“Holokostun məşqi”: Almaniya gerero və nama tayfalarını soyqırımına necə uğratmışdı – ARAŞDIRMA

    “Holokostun məşqi”:  Almaniya gerero və nama tayfalarını soyqırımına necə uğratmışdı –  ARAŞDIRMA
  02 Aprel 2021    Oxunub:27469
XVII—XVIII əsrlərdə ayrı-ayrı alman knyazlıqları Afrikada kiçik koloniyalar qurmağa çalışsalar da, sonradan Hollandiya və Fransa tərəfindən sıxışdırıldğından, 1871-ci ildə Almaniyanın birləşməsi ərəfəsində onun heç bir koloniyası yox idi. Belə ki, Prussiya üçün prioritet okeanın o tərəfində torpaq axtarışı deyil, alman torpaqlarının birləşdirilməsi sayılırdı. Bu səbəbdən Almaniya dünyanın kolonial-imperialist bölgüsünə gecikdiyindən, bütün ərazilər Britaniya, Fransa, Hollandiya, Belçika arasında bölüşdürülmüşdü.
Bundan başqa, maliyyə problemləri və dəniz donanmasının zəifliyi də Almaniyanın imperialist iddialarına mane olmuşdu. İlkin tərəddüdlərə baxmayaraq, alman iş adamları koloniyaların ələ keçirilməsini perspektivli iş sayırdılar. Ona görə də üzərinə xüsusi öhdəliklər düşmədiyi hallarda hökumət belə təşəbbüsləri dəstəkləyirdi. Nəticədə almanlar digər Avropa ölkələri üçün maraq kəsb etməyən, əhalisi və resursu az olan torpaqlara üz tutmuşdular.

Beləliklə, Karl Petersin başçılığı ilə “Alman kolonizasiya Cəmiyyəti” şirkəti 1884-cü ildə Şərqi Afrikadakı torpaqları ələ keçirməyə başlayır. 1883-cü ildə Bremendən olan tacir Adolf Lüderis indiki Namibiyada 45 min kv. km ərazini (müasir İsveçrədən daha böyük) əldə edir və hətta alman hökumətindən rəsmi təhlükəsizlik qarantiyası alır. 1884 -cü ildə Britaniya Namibiya torpağında maraqlı olmadığını bildirdikdən sonra Almaniya həmin ərazi üzərində öz protektoratlığını elan etdi. Həmin ərazi Alman Cənub-Qərbi Afrikası adını alaraq, dövlətin mülkiyyətinə keçir.



1888-ci ildə hakimiyyətə kayzer II Vilhelm gəldikdən sonra Almaniyanın müstəmləkələrə münasibəti dəyişir və bu, nəinki xammal və istehlak mənbəyi, həm də Almaniyanın böyük dövlət olduğunu təcəssüm etdirən nüfuz məsələsinə çevrilir. Bundan sonra koloniyalara diqqət artır.

Namibiyada əlverişsiz təbii şəraitlə üzləşən almanlar yerli əhalinin torpaqlarını, mal-heyvanını onların əllərindən almağa başlayır, özləri ilə isə qul kimi davranır, təhqir edir, işgəncələr verirdilər. Rəsmi orqanlar yerli əhalinin şikayətlərinə baxmırdı. Artıq XX əsrin əvvəllərində gerero təmsilçilərinin rezervasiyaya köçürülməsi və azad olunun torpaqlara yeni gələn alman kolonistlərinin yerləşdirilməsi planları nəzərdən keçirilir, yerli əhali kredit asılılığı adı altında tamamilə müflisləşdirilirdi.



