“Suraxanı” tanker-muzeyi ziyarətə açılacaq

 “Suraxanı” tanker-muzeyi ziyarətə açılacaq
  05 Mart 2021    Oxunub:3778
"Suraxanı" tanker-muzeyinin qapıları yaxın günlərdə ziyarətçilərin üzünə açılacaq.
Bu barədə Azvision.az -a "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat katibi Mehman Mehdiyev məlumat verib.

O bildirib ki, muzeyi ziyarət qaydaları, qiymətlər haqqında da əlavə məlumat veriləcək:

"Dünyada ilk tanker-muzeyin Bakıda fəaliyyət göstərməsi yerli sakinlər və gündən-günə artan turistlərə Xəzərin və ölkəmizdə Gəmiçiliyin tarixi, qəhrəman dənizçilərimizin rəşadətli əməyi ilə yaxından tanış olmaq imkanı qazandıracaq. “Suraxanı” gəmi-muzeyi qədim dənizçilik ənənələrinə malik müasir Azərbaycanın keçmişi ilə gələcəyi arasında körpü rolunu oynayacaq. Eyni zamanda bu muzey tarixilik və müasirliyi özündə sintez edən paytaxt Bakımızın yeni simvollarından birinə çevriləcək. Şəhid ailələri, Vətən müharibəsinin iştirakçıları, eyni zamanda onların ailə üzvləri üçün muzeyə giriş ödənişsiz olacaq".

M.Mehdiyev bildirib ki, muzey qismində “Suraxanı” tankerinin seçilməsi heç də təsadüfi deyil. Bu gəmi öz dövrü üçün ən iri və müasir tankerlərdən biri olub.

"Bir zamanlar Xəzərdə üzən "Suraxanı" gəmisi dünyanın ilk tankeri “Zoroastr”-la əsası qoyulan Azərbaycanın dənizlə neftdaşıma tarixində mühüm rol oynayıb. Uzunluğu 123.5 metr, dedveyti isə 4696 ton olan “Suraxanı” tankeri Xəzər dənizində 1957-ci ildən istismara verilən “Mühəndis A.Pustoşkin” tipli gəmidən biridir.

Qeyd edək ki, son dövrlər gəmiçiliyin tərkibində neft təmizləyici stansiya qismində istismar edilən “Suraxanı” tankerinin muzeyə çevrilməsi ilə bağlı qərar 2017-ci ildə verilib. 2021-ci il martın 1-də Bakıda “Suraxanı” tanker-muzeyin açılışı olub. Dünyada ilk dəfə yaradılan bu muzeyin açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Azvision.az


Teqlər: Tanker-muzey  





Xəbər lenti