Millət vəkili “5-ci Kalon”un fəaliyyətindən yazdı

  28 Fevral 2021    Oxunub : 4685
Millət vəkili “5-ci Kalon”un fəaliyyətindən yazdı
Azərbaycandakı söyüş kampaniyası 5-ci kalonun illər boyu nəzarət etdiyi, “yemlədiyi” sosial şəbəkə və bəzi vətəndaş cəmiyyəti “qəhrəmanlarının” əli ilə həyata keçirilir.
44 günlük müharibədəki möhtəşəm qələbəmizi həzm edə bilməyən məlum qüvvələr, onların Azərbaycandakı agentura şəbəkəsi – 5-ci kalon nümayəndələri Qələbədən az sonra bu Qələbənin dəyərini aşağı salmaq üçün şərəfsiz taktiki xətt götürdülər. Əvvəl-əvvəl “biz niyə Xankəndiyə, Xocalıya girmədik?”, “Biz niyə İrəvana qədər getmədik?” deyərək haray-həşir qopartdılar, Qələbəmizi inkara qalxdılar, hətta “şəhidlərimizin qanı yerdə qaldı” deyərək xalqı ayağa qaldırmağa çalışdılar.

Bir buradakı bu şərəfsizlər, bir də İrəvandakı ermənilər 10 noyabr müqaviləsinin şərtlərini şübhə altına almağa, təftiş etməyə başladılar. Gördülər onların bu yalanlarına heç kəs inanmadı, gördülər Azərbaycanın 44 günlük müharibədəki qələbəsinin möhtəşəmliyini bütün dünya, hətta məğlub ermənilər belə etiraf edir, onda “taktikalarını” dəyişdilər. Bu dəfə şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının “problemlərini” qabartmağa cəhd göstərdilər, ayrı-ayrı bölgələrdəki neqativ halları arayıb-axtarıb ictimailəşdirməyə, bunu kütləvi narazılığa çevirməyə çalışdılar. Dövlətin şəhid ailələri, yaralılar və müharibə iştirakçıları, onların sosial müdafiəsi, sosial problemlərinin həlli ilə bağlı bir-birinin ardınca qəbul etdiyi qərarlar, atdığı addımlar həmin antimilli qüvvələrin planlarını yenə alt-üst etdi.

Lakin bu şərəfsizlər yenə dayanmadılar, sosial gərginlik yaratmaq, xalqın həssas təbəqələrini dövlət qurumları ilə qarşı-qarşıya qoymaq üçün yeni-yeni çirkin metodlara əl atdılar, ayrı-ayrı ziyalıları, deputatları, məmurları hədəfə götürdülər, bilərəkdən əsassız böhtanlar, şayiələr yaydılar. Həm də bu işi kişi-qadın demədən, heç bir axlaq-tərbiyə gözləmədən, Azərbaycan xalqının mənəviyyatına yaraşmayan deyim və ifadələrlə etdilər. Müharibədən əvvəl xaricdəki söyüş, təhqir kompaniyasını Azərbaycana transfer etdilər. Dəst-xətdən aydın görünür ki, xaricdəki söyüş kompaniyasına kim rəhbərlik edirdisə, ölkədəki bu şərəfsiz, alçaq kompaniyaya da həmin şəxslər rəhbərlik edir. Həm də bu kompaniyanı həmin 5-ci kalonun illər boyu nəzarət etdiyi, “yemlədiyi” sosial şəbəkə və vətəndaş cəmiyyətinin bəzi “qəhrəmanlarının” əli ilə həyata keçirirlər.

Həm də maraqlıdır ki, Ermənistandakı siyasi vəziyyət gərginləşdikcə burada da aranı daha çox qarışdırmağa çalışırlar. Sanki bu yolla Ermənistandakı “qardaşlarına” dəstək verirlər. Bu, bir daha sübut edir ki, Cənubi Qafqazdakı belə proseslər bir mərkəzdən idarə olunur, həm də Azərbaycandakı sabitliyi istəməyən, Ermənistanda revanşist qüvvələr hakimiyyətə gələrsə, Azərbaycanın öz suveren ərazilərini müdafiə üçün hərəkətə keçə biləcəyini istəməyən qüvvələr tərəfindən idarə olunur.

Lap sonda hərbçilərin maaşlarının azaldılması ilə bağlı “deputat çağırışları” kimi uydurma, cəfəng bir informasiya ortaya atıldı. Halbuki Milli Məclisin elə iclası olmaz ki, əhalinin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı bu və ya digər qanun layihəsi müzakirə və ya qəbul edilməsin. Hərbçilərimizin maaşlarının azaldılması yox, artırılması məsələsi Milli Məclisin tribunasından dəfələrlə səsləndirilmişdir.

Müharibədən sonrakı dövr üçün bütün bu halları təhlil edərək belə hesab edirəm ki, düşmənlə hələ də qarşı-qarşıya olduğumuz indiki dövrdə bu gün daxilimizdəki belə şərəfsiz, antimilli qüvvələrin qarşısı ən qəti şəkildə alınmalıdır. Dövlətin imicinə, xalqın həmrəyliyinə, xalqla dövlətin birliyinə xələl gətirən heç bir qüvvəyə, heç bir təşkilata, heç bir şəxsə güzəştə gedilməməlidir. Çünki Azərbaycanın bugünkü taleyi üçün biz hamımız tarix qarşısında məsuliyyət daşıyırıq.

Əziz Ələkbərli
Milli Məclisin deputatı

Teqlər: ƏzizƏləkbərli   Millətvəkili   5-cikalon