Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq müzakirə olundu - VİDEO

   Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq müzakirə olundu -    VİDEO
  03 Mart 2021    Oxunub:2435
Martın 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, əvvəlcə qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklil və gül dəstələri qoyub.



Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərəsimi keçirilib. Qonaq fəxri qarovulun önündən keçdikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq general Nadim Raza “Şərəf kitabı”nı imzalayıb.

Hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edildiyi görüşdə xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın, eləcə də Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.



Müdafiə naziri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı altında Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatdı və torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Ordusu tərəfindən keçirilmiş uğurlu hərbi əməliyyatlar haqqında qonağa məlumat verən nazir bildirib ki, Ordumuzun bu müharibədə qazandığı döyüş təcrübəsi bir çox dünya ölkələrinin orduları və beynəlxalq hərbi ekspertlər tərəfindən öyrənilir.



Azərbaycan-Pakistan hərbi əməkdaşlığının inkişaf etməsindən məmnunluğunu ifadə edən general-polkovnik Z.Həsənov Azərbaycanın ədalətli mövqeyini bütün səviyyələrdə, o cümlədən beynəlxalq təşkilatlarda dəstəklədiyinə, həmçinin ölkəmizə göstərilən humanitar yardıma və mənəvi dəstəyə görə Pakistan rəhbərliyinə və xalqına minnətdarlığını ifadə edib.
Dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını deyən general-polkovnik Z.Həsənov bu cür görüşlərin qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından vacibliyini xüsusi vurğulayıb. Öz növbəsində Pakistan Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Vətən müharibəsində qazanılan qələbə və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.



Xalqlarımız arasında tarixən dostluq əlaqələrinin olduğunu qeyd edən general N.Raza bu münasibətlərin digər sahələrdə olduğu kimi ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın da inkişafına böyük töhfə verdiyini bildirib.

Səmimi qəbula görə minnətdarlığını ifadə edən general N.Raza azad edilmiş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesində pakistanlı mütəxəssislərin də iştirak etməyə hazır olduğunu bir daha diqqətə çatdırıb. General həmçinin iki ölkənin hərbi sahədə əməkdaşlığının keyfiyyətcə yeni müstəviyə çıxarılması üçün kifayət qədər geniş potensialın olduğunu bildirib.

Tərəflər hərbi əlaqələrin hər iki ölkənin maraqlarına cavab verdiyini əsas gətirərək bu sahədə səylərin daha da artırılmasının zəruriliyini qeyd ediblər. Hərbi əməkdaşlığın əsas istiqamətlərinin müzakirəsi zamanı Azərbaycan Ordusu ilə Pakistan Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin, o cümlədən xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi ilə birgə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkili və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

















Azvision.az


Teqlər:





Xəbər lenti