“Prezidentimiz bizə ən böyük mükafatı verdi” - Novella Cəfərova
Bunu Azvision.az -a açıqlamasında 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə Prezident İlham Əliyev tərəfindən "Şöhrət" ordeni ilə təltif olunan hüquq müdafiəçisi Novella Cəfərova deyib.
"Bütün jurnalistlərə təşəkkürümü bildirirəm ki, bizim 30 illik işimizi işıqlandırıblar. Onun hesabına gündəmdə qalmışıq. Ordenə layiq görülməyimiz sevincli hissdir, bu işdə əməyi olan hər kəsə təşəkkür edirəm. Amma mənim üçün 80 yaşımda ən böyük mükafat Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun Qarabağı işğaldan azad etməsidir. Millətin birliyi, Qarabağın azad olunması ən böyük mükafatdır. Bu böyük mükafatı da Prezidentimiz millət, ordu ilə birlikdə bizlərə verdi. Qarabağı bizə qaytardığına görə Prezidentə təşəkkür edirəm".
Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibəti bir qrup qadına fəxri adlar verilib.
Aytən Zəhra
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev 8mart Fəxriad