Paşinyan bu dəfə Rusiyanı “İsgəndər”lə “vurur” - ŞƏRH

 Paşinyan bu dəfə Rusiyanı “İsgəndər”lə “vurur” -  ŞƏRH
  24 Fevral 2021    Oxunub:9181
Ermənistanın baş naziri Nikol Paşinyan "1in.am" saytına müsahibəsində sabiq prezident Serj Sarkisyanın Azərbaycana qarşı "İsgəndər" raketlərindən istifadə edilməməsi barədə ittihamlarına cavab verib.
Sensasion iddia irəli sürən Paşinyan Ermənistanın Azərbaycana qarşı "İsgəndər" əməliyyat-taktiki raket sistemindən istifadə etdiyini, lakin raketlərin partlamadığını bildirib.

“Qoy sual verilsin ki, "İsgəndər" raketi niyə partlamayıb? Və ya niyə 10% partlayıb?", - deyə Paşinyan etiraf edib.

Ermənistanın baş naziri bu açıqlaması ilə Rusiyadan alınan silah və hərbi texnikaların yararsız olmasına işarə edib. Maraqlıdır, Paşinyanın Rusiyaya, rus hərbi texnikasına qarşı yönəlmiş fikirlərinin arxasında nə dayanır?



Məsələni Azvision.az-a şərh edən politoloq Tofiq Abbasov deyib ki, Paşinyanın dedikləri Ermənistandan rus silahları əleyhinə, ümumilikdə Moskvaya üsyan xarakterli ilk açıqlama deyil. İndiki halda Paşinyanın raketlərin yararsız olması barədə iddiası real görünmür:

“Ermənistan təbii ki, hər zaman olduğu kimi silah məsələsində siyasi oyunlara qatılır. Ermənilərin hərbi ekspertləri həm müharibə zamanı, həm də postmüharibə dövründə bir ağızdan deyirdilər ki, guya onların məğlubiyyətinin əsas günahkarı Rusiya sayılır. Deyirlər ki, müttəfiqləri ermənilərə kondisiyalara uyğun silah verməyib. Digər tərəfdən, bəzi ekspertlər iddia edirlər ki, İrəvan arsenalında, cəbbəxanasında olan bir çox silahlardan istifadə edə bilməyib. Bunun da səbəbi Moskvanın icazə verməməsi olub.

Ümumiyyətlə, Ermənistanda belə hərbi məsələləri, xüsusən də silah-sursatla bağlı müəmmalı iddiaları tez-tez siyasiləşdirirlər ki, həm məğlubiyyətlərinə bəraət qazandırsınlar, həm də Azərbaycanın layiqli zəfərini bir növ gözdən salsınlar. Təbii ki, bu tip gülməli siyasi gedişlər çox oldu və hər biri də qalibiyyətimizi devalvasiyaya uğratmağa hesablanmışdı. Amma mən inanmıram ki, Ermənistan o ölkələrin səviyyəsinə çatsın ki, Rusiyada istehsal olunmuş belə ciddi silahın ekspertizasını apara bilsin, ortaya konkret rəsmi rəy qoyulsun. Yəni məhz texniki cəhətdən, istehsal qüsuruna görə bu raketlərin yarısı partlayıb, yarısı yox və s. tipli iddiaları sübut edə bilsinlər. Bu cür analizlərin aparılması erməni hərbi dairələrinin iqtidarında olan məsələ deyil. Ermənilər olsa-olsa içində güllə ilişib qalan "kalaşnikov"ların analizini apara bilərlər”.



