YAP-çılar yürüş etdi

YAP-çılar yürüş etdi
  25 Fevral 2014    Oxunub:1306
YAP Gənclər Birliyi Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı yürüş keçirib.
Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar yürüş keçirib. Yürüşdə partiyanın 500 nəfərə qədər gənc üzvləri iştirak edib.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, hər il olduğu kimi bu il də soyqırımla bağlı silsilə tədbirlər keçirilir. Onun sözlərinə görə, YAP Gənclər Birliyi fevralın əvvəlindən başlayaraq «Xocalıya ədalət» şüarı ilə e-mail aksiyalarına başlayıb. «Bu aksiya çərçivəsində beynəlxalq təşkilataların, diplomatik korpusların, bir sıra ölkələrin nüfuzlu partiyalarının gənclər birliklərinin, tanınmış siyasətçilərin və parlamentarilərin elektron poçtlarına Xocalı həqiqətlərini əks etdirən məlumatlar göndərilir. Aksiyada partiyamızın yüzlərlə fəal gənci iştirak edir. Bu yürüşü keçirməklə də biz Xocalı soyqırımının qurbanlarının xatirəsini ehtiramla yad edirik. Eyni zamanda, dünya ictimaiyyətinin diqqətini bu soyqırımına cəlb etmək istəyirik»- deyə, S.Orucov vurğulayıb.

Qeyd edək ki, yürüş Ali Məhkəmənin binasının qarşısından başlayaraq «Xocalı harayı» abidəsinin önünə qədər davam edib. Yürüşdə gənclər Azərbaycan və ingilis dillərində «Xocalıya ədalət!», «Şəhidlər ölməz, Vətən bölünməz!» şüarlarını səsləndiriblər.

Yürüş «Xocalı harayı» abidəsinin önünə əklil qoyulması ilə başa çatıb. YAP Gənclər Birliyinin üzvləri abidəni ziyarət edərək Xocalı soyqırımının qurbanlarının xatirəsini böyük ehtiramla yad ediblər.


Teqlər:





Xəbər lenti