“Partlayışın dalğası məni digər minanın üstünə tulladı” - Qəhrəman qazimiz (FOTOLAR)

  04 Mart 2021    Oxunub : 5672
 “Partlayışın dalğası məni digər minanın üstünə tulladı” -  Qəhrəman qazimiz (FOTOLAR)
44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri də Qusar rayonunun Yuxarı Zeyxur kənd sakini Zamir Qədimovdur. 15 ilə yaxın hərbi xidmətdə olan çavuş 3 uşaq atasıdır. O, istehkamçı manqa komandiri kimi Tərtərdə yerləşən müxtəlif hərbi hissələrdə xidmət edib.
Vətən müharibəsindəki döyüş yolu barədə Azvision.az -a danışan Zamir düşmənin təxribatına cavab olaraq sentyabrın 27-də əks-hücuma başladıqlarını deyib.

Cəsur döyüşçü üç istiqamətdə ermənilərin mühəndis istehkamlarını yardıqlarını söyləyib: “Həmin gün Goranboyun Tapqarayonlu kəndində sol istiqamətdə düşmənin 50 metrliyində olan postu kəşfiyyatla birlikdə yardıq və oranı götürdük. 3 nəfər kəşfiyyatdan şəhid oldu, 6 nəfər yaralandı. Onların hər birini özüm əsgərlərimlə birlikdə çıxardım. Birinci postu alandan sonra yenidən irəlilədik. Minaları təmizləmək üçün partlayışdan istifadə edib, keçid açdıq. Daha sonra əmr gəldi ki, “Polad” postuna gedək. Bu post şəhid olmuş general Polad Həşimovun adını daşıyır. Orada düşmənin 4 yerdən mühəndis istehkamlarını yardıq və Laçına yol açdıq”.



Zamir düşmənin istehkam maneələrini tam yarandan sonra Murov istiqamətində getmək tapşırığı aldıqlarını bildirib:

“Murov istiqamətində düşmənin yenidən təxribat törətdiyi qeyd edildi və ora getməyimiz barədə əmr gəldi. Şəxsi heyəti götürüb, Murov istiqamətinə qalxdıq. Orada biz minaları təmizləməklə yanaşı, gecə ilə düşmənə qarşı mina istehkamları qurmuşduq. Oktyabrın 2-si hava dumanlı idi. Gülüstan meşəsində minaları təmizləyirdik. Bu zaman düşmən tərəfindən mərmi atıldı. Orada minalar xırda və yüngül olduğundan bəzən yerlərini dəyişə bilir. Yarpaqların arasında minanı görmədik. Əsgər Məhəmməd Yusifli ayağını minaya basmaqla şəhid oldu. Mina partlayışının dalğası məni digər minanın üstünə tulladı. Sağ ayağım topuqdan qoparaq düşdü. Şəhidlə birlikdə bizi aşağı düşürdülər. Şəhidi Qax rayonuna yola saldılar. Məni isə Çinar sanatoriyasına apardılar, ayağım amputasiya olundu. Daha sonra Gəncəyə təxliyə edildim, ardınca Bakıda özəl klinikaların birində tam müalicə alaraq evə buraxıldım”.



Z.Qədimov qeyd edib ki, müharibə zamanı Suqovuşan, Talışkənd, Murov istiqamətlərində düşmənin mühəndis istehkam maneələrinin hamısını məhv edib, kəşfiyyat, quru, piyada qoşunları və digər artilleriya bölmələri üçün yol açıblar.

“Düşmən minalarla özünün təhlükəsizliyini təmin etməyə çalışırdı. Lakin bizlər onları tapır və quru qoşunları, artilleriya üçün yol açırdıq. Biz minaları təmizləməklə yanaşı, düşməni pusquya salmaq üçün mina sistemləri qururduq. Biz öndə gedənlərdən olmuşuq. Murovdağ istiqamətində qurduğum mina istehkamları nəticəsində düşmənin 10 nəfərdən çox şəxsi heyəti məhv olmuşdu, bir zirehli texnika yarasız hala düşmüşdü.

Müharibə başlayandan əhali arasında yüksək əhval-ruhiyyəni biz də hiss edirdik. Təminat yüksək səviyyədə idi. Komandirlərimiz deməzdi ki, “İrəli”, deyərdi “Ardımca”. Hamımız böyük əhval-ruhiyyə ilə irəliyə gedirdik. Şəhid olmağı düşünürdüm, qazi olaraq gəldim. Sonadək döyüşlərdə qalmaq istəyərdim, qismət olmadı”.



Hazırda Sumqayıt Reabilitasiya Mərkəzində müalicə qazi ona göstərilən münasibətdən razılığını ifadə edib:

“Burada 8 gündür müalicə alıram. 2 gündən sonra çıxacağam, Bakıya dəvət olunmuşam. Orada protezlə bağlı ölçülər götürüləcək və yüksək səviyyəli protezlə təmin olunacağam".

Qeyd edək ki, müsahibimiz “Cəsur döyüşçü”, “İgidliyə görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.









Aytən Zəhra
Azvision.az

Teqlər: Vətən-müharibəsi   Qazi