Xocalı qurbanları bir dəqiqəlik sükutla yad olundu

   Xocalı qurbanları bir dəqiqəlik sükutla yad olundu
  26 Fevral 2021    Oxunub:1122
Fevralın 26-da Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azvision.az xəbər verir ki, həmin anda paytaxtın küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Ölkəmizin şəhər və rayonlarında, kənd və qəsəbələrində, xaricdəki diplomatik nümayəndəliklərdə Azərbaycanın dövlət bayraqları endirilib.

Azərbaycan paytaxtının minlərlə sakini fevralın 26-da Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla anıb, abidənin önünə əklillər qoyub, qərənfillər düzüblər. Təhsil müəssisələrində ilk dərslər bu faciəyə həsr olunub. Respublikamızın şəhər və bölgələrində, məscidlərdə, kilsələrdə, sinaqoqlarda və xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının anım mərasimləri keçirilib.

Qeyd edək ki, Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 487 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb. Qətlə yetirilənlərin 63-ü uşaqlar, 106-sı qadınlar, 70-i qocalar olub. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Girov götürülənlərdən 150-nin taleyi hələ də məlum deyil.

Azvision.az



Teqlər: Azərbaycan   Xocalı  





Xəbər lenti