Xocalıya da qayıdacağıq, sülhməramlılar müvəqqətidir - Prezidentdən mühüm mesajlar

Xocalıya da qayıdacağıq, sülhməramlılar müvəqqətidir -  Prezidentdən mühüm mesajlar
  27 Fevral 2021    Oxunub:8395
Fevralın 26-da Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı mühüm məqamlarla yadda qaldı.
Əvvəlcə ölkə başçısı jurnalistləri Xocalı faciəsi haqqında məlumatlandıraraq dedi ki, bu soyqırımı törədən hərbi cinayətkarların çoxu ikinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilib. Prezident Xocalıda baş verən faciənin Ermənistan faşizminin təzahürü olduğunu söyləyərək soyqırımın dünya ictimaiyyəti tərəfindən tanındığını qeyd etdi.



Canlı bağlantı formatında qurulan mətbuat konfransında yerli və əcnəbi jurnalistləri maraqlandıran bir sıra suallar oldu ki, ölkə başçısı onları dolğun şəkildə və faktlara söykənən arqumentlərlə cavablandırdı.

Xocalı soyqırımının 29-cu ildönümü günündə xeyli sayda əcnəbi jurnalistin iştirakilə belə mətbuat konfransının keçirilməsi Azərbaycan üçün tarixi hadisədir. İlk dəfə idi ki, ölkə başçısı canlı yayımda dünyanın müxtəlif media orqanlarını təmsil edən 50-dən çox jurnalistin qatıldığı və 4 saatdan çox çəkən mətbuat konfransında müxtəlif istiqamətləri əhatə edən suallara 4 dildə cavab verdi.

Dünyanın diqqətlə izlədiyi mətbuat konfransında Prezident bir çox mövzulara aydınlıq gətirdi.

Konfransda yadda qalan məqamlardan biri Prezidentin ukraynalı jurnalistin sualına verdiyi cavab oldu. Prezident İlham Əliyev müharibədən sonra Ermənistandan gələn təxribatçı qrupun zərərsizləşdirilməsindən söz açaraq dedi ki, bu mövzuda qarşı tərəfin spekulyasiyası yersizdir. O, həmin ermənilərin pusqu quraraq mülki şəxs də daxil olmaqla bir neçə hərbçimizi öldürdüyünü xatırlatdı.

“Bu gün onları hərbi əsirlər adlandırmağa çalışırlar. Düşünürəm ki, məsələnin mahiyyətini qəsdən təhrif edirlər. Müharibə bitəndən 20 gün sonra hərbi əsir ola bilməz. Bizdə olan hərbi əsirlərin hamısını qaytarmışıq. Özü də biz onları bizim əsirlərin qaytarılmasından əvvəl qaytarmışıq. Bu adamlar həmin kateqoriyaya uyğun gəlmir. Bunlar terrorçu və təxribatçılardır. Ermənistan tərəfindən və ya başqa ölkələr tərəfindən hər hansı spekulyasiya yersizdir”, - deyə ölkə başçısı bildirdi.

Prezidentin erməni tərəfinin minalanmış sahələrin xəritələrini bizə təqdim etməməsi ilə bağlı fikirləri də diqqət çəkdi. Bunu cinayət adlandıran ölkə başçısı hərbi əməliyyatlar başa çatandan sonra bir neçə hərbçi və mülki şəxsin məhz minalanmış sahələrin xəritələrinin bizə təqdim edilməməsi səbəbindən həlak olduğunu qeyd etdi.

Mətbuat konfransında önəmli məqamlardan biri hələ də bəzi dairələrdə gündəmə gətirilməyə çalışılan status məsələsi ilə bağlıdır. Prezident İlham Əliyev mövzu ilə əlaqəli suala cavabında xatırlatdı ki, Dağlıq Qarabağ münaqişəsi başa çatıb, Azərbaycan münaqişəni artıq həll edib. Otuz il davam edən danışıqlar heç bir nəticə vermədi.