Politoloq Ermənistan ərazisində saxlanılan əksər silah-sursatın İrəvanın ixtiyarında olmadığını xatırladıb. Ruslar bu ölkədə hələ Sovet dövründən bu günə kimi xeyli sayda silah-sursatı ona görə yerləşdirirlər ki, onlar gələcəkdə ehtiyac yaranacağı təqdirdə bundan özləri üçün istifadə etsinlər:

“Amma faktiki olaraq biz indi görürük ki, Ermənistanın siyasi dairələri öz müttəfiqlərinə arxa çevirirlər, onu gözdən salmağa çalışırlar. İstər Paşinyan, istərsə də ona müxalif olan və anti-Rusiya meyllərindən çıxış edən digər siyasi qüvvələr çalışırlar ki, ölkədə Qərb vektorunu gücləndirsinlər. Ona görə də, məğlub ölkədə hazırda Moskvanın adının bədnam etmək üçün Rusiya ilə bağlı istənilən imkanı işə salırlar. Yəni siyasi elita xalqa, beynəlxalq aləmə yalnız bir məsələni çatdırmağa çalışır- Rusiya öz tərəfdaşlıq öhdəliklərini ağır məqamda yerinə yetirə bilmədi və ya istəmədi. Açığı desəm, Ermənistandan gələn bu cür sədalara, rəylərə ciddi yanaşmıram. Çünki ümumilikdə erməni siyasi elitası hər zaman oyunbazlıqla məşğul olub, indi də başdan ayağa aktyorluqla məşğuldurlar. Heç ona da inanmıram ki, erməni ordusunda normal düşünən beyin, peşəkar bir mütəxəssis qalsın və hərbi dairələrdən də raketlə bağlı belə “diqqətəlayiq” ciddi bəyanat gəlsin”.

Paşinyanın yeni, “partlamayan raketlərlə birgə mübarizə aparmışıq” tezisini ortaya atması kimi məsələlərə ciddi yanaşmağın düzgün olmadığını deyən politoloq Rusiyanın raket istehsalında irəli getdiyini diqqətə çatdırıb.

“Qısa bir xatırlatmanı etmək yerinə düşər. Rus hərbçiləri 2003-cü ildən sonra, yəni ABŞ strateji raketlərinin dislokasiyası ilə bağlı xəritələri əldə etdikdən sonra anladılar ki, faktiki olaraq Yeltsin dövründə ölkələri bu sahədə xeyli geriləyibmiş. Çünki Qorbaçovla Reyqan arasında, daha sonra Buşla raketlərin məhdudlaşdırılması barədə sənədlər imzalandıqdan sonra amerikanlar bu məsələdə ruslara badalaq gəlmişdilər. Niyə? Çünki orada yer tipli raketlərdən imtina sözü var idi. Yəni ruslar yerdə yerləşən raketlərdən imtina etməyi özlərinə borc bilib razılaşma sənədinə qol çəkmişdilər. Amma amerikalılar isə strateji raketlərin hamısını hava daşıyıcılarında və hərbi gəmilərində yerləşdirmişdilər. Demək olar ki, bütün Rusiya ərazilərinin 90 faizi raketlərlə nəzarətə alınmışdı. Hətta bu istiqamətdə nüvə başlıqlı raketlər belə var idi. Ona görə də Moskva 2013-cü ilə kimi raket məsələləri üzərində çalışdı ki, bu geridəqalmanın qarşısını alsın. Xeyli miqdarda, astronomik vəsaitlər xərcləndi, tez bir zamanda raket istehsalı və bu sahədəki geriləmələr kompensasiya edildi. Neftin qiymətləri düşənə qədər Rusiyanın bütün varı, vəsaiti, gəliri məhz raket proqramlarının həllinə yönəlmişdi. Belə baxanda həqiqətən də ruslar qısa zaman kəsiyində böyük irəliləyişlər əldə etdilər.

Yəni bütün bunları ona görə xatırladıb izah etdim ki, Ermənistandan gələn "partlamayan raket" sədalarına inanmıram. Nikolun dediyi kimi guya rusların verdiyi raketlərin keyfiyyətinin aşağı olması, standartlara uyğun gəlməməsi, uçuş zolağının göstərilən kimi reallaşmaması və digər məsələlər bəhanələrdir. Bütün bunlar ermənilərin texniki, elmi imkanları çərçivəsində olan məsələlər deyil ki, raketlərlə bağlı dəqiq nə isə resenziya da verələr. 44 gün ərzində onların hərbçilərinin imkan və bacarıqlarından göründü ki, ermənilərin hansısa raket ekspertizası ciddi ola bilməz”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   İskəndər   Raket   Rusiya  





Xəbər lenti