərə bilməz. Soros Bakını hədəf seçməklə öz məqsədinə çatmayacağını gözəl anlayır. Çünki Azərbaycan cəmiyyətində iğtişaş, xaos, inqilab əhvalı yaratmaq qeyri-mümkündür və bunun baş verməsi üçün zəmin yoxdur. Yəqin bu səbəbdəndir ki, fond ayrı-ayrı qulbeçələri vasitəsilə beynəlxalq təşkilatlarda Azərbaycanın nüfuzdan salınması üçün çirkin kampaniyalara əl atır. Hətta Soros Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) da bu istiqamətdə öz işini xeyli aktivləşdirib. Belə ki, AŞ PA-da baş irticaçının çirkli pulları ilə lüks həyat yaşayan deputatlar Bakıya qarşı kampaniyalara qoşulmaqla aldıqları qonorarın qarşılığını verdiklərini göstərirlər. Bunu həm də ona görə edirlər ki, Azərbaycanın 44 günlük möhtəşəm qələbəsini həzm edə bilmirlər. İrəvandakı layihəsi iflasa düçar olan Soros ənənəvi qarayaxma kampiyaları ilə Azərbaycandan bir növ qisas almağı hədəfləyir. Əlbəttə, bu cür təxribatlar ürək bulandırmaqdan başqa bir işə yaramır.
Bu gün regionda yeni reallıqlar yaradan, Rusiya, Türkiyə, İran kimi ölkələri bir araya gətirərək yeni dördlü, beşli formatda əməkdaşlıqların əsasını qoyan Azərbaycan sorosçular üçün dişbatmaz ölkədir. Bunu birdəfəlik anlasalar yaxşı olardı. Nə AŞPA səviyyəsində, nə də digər beynəlxalq arenalarda təxribatçı fəaliyyətlərlə rəsmi Bakıdan qisas almaq cəhdi Paşinyanı hakimiyyətə gətirmək qədər rahat deyil. İrəvandan fərqli olaraq Bakıda rəngli inqilablar layihəsi çoxdan öz aktuallığını itirib. Azərbaycanda onu da başa düşürlər ki, Sorosun yeri tarixin zibilliyidir, amerikalı "inqilablar kralı" və onun maliyyələşdirdiyi əlaltılar cəmiyyətləri uçuruma yuvarlayan uğursuz layihələrlə üfunət qoxuyurlar.
Tural Tağıyev
Azvision.az
Teqlər: SOROS Paşinyan AŞPA Kampaniya İnqilab