1904-ci il yanvarın 14-də yerli əhali gerero və nama tayfaları təzyiqlərə dözməyərək üsyan qaldırır, qadın və uşaq da daxil olmaqla, 120 almanı öldürürlər. İyun ayında Cənub-Şərqi Afrikadakı Alman hərbi rəhbərliyi üsyanı nəyin bahasına olursa olsun yatırmaq üçün 14 min əsgər göndərir. Cəza tədbirləri həyata keçirmək üçün Avstriya və Fransa ilə müharibələrdə, Keniya və Çindəki qiyamların yatırılmasında iştirak edən general-leytenant Adrian Dietrich Lotar fon Trot Afrikanın cənub-qərbində Alman ordusunun baş komandanı təyin edilir. Cəza ekspedisiyanı Deutsche Bank maliyyələşdirir, Vurmann Şirkəti isə təchiz edir. Açıq döyüşdə tam qələbə çala bilməyən almanlar səhrada üsyançıların təqibinə başlayır. Həyata yararlı ərazi və su mənbələrini mühasirəyə almaqla, yerli əhali səhraya sıxışdırılır. Bununla proses üsyanın yatırılması mərhələsindən soyqırıma keçir . Alman hərbi birləşməsinin rəhbəri Lotar fon Trot kapitulyasiya barədə bütün danışıqları tamamilə rədd edir. 1904-cü ilin oktyabrın 2-də general Lotar fon Trot bu tayfaların kökünün tamamilə kəsilməsi ilə bağlı şəxsən əmr imzalayır : «Almaniya sərhədlərində, silahlı və yaxud silahsız, mal-qaraya sahib olan və yaxud olmayan istənilən gerero məhv edilsin. Düşünürəm ki, belə bir xalq yox edilməlidir» . General tamamilə «ağ» ərazi yaratmaq niyyətində idi.



Üsyançıların əksəriyyəti müasir Bostavanın ərazisində olmuş Britaniya koloniyasında sığınacaq almaq üçün səhradan keçməyə çalışsa da, ya acından və susuzluqdan ölmüş , ya da almanlar tərəfindən öldürülmüşdü. Səhradakı su quyularına zəhər töküldüyündən su içənlər zəhərlənərək həyatlarını itirirdilər. Bir çox Gerero tayfasının üzvü daha sonra xəstəlik, yorğunluq və aclıqdan öldü.

Əsir düşən tayfa üzvləri GH hərfəri ilə (Gefangener Herero), “gerero əsiri” deyə damğalanırdı. Cənubi Afrikadakı ingilis nümunəsinə əsaslanan almanlar “Konzentrationslager” adlanan sistem tətbiq etməyə başladılar və konsentrasiya düşərgələri (konslager) yaratdılar. Bu düşərgələr əməyə ehtiyacın ən çox olduğu böyük şəhərlərdə qurulmuşdu. Əsirlər 6 konsentrasiya düşərgələri nə yerləşdirilmişdi. Onların ən məşhurlarından biri Lüderitz liman şəhərinin yaxınlığındakı Şark adasında yerləşən düşərgə idi. “Shark Island” düşərgəsində 3500 əsirdən yalnız 200 nəfəri sağ qala bilmişdi. Düşərgədə ölüm faizi 45 - 74 arasında idi.



Həmçinin ərzaqları son dərəcə az idi. Düşərgə ərazisində ölən atlar və öküzlər daha sonra məhkumlara yemək olaraq verilirdi. Xəstəlik durmadan yayılırdı və buna rəğmən Almanlar tərəfindən sərt şərtlər altında zorla saxlanmaqlarına baxmayaraq hər hansı tibbi yardım göstərilmirdi. Qul əvəzi çalışanlara atəş açmaq, işgəncə və digər sərt hərəkətlər tətbiq olunurdu. Əsasən qadın və uşaqlar olan gerero məhkumları yerli müəssisələrə kirayəyə verilir və ya dövlət infrastruktur layihələrində çalışmağa məcbur edilirdilər. Əsirlərin qul əməyindən əsasən almaz, mis və s. əlvan metalların çıxarılması ilə məşğul olan dağ-mədən sənayesində, dəmir yolunun tikintisində istifadə edilir.



