Əfqanıstan səfiri "ASAN xidmət"də - FOTO

Əfqanıstan səfiri "ASAN xidmət"də -    FOTO
  25 Fevral 2021    Oxunub:1466
24 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Amanullah Ceyhun ilə görüşüb.
Azvision.az xəbər verir ki, görüşdə qonağa “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə Azərbaycanda səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.



Qeyd edilib ki, “ASAN xidmət”ə bu günədək 42 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa qonağa “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi barədə məlumat verilib.

Səfirə Dövlət Agentliyinin elektron hökumət sahəsində həyata keçirdiyi layihələr, eləcə də “ABAD” publik hüquqi şəxsin fəaliyyəti barədə də məlumat verilib.



Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Əfqanıstanın müvafiq sahə üzrə fəaliyyət göstərən qurumu arasında 2016-cı ildə imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində davam edən uğurlu əməkdaşlıqdan bəhs olunub. Memorandumun icrası çərçivəsində ölkəmizin “ASAN xidmət” modeli əsasında Əfqanıstan paytaxtı Kabil şəhərində yaradılmış “ASAN khedmat” mərkəzindən söz açılıb. Eyni zamanda həmin xidmət mərkəzlərinin əməkdaşlarına Dövlət Agentliyinin ekspertləri tərəfindən müxtəlif mövzular üzrə təlimlərin keçirilməsi, habelə startaplar, sosial innovasiyalar, rəqəmsallaşma sahəsində ölkəmizin təcrübəsinin Əfqanıstan tərəfinə ötürülməsi məsələləri müzakirə edilib.

Qeyd edilib ki, ikitərəfli əməkdaşlıq çərçivəsində bu günədək Əfqanıstanın müxtəlif qurumlarını təmsil edən 100-dən çox nümayəndəyə 20-yə yaxın təlim keçirilib.



Qonağa “Dövlət Xidmətləri Göstərən Qurumların ASAN Beynəlxalq Assosiasiyası” barədə də məlumat verilib və Əfqanıstanın “ASAN khedmat” qurumunun da burada təmsil olunmağından məmnunluq ifadə olunub.

Səfir Azərbaycanda dövlət xidmətlərinin göstərilməsi, həmçinin sosial innovasiyalar və startaplar sahəsində Dövlət Agentliyi tərəfindən görülmüş işləri yüksək qiymətləndirib və müvafiq sahələr üzrə Azərbaycanın qabaqcıl təcrübəsinin Əfqanıstan hökuməti və ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandığını bildirib. Həmçinin Azərbaycanın təcrübəsi əsasında Əfanıstanda yaradılmış “ASAN khedmat”in korrupsiyaya qarşı mübarizə, eləcə də, dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin təmin olunması sahəsində mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Sonda qonağa “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.

Səfir “ASAN xidmət” mərkəzi ilə də tanış olub.

Azvision.az


Teqlər: ASAN-Xidmət  





Xəbər lenti