Bakıdan düşmənə göz dağı: Ermənilərin məğlubiyyət etirafı, Paşinyana ittihamlar

 Bakıdan düşmənə göz dağı: Ermənilərin məğlubiyyət etirafı, Paşinyana ittihamlar
  19 Aprel 2021    Oxunub:10107
Bakıda Hərbi Qənimətlər Parkının açılması Ermənistanda böyük rezonans doğurub. Aprelin 12-dən başlayaraq erməni cəmiyyəti və yerli media orqanları Azərbaycan paytaxtında nümayiş etdirilən hərbi qənimətlərlə bağlı müzakirələr aparır, müxtəlif fikirlər səsləndirirlər.
Bəzi erməni siyasətçilər, ictimai xadimlər Ermənistanın silah və texnikalarının Bakıda nümayiş olunmasını Paşinyan hakimiyyətinin yarıtmaz fəaliyyətinin nəticəsi kimi qiymətləndirirlər.

Erməni politoloq Qaqik Ambaryan hərbi qənimətlər parkındakı erməni əsgərlərin maketlərinin daha çox diqqət çəkdiyini deyib. “Onların hamısı axmaq simalarla təsvir edilib və bu heç də təəccüb doğurmamalıdır. Azərbaycanlılar təsvir edilən simaları diz üstə çökdürülüb, dəfələrlə aşağılanan Nikoldan nümunə kimi götürüblər. Paşinyan obrazı onlar üçün ən iyrənc erməni obrazını xatırladır. Çünki xainlərimiz, hətta düşmənimizə də iyrənc görünürlər”.



Digər erməni politoloqlar da Azərbaycanın qürur yerinə çevrilən Hərbi Qənimətlər Parkının Ermənistanın məğlubiyyətinin dünyaya nümayişi kimi dəyərləndirirlər. Maraqlıdır ki, erməni eskpertlər mövzu barədə şərhlərində daha çox özünütənqid, baş nazirin İrəvanı məğlubiyyət rəmzinə çevirməsi, Bakıdakı Zəfər Parkının turistlər üçün daha cəzbedici olacağına dair fikirlər səsləndirirlər.

Qırx dörd gün davam edən Vətən müharibəsində Ordumuzun möhtəşəm qələbəsini əks etdirən mənzərəyə erməni cəmiyyətinin müxtəlif təbəqələrini təmsil edənlər də biganə qalmayıblar. Tanınmış erməni ictimai xadim, QHT rəhbəri İrina Danielyan Qarabağ uğrunda gedən döyüşlərdə əldə edilən hərbi texnikalar, maşınlar, eləcə də Ermənistana məxsus silah sursatın tarixi parkda nümayiş olunmasını ölkəsi üçün biabırçı mənzərə hesab edir. O daha çox açıq havada salınan bu parkda nümayiş etdirilən eksponatlar arasında erməni əsgərlərin atıb qaçdıqları dəbilqələrə diqqət çəkib.



Məsələ burasındadır ki, ermənilər hərbi qənimətlər parkına çıxarılan texnikaların nümayişini adi qəbul etsələr də, boş qalmış əsgər dəbilqələrini qürurlarının tapdalanması kimi dəyərləndirirlər. İrina Danielyan məhz məsələyə bu konteksdən yanaşaraq ölkəsinin hazırkı biabırçı vəziyyətinə görə Paşinyan hökumətini qınayıb:

“Azərbaycan Prezidenti Bakıda strateji parkın açılışını etdi və çox məmnun görünürdü. Orada əsgərlərimizin dəbilqələri də nümayiş etdirilir. Dəbilqəsiz qalan uşaqlarımızı döyüşlərdə satanlar hələ də ölkəmizdə rahat şəkildə yaşamağa davam edirlər. Bu, hamımız üçün biabırçılıdır”.



Cəmi bir neçə gün ərzində minlərlə insanın ziyarət etdiyi parkda məğlub erməni ordusunun əsgər və zabitlərinin maketləri, boş qalan dəbilqələr və digər eksponatlar müharibəyə dair xüsusi məna kəsb edir. Hərbi Qənimətlər Parkı müharibənin bütün mərhələlərini özündə əks etdirir. Azərbaycan Ordusunun gücünü, qüdrətini göstərən parkda hərbi avadanlıqlardan tikinti materialı kimi istifadə edilməsi də erməni cəmiyyətinin diqqətini çəkib.

Yerli media, erməni jurnalistlər parkda oturacaqların məhz mərmi yeşiklərindən, işıq dirəklərinin mərmi gilizlərindən, zibil qutularının isə artilleriya gilizlərindən hazırlanmasının böyük rəmzi məna daşıdığını düşünürlər. Bu elementlərin vaxtı ilə Ermənistan Silahlı Qüvvələrinə məxsus olduğunu xatırladan erməni fəallar təxminən oxşar mövqedən çıxış edirlər: "artileriya gilizinin zibil yeşiyinə çevrilməsi qənimətlərin ən murdar yerə layiq olduğunu göstərir".



Tanınmış erməni həkim Vahe Ter-Minasyan isə Bakının mərkəzində yaradılan qənimətlər parkını ürək ağrısı ilə izlədiyini söyləyib. Onun sözlərinə görə, azərbaycanlıların qələbəsini əks etdirən mənzərəni görmək hər bir erməni üçün ağrılıdır. Sosial mediada xeyli sayda izləyicisi olan erməni həkim 300-dən çox hərbi eksponatın bundan sonra Bakıya gələn qonaqlar üçün nümayiş olunacağını deyərək müharibənin hələ bitmədiyini söyləyib.



Tarixi qələbəmizin Ermənistan cəmiyyəti üçün yaratdığı acı mənzərənin günahını özlərində axtaran erməni ictimai xadimlər, media və revanşist düşüncəli kütlə hərbi muzeyin ərsəyə gəlməsini hələ uzun müddət həzm edə bilməyəcək. 44 günlük müharibədə ordusu darmadağın edilən Ermənistan hələ uzun illər məğlubiyyətin acısını yaşamalı olacaq.

Tural Tağıyev
Azvision.az


Teqlər: Muzey   Ermənistan   Hərbi-texnika   Qənimət  





Xəbər lenti