Xarici diplomatlar və hərbi attaşelər “Güləbird” SES-də - FOTOLAR

  06 Mart 2021    Oxunub : 3799
 Xarici diplomatlar və hərbi attaşelər “Güləbird” SES-də -  FOTOLAR
Martın 6-da Azərbaycandakı diplomatik korpusun rəhbərləri, hərbi attaşelər və jurnalistlər Laçın rayonuna səfər ediblər. Səfər Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilib.
Azvision.az xəbər verir ki, səfər çərçivəsində diplomatik korpusun rəhbərləri, hərbi attaşelər və jurnalistlər erməni vandallarının qədim yurd yerlərimizdə törətdiyi vəhşiliklər və cinayət izləri ilə tanış olublar.

Diplomatları və hərbi attaşeləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, ADA Universitetinin rektoru Hafiz Paşayev və digər rəsmi şəxslər müşayiət ediblər.

Səfər iştirakçıları Laçında “Azərenerji” ASC-nin "Güləbird" Su Elektrik Stansiyası ilə tanış olublar.



“Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev işğaldan azad edilən ərazilərin mövcud və perspektiv elektrik təchizatı barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyası bu il fevralın 15-də Prezident İlham Əliyevin iştirakı ilə işə salınıb. Erməni qəsbkarları işğal dövründə xislətlərinə uyğun olaraq digər yerlərdəki kimi, bu stansiyanı da darmadağın etmişdilər. Dövlətimizin başçısının tapşırığı ilə qısa müddət ərzində istismara verilən bu stansiya işğaldan azad olunmuş ərazilərdə infrastrukturun yaradılması və nəzərdə tutulan digər işlərin həyata keçirilməsi baxımından böyük önəm daşıyır.



“Güləbird” Su Elektrik Stansiyasının istifadəyə verilməsi tarixi və əlamətdar hadisədir. Bu, işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.













Azvision.az

Teqlər: “Güləbird”SES   Xaricidiplomatlar   hərbiattaşelər