300-dən çox Vətən müharibəsi qazisinin protezə ehtiyacı var

 300-dən çox Vətən müharibəsi qazisinin protezə ehtiyacı var
  03 Mart 2021    Oxunub:3727
Artıq 15 qazi yüksək texnologiyalı protezlə təmin olunub, 10 nəfər protezləşdirməyə hazırlıq məqsədilə reabilitasiya mərhələsindədir.
Bunu Azvision.az -a Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya və İstehsalatın Təşkili Departamentinin direktoru Çingiz Hacıyev deyib.

Onun sözlərinə görə, daha 30 qaziyə protezlərin qoyulması üçün ölçülər götürülüb: “Bu proses davamlı olaraq gedir. Qazilər ən müasir protezlə təmin olunacaqlar. Həmin protezlər dünyada 1 və 2-ci səviyyəli protez istehsalçıları tərəfindən istehsal olunur”.

Departament direktoru bildirib ki, ümumi hesablamalara əsasən, 300-dən çox Vətən Müharibəsi qazisinin protezləşdirməyə ehtiyacı var, amma bu say arta bilər.

“Qazilərin əsasən, aşağı ətrafları amputasiya olunduğundan həmin hissələrin protezləşdirilməsinə ehtiyac var. Qazilərimizin çoxu minaya düşərək aşağı ətraflarını –dizdən aşağı və dizdən yuxarı hissələrini itiriblər. Dizdən aşağı hissə amputasiya edildikdə protezləşdirmənin daha tez olması mümkündür. Çünki insanın diz oynağı böyük funksiya yerinə yetirir. Amma dizdən yuxarı hissə amputasiya edildikdə, artıq diz oynağı da sifariş olunmalıdır. Bu, həmin adamın çəkisinə, boyuna uyğunlaşdırılmalıdır. Bunlardan əlavə, həmin şəxs protezi daşımağı da öyrənməlidir”.

Ç.Hacıyev, həmçinin qeyd edib ki, əlillik statusu olmayan insanlar reabilitasiya prosesinə cəlb edilmir, qanunvericlikdə bununla bağlı məhdudiyyət var: “Biz yalnız əlillik statusu olan şəxslərə stasionar reabilitasiya xidməti göstəririk. Amma bu məhdudiyyətə baxmayaraq, hələ əlillik statusu almayan qazilərin də reabilitasiya xidmətlərinə cəlbi üçün imkanlardan maksimum şəkildə istifadə edilib. Hərbi Hospitalda müalicə dövründə ambutasiya olunmuş qazilərin siyahısı əldə edilib. Onların orada müalicəsi aparılarkən bizim tərəfimizdən protezləşdirmə üçün hazırlıq işləri görülürdü”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Qazi   Protez  





Xəbər lenti