Mətbuat konfransındakı önəmli məqamlar: Prezident bütün suallara aydınlıq gətirdi - ŞƏRH

  27 Fevral 2021    Oxunub : 2675
Mətbuat konfransındakı önəmli məqamlar:  Prezident bütün suallara aydınlıq gətirdi -  ŞƏRH
Prezident İlham Əliyevin dünən, Xocalı soyqırımının 29-cu ildönümü günündə xarici və yerli media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı bir sıra unikal və mühüm məqamlarla yadda qaldı.
Ölkə başçısı 4 saatdan çox davam edən mətbuat konfransında yüksək diplomatik məharət, natiqlik nümayiş etdirməklə, bütün aktual məsələlərə məntiqli, faktlar əsasında münasibət bildirdi. Prezident aparıcı xarici media orqanlarının diqqətini növbəti dəfə Ermənistanın Azərbaycana qarşı soyqırım siyasətinə yönəltdi. Bu isə informasiya cəbhəsində ölkəmizin mövqeyinin daha da gücləndirilməsi baxımından olduqca əhəmiyyətli addımdır.

Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan mətbuat konfransının detallarını Azvision.az –a şərh edən politoloq Sahil İskəndərov deyib ki, dünən Prezident bir çox vacib məqamlara aydınlıq gətirdi. Mətbuat konfransında əsas diqqət Xocalı soyqırımı və Ermənistanın 30 il davam edən işğalçılıq siyasəti, onun törətdiyi fəsadlara yönəlmişdi.

“Prezidentin 35 ölkədən olan 50-dən çox jurnalistin iştirakı ilə təşkil olunmuş müsahibəsi indiyədək görünməmiş müddəti - 4 saatdan artıq bir vaxtı əhatə etdi. Burada xüsusən bir unikallıq da ondan ibarət idi ki, ölkə başçısı 4 dildə açıqlamalar verdi. Mətbuat konfransı xeyli diqqətçəkən məqamlarla yadda qaldı. Prezident öz müdrik, illərin təcrübəsinə söykənən cavabları ilə bütün Azərbaycan reallıqlarını əhatə etməyi bacardı. Pandemiyadan tutmuş, Vətən müharibəsi, Qarabağ münaqişəsi adlı artıq tarixə qovuşmuş hadisələrə kimi bütün suallara detallarına, incəliklərinə qədər aydınlıq gətirdi. Məhz bu müsahibənin unikallıqlarından biri də bu idi. Ölkə başçısı heç bir sualdan yayınmadan çoxşaxəli və ətraflı cavablar verdi”.



Sahil İskəndərovun sözlərinə görə, bütün dünyanın canlı izlədiyi mətbuat konfransında ən önəmli məqamlardan biri bu tədbirin Xocalı soyqırımının 29-cu ildönümü günü təşkil edilməsi idi. Belə bir gündə informasiya cəbhəsində önə çıxmaq mühüm amil sayılmalıdır:

“Onsuz da Azərbaycan son illər soyqırımla bağlı həqiqətlərin dünyaya çatdırılması və onun artıq dünya ictimaiyyəti tərəfindən qəbul edilməsi yolunda çox iş görüb. Xüsusilə də bu kontekstdə Leyla xanım Əliyevanın rəhbərlik etdiyi “Xocalıya Ədalət” kampaniyası ilə xeyli müsbət, effektiv işlərin görüldüyünü müşahidə edirdik. Xocalı soyqırımı artıq 13 dövlət tərəfindən tanınıb, ABŞ-ın 22 ştatı bunu qəbul edib.

Dünən isə Prezident mövzuya dair çox qətiyyətli şəkildə çıxışlar etdi. Onun soyqırım ilə bağlı fikirlərində Azərbaycanın bu yöndə apardığı uğurlu siyasət, Xocalının bütün dünya tərəfindən tanınması kontekstində xalqımızın bundan sonra atacağı addımlar, ümumilikdə görülən işləri boşuna sadalanmadı. Bildiyiniz kimi, indiyə kimi tarixin müxtəlif dövrlərində Azərbaycan xalqına qarşı bir neçə soyqırımı törədilib. Bəlkə də Xocalıda olan qırğınlar onların arasında ən zəifi idi. Bəli, nə qədər təəccüblü səslənsə də, itkilər baxımından bu belədir. Amma imperiyalar həmin ötən əsrin əvvəllərində və digər tarixlərdə baş vermiş soyqırımları dünyaya tanıtmağa, bunların üzərində dayanmağa imkan vermədi. Azərbaycan Prezidentinin dünənki çıxışı həm də onu göstərdi ki, biz bu 29 il ərzində soyqırımın dünyaya olduğu kimi çatdırmaq baxımından çox işlər görmüşük. Bu müddətin özü də əslində indiki və gələcək nəsillərimizə bir mesaj idi. İnsanlar çox vaxt düşünürlər ki, hər şey tez zamanda öz həllini tapmalıdır, dünya iki-üç ayın içində faciəni tanımalıdır və s. Ölkə başçısı müəyyən tarixi və siyasi məqamları sadalamaqla göstərdi ki, heç vaxt ruhdan və həvəsdən düşmək lazım deyil. Sadəcə olaraq bu problem bir günə, bir ilə, hətta iki-üç ilə də həll olunmur. Yəni belə məsələlərin üzərində ardıcıl şəkildə, uzun müddət işləmək lazımdır. Bu baxımdan azərbaycanlıların heç vaxt əlləri təbliğatı işlərdən soyumamalıdır. Prezidentin mövzu ətrafında olan belə fikirləri yalnız bu günə yox, gələcək nəsillərə də bir mesaj idi”.



