YAP barışıq nümunəsinə çevrilir

 YAP barışıq nümunəsinə çevrilir
  05 Mart 2021    Oxunub:5025
Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayı keçirildi. Günün ən yadda qalan siyasi hadisəsi olan qurultayda diqqət çəkən məqamlardan biri bəzi partiyaların YAP-la birləşmək istəyi oldu.
Qurultayda Azərbaycanda fəaliyyət göstərən 6 siyasi partiyanın hakim Yeni Azərbaycan Partiyasına qoşulmasına dair qərar qəbul edildi. Bunlar Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokratik Sahibkarlar Partiyasıdır.

Azərbaycannda ilk dəfədir ki, bu sayda siyasi partiya həmrəylik nümayiş etdirərək digər güclü siyasi təşkilata birləşir. Bundan əvvəlki dövrün siyasi proseslərində bu cür yadda qalan hadisəyə, 6 partiyanın başqa bir partiyaya qoşulmasına rast gəlinməyib. Əksinə, özünü güclü sayan bəzi partiyalar olub ki, zaman-zaman qopmalarla yadda qalıblar.

Xatırladaq ki, Ümummilli lider Heydər Əliyevin yaratdığı hakim partiya tariximizin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ziyalıların təşəbbüsü və fəal iştirakı ilə təşəkkül tapıb. Bu gün Cənubi Qafqazın ən böyük siyasi təşkilat olan YAP-a bir sıra partiyaların qoşulması digər siyasi təşkilatların tarixi təcrübəyə malik partiya ilə birgə addımlamaq istəyindən qaynaqlanır.

Təəssüflə qeyd etməliyik ki, günümüzdə ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda cərəyan edən mürəkkəb və ziddiyyətli ictimai-siyasi prosesləri yenidən cəmiyyətimizə qaytarmağa çalışan müəyyən siyasi qüvvələr mövcuddur. Onların əsas əlaltılarından biri məhz həmin dövrdə xaotik durumun yaranmasına səbəb olan AXC-Müsavat cütlüyünün varislərindən sayılan Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır (AXCP). AXCP bu illər ərzində öz dağıdıcı, anti-milli fəaliyyətindən qalmadı, 90-cı illərin siyasi təfəkküründən əl çəkməyərək meydan hərəkatları, küçə mitinqləri ilə hakimiyyətə yiyələnmək yolunu əsas prioritet seçdi. Görünür, bu səbəbdəndir ki, ilbəil daha da zəifləyən bu təşkilat qalmaqallı keçmişi və xalq arasında itirilmiş nüfuzuna görə heç bir partiyanın hörmətini qazana bilmir.

Bu gün YAP başqa partiyaları birləşdirdiyi halda, AXCP-nin özü 10 partiyaya bölünüb. Klassik Xalq Cəbhəsi Partiyasından tutmuş, Bütöv Xalq Cəbhəsi Partiyası, eləcə də AXCP-dən ayrılan digər şəxslərin ayrı-ayrı siyasi təşkilatlara üz tutmasına qədər bu uğursuz düşərgənin ayaqları qopmuş ölü asminoqa bənzədiyini görə bilərik. Özünü hakim partiyaya alternativ sayan AXCP bu gün dialoq, birgə fəaliyyət tərəfdarı olan YAP-la müqayisə edilməyəcək dərəcədə nüfuzdan düşmüş, zəif siyasi qüvvə olduğunu nümayiş etdirir.

Azərbaycan cəmiyyətində hakim partiyaya olan müsbət münasibət dəyişməz olaraq qalır, partiyaya digər təşkilatların qoşulması isə siyasi həmrəyliyin, həmçinin YAP-ın barışıq nümunəsinə çevrilməsinin göstəricisidir. Bu məqamda ölkə başçısının hələ ötən ilin martında Milli Məclisdə çıxışı zamanı siyasi islahatların partiyalararası geniş dialoq aparılmadan mümkün olmaması barədə fikirlərini yada salaq:

“Deyə bilərəm ki, həm altıncı çağırış Milli Məclis bu sahədə, əlbəttə, öz sözünü deyəcək, eyni zamanda, Prezident Administrasiyasının nümayəndələri son vaxtlar demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Bir partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir. Bu təşəbbüs heç bir şərt qoymadan həyata keçirilir. Ancaq yenə də marginallaşmış və bütün dayaqlarını tam itirmiş dərnək tipli qruplaşma bu görüşdən imtina etdi. İmtina edib, indi özü bilər. Hər halda, uduzan biz olmayacağıq. Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq”.

Prezident çıxışında bildirmişdi ki, hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur: “Əgər biz doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, - biz bunu istəyirik və iqtidar partiyası kimi bunu təqdim edirik, - onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır”.

Ölkə başçısı, həmçinin diqqətə çatdırmışdı ki, həm seçkilər, həm də seçkilərdən sonra keçən dövr, iqtidar tərəfindən siyasi partiyalara yönəlmiş addımlar - bütün bunlar bizim mövcud siyasətimizin yeni mərhələsini əks etdirir: “Bu, bizim islahatçı kursumuzu əks etdirir”.

Azərbaycan artıq yeni siyasi mərhələyə qədəm qoyub və cəmiyyətimiz ölkədə formalaşan yeni siyasi konfiqurasiyada AXCP kimi dialoqdan, həmrəylikdən qaçan, zamanında bir neçə yerə parçalanmaqla nüfuzunu itirmiş siyasi dərnəyə ehtiyac duymur.

Bu gün digər sahələrdə olduğu kimi, siyasi müstəvidə də davamlı islahat vacibdir, bunun üçün siyasi partiyaların dialoqu, ümumilli məsələlərdə birgə fəaliyyəti, həmrəyliyi mühüm əhəmiyyətə malikdir. Ümumilikdə isə deyə bilərik ki, altı siyasi partiyanın YAP-a qoşulması həmrəyliyin, partiyanın barışıq nümunəsinə çevrilməsinin əyani sübutudur.

Tural Tağıyev
Azvision.az


Teqlər: YAP   AXCP   Qurultay  





Xəbər lenti