Prezidentin Ermənistana statusla bağlı mühüm və konkret mesajı isə belə oldu: “Mən öz çıxışlarımda statusun ünvanını göstərdim. Bir daha o məsələyə qayıtmaq istəmirəm. Status haradadır, onu hər kəs bilir. Hesab edirəm ki, Ermənistan və erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Çünki Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil. Onları bu günə salan səbəblərdən biri də məhz o idi. Xülya idi, iddia idi, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynadılar. Ona görə status məsələsi, ümumiyyətlə, gündəlikdən çıxmalıdır”.

Ölkə başçısı, həmçinin qeyd etdi ki, biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini işlətməməliyik. Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir. Onun bir hissəsində isə erməni xalqı yaşayır və Azərbaycan da buna etiraz etmir.



Birgəyaşayışdan söz açan Prezident bu məsələdə heç bir problemin olmadığını dilə gətirdi. O, Azərbaycanda onlarla xalqın nümayəndəsinin rahat şəkildə yaşadığını yada saldı. Prezident, həmçinin əminliklə söylədi ki, azərbaycanlılar Qarabağın bu gün sülhməramlı missiyasının nəzarətində olan torpaqlarına da qayıdacaqlar. Bu, noyabrın 10-da imzalanmış Bəyanatda öz əksini tapıb.

“Bəli, bu, bir qədər zaman və birgə səylər tələb edəcək. Amma bu, qaçılmazdır. O cümlədən biz Xocalıya da qayıdacağıq. Bunun başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır ki, süni əngəllər yaratmaq istəsə ancaq özünə zərbə vurmuş olar. Müharibənin yaraları sağalmayıb. Xocalı yaraları heç vaxt sağalmayacaq. Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq, həm qurbanların yaxınları, həm bütün Azərbaycan xalqı. Müharibənin yaralarının sağalması üçün vaxt lazımdır. Biz bunu başa düşürük və burada heç kimi tələsdirmək istəmirik, heç kimi məcbur etmək istəmirik”, - deyə ölkə başçısı əcnəbi jurnalistin sualını cavablandırarkən bildirib.

Diqqət çəkən başqa bir nüans Rusiyanın “Zvezda” və “Bolşaya Aziya” mediaholdinqlərini təmsil edən jurnalistin fikirləri oldu. Müxbir bildirdi ki, Azərbaycan Prezidenti bütün dünyanın gözü qarşısında nadir presedent yaratdı: “Çünki Siz Qarabağ müharibəsi zamanı mütləq mənada sülhməramlı kimi çıxış etdiniz. Siz 23 dəfə sülh haqqında danışdınız, halbuki digər tərəf bir dəfə də olsun, bu cür bəyanat vermədi. Siz bundan sonra Ermənistan ilə dövlət səviyyəsində münasibətləri necə qurmaq niyyətindəsiniz? Erməni xalqı ilə yox, məhz bir dövlət olaraq Ermənistanla, Sizin həqiqətən dünyanı heyrətləndirən təşəbbüslərinizin davamı kimi”.

Azərbaycan Prezidenti sentyabr-noyabr aylarında baş verən hadisələrə diqqət ayırdığına görə rusiyalı jurnalistə təşəkkür edərək söylədi ki, sülh barədə çox danışıb və əgər erməni tərəfi onun sözlərinə qulaq assaydı, onların məğlubiyyəti bu dərəcədə alçaldıcı və ağrılı olmazdı, bu qədər tələfat da olmazdı. Bununla yanaşı, Ermənistan tərəfi baş nazirin şəxsində Prezident Putinin sözlərinə də qulaq asmadı. İndi isə hər şey Ermənistan rəhbərliyinin və Ermənistan iqtidarının hansı siyasəti seçəcəyindən asılı olacaq.

Ölkə başçısına ünvanlanan digər maraqlı suallardan biri son günlərin gündəminə çevrilmiş “İsgəndər” məsələsi ilə əlaqədardır. Prezident Ermənistan baş nazirinin “İsgəndər”lə bağlı bəyanatlarının bizdə də müəyyən suallar doğurduğunu bildirdi. Qeyd etdi ki, Azərbaycan “İsgəndər” raketlərinin buraxılmasını görməyib. Prezident ümumiyyətlə hazırda İrəvanda qəribə və tragikomediyanı xatırladan proseslərin cərəyan etdiyini vurğuladı:

“Biz bunu görməmişik. Mən deyərdim ki, bu, sadəcə, növbəti ağ yalandır. Belə yalanlar çox olub. Prinsipcə, Ermənistanda indi baş verənlər hansısa tragikomediyanı xatırladır. Təsəvvür edin, onların təyyarəsi itir, bilmirlər ki, təyyarələri haradadır. Təyyarə bir istiqamətə uçub, digər istiqamətə uçub, pilotlar gizlənib, təyyarə itib, onlar oturub fikirləşirlər ki, təyyarəni kim qaçırıb və ya oğurlayıb. Sonra Əbu-Dabidə IDEX sərgisində Ermənistan stendi heç vaxt olmadığı dərəcədə tərtəmiz idi, orada bir dənə də eksponat yox idi. Bir tərəfdən onlar orada nə sərgiləyə bilərdilər, axı, onların hərbi sənayesi yoxdur. Bəs “İsgəndər” haraya buraxılıb? 10 faiz partlayıb. Axı, bu, sadəcə olaraq, gülməlidir. Bu gün məhz bu tragikomediya orada baş verənləri xarakterizə edir”.

Mövzudan söz açmışkən ölkə başçısı xatırlatdı ki, Ermənistana “İsgəndər” raketləri veriləndə, o Rusiya rəhbərliyinə "bu, düzgün addım deyil, belə addımlar sabitliyin möhkəmlənməsinə yönəlməyib", - deyə Azərbaycanın mövqeyini çatdırıb.

“Bu, bizi heç nədən çəkindirməyəcək. Yeri gəlmişkən, müharibə dövründə də demişəm və Rusiya tərəfinə “İsgəndər” raketlərinin geri almalarını təklif etmişəm. Bəli, demişəm, bu gün də fikrim belədir ki, regionlarda hadisələrin belə faciəli inkişafının qarşısını ala biləcək yeganə yol bu silahları geri almaq və ermənilərə bir daha pulsuz silah verməməkdir. Mən bunu həmişə deyirəm. Təəssüf ki, belə olub. Müharibədən sonra belə hallar yoxdur. Biz bunu müsbət addım kimi qiymətləndiririk”.



Prezidentin daha bir diqqət çəkən açıqlaması əcnəbi əsgərlərin Azərbaycan ərazisində fəaliyyət göstərməsinin müvəqqəti xarakter daşıması barədədir. Ali Baş Komandan bəyan etdi ki, əcnəbi əsgərlər xüsusi missiya icra edirlər və bu hərbi baza anlamına gəlmir:

“Rusiyanın sülhməramlı qüvvələri burada sülhməramlı missiyanı icra edirlər, hesab edirəm ki, müvəffəqiyyətlə icra edirlər. Hərdən bir müəyyən problemlər üzə çıxır, bəzi problemlər yaşanır. Amma, ümumiyyətlə, Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti qənaətbəxş hesab oluna bilər. Onların burada fəaliyyəti beş il müddətinə nəzərdə tutulur. Əgər beş ildən sonra Azərbaycan bu məsələ ilə bağlı fərqli fikir sərgiləsə, əlbəttə ki, onların da fəaliyyətinə son veriləcəkdir.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması da çox önəmli addımdır. Bu, bölgəmizin sabitliyini qorumaq üçün önəmli amildir. Onu da bildirməliyəm ki, bəzən dünyada, eyni zamanda, Azərbaycanda Rusiya sülhməramlı missiyasının fəaliyyəti ilə bağlı o qədər də dəqiq olmayan fərziyyələr irəli sürülür. Onların bu gün Azərbaycan ərazisində olması, eyni zamanda, azad edilmiş torpaqlara Azərbaycan əhalisinin qayıtması üçün də müsbət rol oynayacaq. Çünki Ermənistanın diversiya qrupunun azad edilmiş torpaqlara göndərilməsi bunu göstərir. Ona görə onların fəaliyyəti hesab edirəm ki, müsbətdir. Bu fəaliyyət əminəm ki, belə də davam edəcək. Amma yenə də Azərbaycan ərazisində hər hansı bir başqa xarici qüvvələrin yerləşməsi müzakirə mövzusu deyil”.