Ağ irqin üstünlüyünü nümayiş etdirmək üçün alman alimi Eugen Fischer, Dr. Bofinger düşərgələrdəki əsirlər üzərində müxtəlif eksperimentlər həyata keçirirdilər. Onlar sümük xəstəliyindən əziyyət çəkən tayfa üzvlərinə tiryək və sair daxil olmaqla müxtəlif maddələrlə iynə vurur və sonra şəxsi yarma yolu ilə bu maddələrin təsirini araşdırdı, qadınlar zorlanır, sonra isə öldürülürdü, yerdə qalanlar sterilləşdirilirdi.

Cəsədlər üzərində eksperimentlər də geniş yayılmışdı. Sümük və dəri nümunələri eksponatlar, tibbi və irqçi eksperimentlər kimi Alman laboratoriya və muzeylərinə göndərilirmişdir. Təsadüfi deyil ki, 2011-ci ilin oktyabrında 3 illik danışıqlardan sonra Charite muzeyində saxlanılan 300 kəllədən ilk 20-si dəfn olunmaq üçün Namibiyaya qaytarıldı. 2014-cü ildə Frayburq universiteti tərəfindən əlavə 14 kəllə Namibiyaya göndərildi .

Təsadüfi deyil ki, Eugen Fischer-in təhlilləri Adolf Hitlerin marağına səbəb olmuşdu. Məhz Namibiyada almanlar ilk dəfə Konsentrasiya düşərgəsi metodundan istifadə etmişlər. Əsirlər üzərində eksperiment keçirənlər sonradan alman universitetlərində Yevqenika dərsləri deyirdilər. Namibiyada əldə edilən təcrübə sonradan İkinci Dünya Müharibəsində istifadə edilmişdi.

1905-ci ildə aparılan siyahıyaalma nəticəsində Almaniyanın Cənubi Qərbi Afrikasında 25 min Gereronun qaldığı aydın olmuşdu.



Müharibə vəziyyəti 31 Mart 1907-ci il tarixində rəsmi olaraq sona çatsa da, Afrika cəmiyyətlərinin məhv edilməsi davam edirdi. Yerli əhalinin hüquqlarından məhrum edilməsindən və torpaqlarının mənimsənilməsindən sonra, 1907-ci ildə Afrikalıların hərəkət azadlığını ciddi şəkildə məhdudlaşdıran və boyunlarında dəmirdən nömrəli şəxsiyyət vəsiqəsi gəzdirməyə məcbur edən bir sıra "yerli fərmanlar" qəbul edildi. Herero və Namanın tabe edilməsinə baxmayaraq, Almanlar mümkün Afrika qiyamlarından qorxurdular və bu təhlükəni aradan qaldırmaq üçün Windhoek və Berlindəki müstəmləkə məmurlarının Afrikalıların Kamerundakı Alman ərazilərinə və hətta Papua Yeni Qvineyaya geniş miqyaslı deportasiya larını mütləq hesab edirdilər. Lakin Birinci Dünya Müharibəsinin başlanması planlarının həyata keçirilməsinə mane oldu .

1918-ci ildə həmin ərazilər Britaniyanın nəzarətinə keçdikdən sonra Britaniya hökuməti Nama və Gerero tayfalarına qarşı Alman soyqırımı barədə açıqlama yayır .

Müstəmləkənin əhalisinin sayı haqqında dəqiq məlumat yoxdur. Əsas mənbələr onun 70-100 min arası dəyişdiyini qeyd edir. Ekspertlər ortalama əhalinin sayını 70-80 min hesab edir.

BMT-inin 1985-ci il hesabatı na görə, alman qoşunları gerero tayfasının ¾ hissəsini məhv etmiş və onların sayı 80 mindən 15 minə düşmüşdür. Soyqırım zamanı Almaniya 80% yaxın gerero və 50% nama tayfasının nümayəndələrini məhv etmişdir.

Müxtəlif mənbələrdə müxtəlif sayda şəxsin qətlə yetirildiyi yazılsa da, qəzetlər Almaniyanın 2004 -cü ildə soyqırımı tanıdığını elan edərkən 65 min qurban olduğunu qeyd etdi.

