Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi ilə peyvəndlə bağlı sənəd qəbul etdi

  07 Mart 2021    Oxunub : 3462
Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi ilə peyvəndlə bağlı sənəd qəbul etdi
Martın 5-də Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına (QH) sədrliyi çərçivəsində təşkilatın Əlaqələndirici Bürosu bütün ölkələrin COVID-19 peyvəndinə əlverişli şərtlərlə, zamanında, bərabər və universal çıxışının təmin olunması barədə kommünike sənədini yekdilliklə qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən Azvision.az-a bildirilib ki, kommünikedə Qoşulmama Hərəkatına üzv ölkələr beynəlxalq gündəmin ən vacib məsələlərindən olan COVID-19 peyvəndinə dövlətlərin bərabər və ədalətli çıxışının təmin edilməsi məsələsinə, bu xüsusda inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasındakı qeyri-bərabərliyə diqqət yönəldiblər.

XİN-dən İrəvanın Hərbi Qənimətlər Parkı ilə bağlı bəyanatına cavab
Qoşulmama Hərəkatının üzvləri COVID-19-un sürətlə yayılmasının davam etməsi ilə bağlı dünyada dövlətlər arasında qeyri-bərabərliyin dərinləşməsindən, yoxsulluğun artmasından ciddi narahatlıqlarını ifadə edərək, pandemiyanın təsirlərini cavablandırmaq üçün qlobal səylərin gücləndirilməsində təşkilatın oynadığı önəmli rolu vurğulayıblar.

COVID-19-a cavab olaraq Qoşulmama Hərəkatının Kontakt Qrupunun yaradılması və 2020-ci il mayın 4 Zirvə görüşünün keçirilməsi, habelə sammitin qərarı əsasında üzv ölkələrin tibbi və humanitar ehtiyaclarına dair məlumat bazasının yaradılması və təşkilatın təşəbbüsü ilə BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr olunan xüsusi sessiyasının keçirilməsi qlobal təhdidlərin cavablamdırılması üçün çoxtərəfliliyin gücləndirilməsinə Qoşulmama Hərəkatının dəyərli töhfəsi kimi qeyd edilib.

Büro üzvləri COVID-19 əleyhinə peyvəndlərin yüksək gəlirli və az gəlirli ölkələr arasında paylaşılmasında qeyri-bərabərliyin olmasından ciddi narahatlıq ifadə ediblər. Belə ki, peyvənd başlanılandan bütün peyvəndlərin 90 faizi əksəriyyəti yüksək və orta gəlirli ölkələrdə cəmləşmiş, az gəlirli ölkələr isə peyvəndə çıxış əldə etməkdə geri qalırlar. Bununla əlaqədar olaraq, Büro inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin əlverişli şərtlərlə, bərabər və ədalətli şəkildə peyvəndlə təmin olunmasına çağırıb.

Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosu, həmçinin bütün beynəlxalq təşkilatları və aidiyyəti tərəfləri peyvəndlərin istehsalı, paylanması və ədalətli şəkildə qiymətləndirilməsində şəffaflığı təmin etməyə çağırıb.

Əlaqələndirici Büronun kommünike sənədini qəbul etməsi hazırda dünyanın üzləşdiyi ağır pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin səylərinə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin önəmli töhfəsidir.

Azvision.az

Teqlər: XİN