Mətbuat Şurası şəhid jurnalistləri andı

Mətbuat Şurası şəhid jurnalistləri andı
  22 Fevral 2014    Oxunub:1030
Azərbaycan Mətbuat Şurası (MŞ) Xocalı faciəsinin ildönümü ərəfəsində şəhid jurnalistlərin xatirəsinin anılması ilə bağlı tədbir keçirib. Şuranın Ahıl Jurnalistlər Məclisinin (AJM) təşəbbüsü ilə baş tutan tədbirdə MŞ-nin İdarə Heyətinin və AJM-nin üzvləri, veteran qələm sahibləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mətbuat Şurasından AzVision.az-a bildiriblər ki, tədbirdə AJM-nin sədri, Əməkdar Jurnalist Yusif Kərimov ömrünü-gününü jurnalist peşəsinə sərf etmiş şəxslərin, həmçinin dünyasını dəyişmiş jurnalistlərin xatirəsinin anılması tədbirlərinin təşkilinin artıq ənənəyə çevrildiyni demişdir. Bildirilmişdir ki, Xocalı faciəsinin ildönümü ərəfəsində şəhid jurnalistlərin xatirəsini anmaq üçün belə bir tədbirin təşkili onların keçdikləri şərəfli ömür yoluna nəzər salmaq, mənəvi borc olmaqla yanaşı, gələcək nəsillər üçün də örnəkdir.

“İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə Şuranın Qarabağ mövzusu və Xocalı faciəsini hər zaman diqqət mərkəzində saxladığını vurğulamışdır. Bildirilmişdir ki, qurum müxtəlif illərdə bu mövzuda jurnalistlər arasında yazı müsabiqələri təşkil etmiş və bir neçə gün öncə internet xəbər portallarının Qarabağ mövzusuna diqqətini artırmaq üçün xüsusi layihəyə start verilib.

Qeyd edilib ki, mövzunu daim diqqət mərkəzində saxlamaq ümumən ictimaiyyətin Qarabağ münaqişəsi ilə bağlı səfərbər edilməsinə dəstək nöqteyi-nəzərdən əhəmiyyətlidir.

Tədbirdə çıxış edənlərdən “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, şəhid jurnalist Osman Mirzəyevin qızı Lalə Mirzəyeva, 20 Yanvar və Xocalı faciələri ilə bağlı xaricdə yayılmış kitabların və məqalələrin müəllifi, Əməkdar Jurnalist, yazıçı-publisist Vasif Səmədov, MŞ AJM-nin sədr müavini, Əməkdar Jurnalist, “Səhər” qəzetinin baş redaktoru Məzahir Süleymanzadə, Xocalı videoxronikasının müəllifi, hərbi teleoperator Seyidağa Mövsümov, şəhid jurnalist Fəxrəddin Şahbazovun həyat yoldaşı Nəsibə Şahbazova, Azəri Press Agentliyinin baş direktoru Nurşən Quliyev, Qarabağ müharibəsinin iştirakçısı olmuş jurnalistlər - Rey Kərimoğlu və Kamal Əli şəhid jurnalistlərin ömür yolunun işıqlandırılmasını nəzərdə tutan tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.


Teqlər:





Xəbər lenti