1985-ci ildə BMT tayfaların məhv edilməsini 20-ci əsrdə ilk soyqırım aktına aid etmişdir . Hətta BMT məruzəsində (1985-ci ildə) bu qətliam nasistlərin törətmiş olduqları yəhudi qətliyamına oxşar genosid aktı kimi qiymətləndirilmişdir.

1998-ci ildə Almaniya Prezidenti Roman Herzoq Namibiyanı ziyarət etdi və Gerero tayfasının liderləri ilə görüşdü. Liderlər xalqdan üzr və təzminat tələb etdi. Herzoq isə peşman olduğunu dedi, lakin üzr istəmədi, təzminat normalarını tənzimləyən beynəlxalq hüququn 1907-ci ildə olmadığını qeyd etdi.

Namibiya icması
nın bir sıra nümayəndələri 2001 -ci ilin sentyabrında ABŞ Federal Məhkəməsində Alman hökumətinə və üç Alman şirkətinə qarşı iddia qaldırdı. Bu, ilk dəfə bir etnik qrupun, soyqırımın qanuni tərifinə uyğun müstəmləkə siyasətinə görə təzminat tələb etməsi idi. İddiaçılar hüquqi və siyasi əngəllərin öhdəsindən gəlmək üçün əcdadlarına qarşı törədilən soyqırımla nasistlərin Yəhudilərə qarşı törətdikləri soyqırım arasındakı paralelliyə diqqət çəkərək xalqın rəğbətini qazanmağa çalışdılar. Bütün bunlara baxmayaraq 7 Mart 2019-cu il tarixində New York Federal Məhkəməsi Namibiyanın Almaniyaya qarşı qaldırdığı soyqırım təzminatı iddiasını rədd etdi.

2004-cü ildə soyqırımın başlamasının 100-cü ildönümündə Alman hökumətinin üzvü, Almaniyanın İqtisadi İnkişaf və Əməkdaşlıq Naziri Heidemarie Wieczorek-Zeul rəsmi olaraq üzr istədi soyqırımdan kədərləndiyini bildirdi. O, “Biz Almanlar, tarixi və mənəvi məsuliyyətimizi və Almanların o dövrdə çəkdikləri günahı qəbul edirik”. ifadəsini işlətdi. Xüsusi kompensasiyaların verilməsini istisna etdi , lakin 2004-cü ildə ildə 14 milyon dollar təşkil edən Namibya üçün davamlı iqtisadi yardım vəd etdi . Bu rəqəm o vaxtdan bəri əhəmiyyətli dərəcədə artırıldı, 2016–17-ci illərin büdcəsi, pul dəstəyi ödəmələrinə cəmi 138 milyon avro ayırdı.

Namibiya 2004-cü ildə təzminat kimi 4 mlrd dollar tələb edir . Məsələ ilə bağlı tərəflər arasında rəsmi danışıqlar 2015-ci ildə başlayır. 8 raunddan sonra hansısa nəticə əldə edilmir. Danışıqlarda mane yaradan məsələlərdən biri maliyyə vəsaitinin necə adlandırılmasıdır. Almaniya reparasiya sözündən istifadə edilməsinə qarşıdır. Hazırda tərəflər “barışıq və bərpa” terminin istifadə edilməsi üzrə müzakirələr aparır . 2017-ci ildə Namibiya bəyan etmişdir ki, Haaqa Beynəlxalq Məhkəməsi vasitəsi ilə Almaniyadan 30 mlrd dollar təzminat almaq istəyir.

11 Avqust 2020-ci ildə, Almaniya ilə Namibiya arasındakı potensial bir təzminat müqaviləsi ilə bağlı danışıqlardan sonra Namibya Prezidenti Hage Geingob Alman hökumətinin təklifinin "qəbuledilməz" olduğunu, Alman elçisi Ruprext Polenz isə "hələlik həll variantının ola biləcəyinə nikbin olduğunu" söyləyib.

Azvision.az




Teqlər: Almaniya   Holokost  





Xəbər lenti