Politoloq onu da vurğulayıb ki, məhz Xocalı soyqırımı günündə Prezidentin xalqımızın heç vaxt ərazi itkiləri ilə barışmayacağı məsələsini bir daha gündəmə gətirməsi beynəlxalq aləmə ünvanlanmış mühüm mesajdır. Eyni zamanda Prezident xalqımızın Vətən müharibəsində öz gücünə ərazi bütövlüyünü bərpa etməsini və bu gündən sonra Azərbaycanın regionda ən güclü dövlət olduğunu, yeni geosiyasi reallıq yaratdığını bir daha ortaya qoydu:

“Burada bir xüsusi nüansa da diqqət yetirmək istərdim. Mətbuat konfransında bir çox incə məqamlar oldu. Azərbaycan rəhbəri indiyə qədər xeyli müsahibə vermişdi. Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsi dövründə də ölkə başçısının uğurlu və informasiya savaşında üstünlüyü bizim üzərimizə çevirən müsahibələri oldu. Dünya 30-dan artıq belə müsahibəni dinlədi. Hələ həmin dövrdə İlham Əliyev Ali Baş Komandan kimi həm də özünün necə bir virtuoz həmsöhbət, müsahib olduğunu göstərmişdi. Bəs dünən nə baş verdi, başqa hansı yenilik diqqəti çəkdi? Prezident onu da göstərdi ki, əslində bizim mediamız, media-Prezident münasibətləri, ölkə rəhbərinin jurnalistlərə əlçatanlığı hansı səviyyədədir. Prezident hər bir azərbaycanlının lideri kimi xalqımızın iqtisadi-sosial problemlərini həll etməsi ilə seçilirdi. Ali Baş Komandan kimi isə Silahlı Qüvvələrimizlə ölkəmizin ərazi bütövlüyünü təmin edib, düşmənə necə zərbələr endirmək gərəkdiyini göstərmişdi. Dünən isə mətbuat konfransında göstərdi ki, Prezident eyni zamanda həm də media komandanıdır. Bu, yeni bir reallıq idi. Bu reallıq dünən özünü daha aşkar şəkildə ortaya qoydu. Düşünürəm ki, dünənki müsahibənin unikal məqamlarından biri də Prezidentin mediamıza gözəl bir ənənə nümayiş etdirməsi oldu. Bizim KİV bir məqama da diqqət yetirməlidir. Medianın komandanı bu cür yüksək peşəkarlıq, məharət, xüsusən də diplomatik məharət göstərirsə, hamımız o səviyyə ilə ayaqlaşmalıyıq. Yəni fərqli dönəmə qədəm basdıq, dünənki müsahibə ilə mediamızın üzərinə yeni missiya qoyuldu. Tədbirdə 35 dövlət təmsil olundu ki, onlar da sıradan nümayəndələr deyildilər. Həmin dövlətlərin təmsilçilərinin verdiyi suallarla bağlı cavablar onların öz ölkələrində geniş yayılır. Bu isə o deməkdir ki, Prezident bütün dünyaya aşkar şəkildə Azərbaycanın bundan sonra hansı addımlar atacağını və regionda, ümumiyyətlə bütün dünyada nəyi istədiyini, hansı tələb və reallıqları ortaya qoyduğunu göstərdi. Belə müsahibələr, obrazlı şəkildə desək, forumlar bu cür mesajların çatdırılması üçün vacibdir”.



Politoloqun sözlərinə görə, ölkə başçısı əcnəbi jurnalistlər önündə uğurlu şəkildə dövlətin, xalqın prioritet istiqamətlərini, vəzifələrini ortaya qoydu, bunu onlayn formada dünyaya çatdırdı. Əksər jurnalisti maraqlandıran regionda bundan sonrakı sülh prosesləri məsələsinə gəldikdə isə, Prezident burada da diplomatik məharətindən istifadə edərək konkret cavablar verdi:

“Ölkə başçısı regionda sabitliyin birmənalı şəkildə bərqərar ediləcəyi mesajını verdi. Əgər kimlərsə başqa fikirlərə düşəcəksə, konkret olaraq bilməlidirlər ki, Azərbaycanın yolu birdir və ölkəmiz buna imkan verməyəcək. Prezident xüsusi olaraq qeyd etdi ki, biz indiyə kimi Ermənistanın təcavüzkar siyasətinə dəstək verən havadarların “xeyir-duası” nəticəsində yaşanmış düşmənçilik səhifəsini bağlayıb, həmin kitabda yeni bölümü- sabitlik və təhlükəsizlik səhifəsini yazmağa başlayırıq. Hansı yöndən baxsan, müsahibə hər mənada uğurlu və əksər dövlət başçısına nümunə göstəriləcək formada təşkil olundu”.

Tural Tağıyev
Azvision.az

Teqlər: Prezident   Müsahibə   Politoloq   Xocalı