“Vətən üçün canımızı fəda etməyə getmişdik” - Qarabağ qazisi

 “Vətən üçün canımızı fəda etməyə getmişdik” -  Qarabağ qazisi
  05 Mart 2021    Oxunub:3293
44 günlük Vətən müharibəsində qəhramanlıq göstərənlərdən biri də 28 yaşlı Sumqayıt şəhər sakini İlkin Qəmbərovdur. Müharibə başlayanadək özəl şirkətdə fəhlə işləyən 2 yaşlı qız atası İlkin ordu sıralarına könüllü yazılıb.
Azvision.az -a döyüş yolu barədə danışan İ.Qəmbərov sentyabrın 30-da ona çağırış gəldiyini və oktyabrın 1-də döyüş bölgəsinə yollandığını deyib.

“Vətən torpaqlarının azad olunmasında iştirak edəcəyim üçün çox sevincli idim. Ailəmlə, atamla sağollaşdım. Ailəmi atama əmanət edib, müharibəyə yollandım. Tərtər-Ağdərə istiqamətində döyüşmüşəm. Əsgərlikdə top komandiri olmuşam. Lakin burada məni quru qoşunlarında saxladılar. Oktyabrın 6-da döyüş zamanı mərminin düşməsi nəticəsində yaralandım. Mərminin dalğası nəticəsində başımdan travma aldım. Sağ qulağım eşitmə qabiliyyətini itirdi, sol qulağım da zəif eşidir. Sağ gözümün görməsi zəifləyib. Lakin əvvəllər baş ağrısından başqa heç nə hiss etmirdim. Bu haqda heç kimə də məlumat vermədim. Ağrıkəsicilər içərək döyüşə davam etmişəm. Ağdərə istiqamətində oktyabrın 15-ə qədər döyüşdük. Lakin sonradan bizi müdafiədə saxladılar”.

İlkin səhhətində problemlərin olduğunu sonradan hiss etdiyini söyləyib.

“Döyüş yoldaşımla axşam qulluqda idik. Qulağımın eşitmədiyini o danışan zaman bildim. Xidmət yoldaşım danışır, mən isə eşitmirdim. Qayıdandan sonra bəzi xəstəxanalarda oldum. YAŞAT Fondundan gəlib mənimlə maraqlandılar. Qulağımın eşitməyinin bərpası mümkün deyil. Bunu Fond da təsdiqlədi. Yalnız əməliyyatla mümkün olar. Bu isə birbaşa beyinlə əlaqəli olduğu və fəsadların qala biləcəyi üçün risklidir. Vətən üçün biz canımızı fəda etməyə getmişdik, bir qulaq nədir ki?! Vətən sağ olsun. Biz şəhidliyi gözləyirdik, qismət olmadı. Mənim atam da Birinci Qarabağ müharibəsində iştirak etmiş II qrup əlildir. Başıma görə müalicələrim davam edir. Sumqayıt Reabilitasiya Mərkəzində bizə yaxşı baxırlar. Burada həm də psixoloji yardım alıram".

Aytən Zəhra
Azvision.az


Teqlər: Vətən-müharibəsi  





Xəbər lenti