Ermənilər Qərbi Azərbaycandakı abidələri necə saxtalaşdırıb?

  25 Fevral 2021    Oxunub : 3311
 Ermənilər Qərbi Azərbaycandakı abidələri necə saxtalaşdırıb?
1918-ci ildə Sovet Rusiyası və Antanta dövlətlərinin birgə rəyi ilə Qərbi Azərbaycan torpaqlarında Ermənistan respublikası yaradıldı. Bundan sonra qonşu dövlətlərdən, İrandan,Türkiyədən, Suriyadan bura kütləvi şəkildə ermənilər gətirilib məskunlaşdırıldı. Ermənilər də bu ərazilərin tam sahibinə çevrilmək üçün tarix və mədəniyyət abidələrinin mənimsənilməsinə başladılar.
Bunu Azvision.az -a “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrini müdafiə təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılov deyib. O bildirib ki, ermənilər ilk növbədə xristianlıq dövrünə qədər və xristianlıq dövrü abidələrinin mənimsənilməsinə start veriblər.

“Həmin abidələrin daxili interyerindəki yazılar pozulur, onların “qədim Ermənistana” aid olmasına dair yazılar yazılır və bir sıra əlavələr edilirdi. Sovet dövründə indiki Ermənistan ərazisində 5 kilsə, 2 monastr fəaliyyət göstərib. Lakin burada 1000-dən çox Qafqaz Albaniyası dövrünə aid abidələr olub. Bunların hamısına monastr, kilsə adları qoyaraq qeydiyyata alıblar.

Kilsə və monastr şəhərlərin, habelə kəndlərin mərkəzində tikilirdi. Ermənistanda bu qədər şəhər və kəndin mövcudluğu mümkün deyil. Onların yalan danışdığı bəlli olur. Digər tərəfdən Qafqaz Albaniyası dövrü abidələri üslubundan asılı olmayaraq, memarlıq quruluşuna görə asanlıqla ayırd edilə bilir. Dünyanın istənilən eksperti müəyyən edə bilər ki, bunlar ermənilərə məxsus deyil, Qafqaz Albaniyasına aid abidələrdir”.

F.İsmayılov qeyd edib ki, ermənilər Qərbi Azərbaycan torpaqlarında məskunlaşdırıldıqdan sonra müsəlman dini abidələri, inanc yerləri, qəbirlər, ziyarətgahlar, məscidlər birmənalı şəkildə məhv edilməyə başlanılıb.

“Son 200 il ərzində ermənilər bütövlükdə buna nail oldular. Lakin həmin abidələrin qalıqları indiyə qədər qalmaqdadır. Onlar təbliğat aparırlar ki, guya bu ərazilərdə türklər, azərbaycanlılar yaşamayıb və bura ermənilərin qədim yaşayış yerləri olub. Tarixi saxtalaşdırıblar. Dünyanın bir çox arxivləri, o cümlədən Ermənistanın arxivində də var ki, bu ərazilərdə rəsmi qaydada 391 məscid fəaliyyət göstərib. Bu məscidlər Qərbi Azərbaycanın bütün ərazilərini əhatə edib. Bu, həmin ərazilərdə kütləvi şəkildə yaşayanların İslam dininin daşıyıcıları olduğunun sübutudur.

Karvansaralarımızı və digər abidələrimizi ermənilərin yaratdıqları kimi qələmə verirlər. Lakin Zəngəzurdakı Səlim keçidində Səlim karvansarasının adını dəyişə, erməniləşdirə bilmirlər. Çünki bu ad bütün tarixi mənbələrdə Səlim qeyd olunub. Bunu doğurdan da ermənilər tiksəydi, Aşot və ya digər erməni adı verərdilər. Səlim karvansarasını onlar erməni mədəniyyət abidəsi kimi təqdim etməyə çalışırlar. Lakin onun daxili interyerində və çölündə ərəb dilində yazılar qalıb və karvansaranın yaranması haqqında burada məlumatlar var”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Qərbi-Azərbaycan   Abidələr   Erməni-saxtakarlığı