Prezident İlham Əliyev daha sonra əcnəbi jurnalistin Qarabağda rəsmi dil məsələsi barədə sualına aydınlıq gətirdi. Prezident cavabında bildirdi ki, bu bir manipulyasiyadır. Yəni belə iddia hazırda Azərbaycanın həmin bölgəsində qeyri-qanuni olaraq özlərini rəhbər adlandıranların manipulyasiyasıdır. Prezident İlham Əliyev eyni zamanda diqqətə çatdırdı ki, həmin şəxslər orada suahili dilini də Qarabağın rəsmi dili elan edə bilərlər. Bunun heç bir təsiri və nəticəsi ola bilməz. Dağlıq Qarabağ mövcud deyil və hər kəs oranı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır:

“Düşünürəm, bu, onların, həmin cinayətkar xunta rejiminin son nəfəsidir, son cəhdləridir ki, guya onlar dövlətdirlər. Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dilidir və Azərbaycan ərazisində digər heç bir dilin rəsmi statusu ola bilməz. Ermənistan rus dilini qadağan edir, rusdilli məktəbləri qadağan edirlər. Ancaq baxın, indi Rusiya sülhməramlıları Qarabağa yerləşəndən sonra birdən bunlar rus dilini rəsmi dil kimi qəbul edirlər. Mən suahili dilini təklif edirəm. Belə olsa, onlar dil cəhətdən uzaq, ucqar ölkələrlə təmas qurmağa da nail ola bilərlər”.



Mətbuat konfransında iranlı jurnalistin təxribat xarakterli sualına isə ölkə başçısı peşəkarcasına cavab verdi. Belə ki, xanım jurnalistin müharibədə terrorçulardan istifadə ilə bağlı sualını prezident “Müharibədə hər hansı terrorçu qrupların iştirakı ilə bağlı “hesabat”lar, dəlil və sübut yoxdur. Bu uydurulmuş məlumatlardır" deyərək cavablandırdı.

“Təəssüf edirəm ki, dost ölkədən olan jurnalist belə bir sual verir. Adətən belə ittiham xarakterli suallar digər ölkələrdən olur. İşğalda olan torpaqların azad edilmə əməliyyatında heç bir "terrorçu" adlandırdığınız insanlar iştirak etməyib. Bizim ordumuz bunu edib. Bu sadəcə olaraq Azərbaycanı ittiham etməkdir və bu Ermənistan tərəfindən ediləndə anlaşılandır. Çünki, bunlar Ermənistan tərəfindən bəhanə xarakteri daşıyır. Onlar üçün ağrılı məsələdir ki, onları Azərbaycan əsgəri məğlub edib. Təbii, deyə bilərlər ki, terrorçular məğlub edib. Kimsə görüb terrorçuları? Hər hansı sizin həmkarlarınız bizə bir ad verə bilərmi? Ona görə, sizə tövsiyəm olardı ki, spekulyasiyalarla məşğul olmayasınız. Siz bir xanım olaraq dost ölkədən gəlirsiniz və çox da dərinə getmək istəməzdim. Amma xahiş edirəm tam məsuliyyətli olun”, - deyə dövlət başçısı bildirdi.

Mətbuat konfransında Böyük Britaniyadan olan jurnalistin fikirləri də diqqət çəkdi. Prezidentə dəvət üçün təşəkkür edən əcnəbi jurnalist ilk dəfədir ki, belə bir geniş mətbuat konfransı ilə rastlaşdığını dedi: “Düşünürəm ki, mətbuat konfransının uzunluğuna görə Siz artıq dünya rekorduna imza atmısınız. Mən 25 ildir jurnalistika ilə məşğul oluram, ancaq hər hansı bir Prezidentin 4 dildə bu cür mətbuat konfransı aparmasının şahidi olmamışdım”.

Sonda media nümayəndələri yaxın gələcəkdə Şuşaya səfərlərinin təşkil olunmasını ölkə başçısından xahiş etdilər. Prezident də bununla bağlı göstəriş verəcəyini söylədi.

Tural Tağıyev
Azvision.az


Teqlər: Mətbuat-konfransı   Prezident   Qarabağ   Xocalı   Jurnalist  





Xəbər lenti