Oqtay Əsədov İrandan qayıtdı

Oqtay Əsədov İrandan qayıtdı
  20 Fevral 2014    Oxunub:1030
Milli Məclis spiker Oqtay Əsədovun İran İslam Respublikasına səfəri haqda rəsmi məlumat yayıb. Parlamentin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti fevralın 18-19-da Tehranda keçirilən İslam Əməkdaşlığı Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyasında iştirak edib.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlardan Xanhüseyn Kazımlı, Cavanşir Paşazadə, Mirkazım Kazımov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxil idilər.

Fevralın 18-də sessiyanın açılışını İƏTPİ Konfransının 8-ci sessiyasının Prezidenti, Sudan Milli Assambleyasının Sədri Alfatih İzzedin Almansour etdi. O, öz nitqində sessiyanın işinə uğurlar arzuladı, müzakirə olunan məsələlərdə nümayəndə heyətlərinin fəal iştirakını vacib saydı. Sonra quruma sədrlik İran tərəfinə təhvil verildi.

İran İslan Respublikası Parlamentinin sədri Əli Laricani İƏTPİ Konfransının 9-cu sessiyasının sədrliyini qəbul edərək nitq söylədi. O, öz nitqində bu cür tədbirlərin İslam dünyasında oynadığı roldan və İslam həmrəylinin daha da möhkəmlənməsində əhəmiyyətindən bəhs etdi. Təşkilatın Baş katibi Erol Kılıc isə bu qurumun illik hesabatını təqdim edərək, ötən müddətdə görülən işlər barədə ətraflı məlumat verdi.

Sonra tədbir iştirakçılarını İran İslam Respublikasının Prezidenti Həsən Ruhani salamladı. O, İslam dünyasının bu günü və sabahı ilə bağlı fikirlərini açıqladı, regional münaqişələrə toxundu. Qeyd edildi ki, İslam qardaşlıq, dostluq və əxlaq dinidir. İslam dünyasının təhlükəsizliyi üçün həmrəyliyin vacib olduğunu bildirən İran Prezidenti gündəlikdəki məsələlərin müzakirəsində sessiya iştirakçılarına uğurlar arzuladı.
Sessiyada bir sıra təşkilati məsələlərə baxıldıqdan sonra üzv dövlətlərin parlament sədrləri çıxış etdilər. Milli Məclisin Sədri Oqtay Əsədov toplantının keçirilməsinə yaratdığı şəraitə görə İran parlamentinin rəhbərliyinə, xüsusən Əli Laricaniyə minnətdarlıq ifadə etdi. Ümidvar olduğunu bildirdi ki, sessiyada aparılacaq fikir mübadiləsi və qəbul ediləcək qərarlar təşkilatın məqsədlərinin gerçəkləşməsinə kömək edəcək.

Sədr qeyd etdi ki, Azərbaycan dövləti İslam Əməkdaşlığı Təşkilatı və onun Parlament İttifaqı ilə münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir və xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi baxır. Biz bu qurumun İslam dünyasında həmrəyliyin dərinləşməsinə, ümumi problemlərimizin həlli yollarının tapılmasına göstərdiyi köməyi yüksək qiymətləndiririk. Son illərdə Azərbaycanla İslam Əməkdaşlığı Təşkilatının münasibətləri yeni mərhələyə qədəm qoymuşdur. Təşkilatın nazirlər səviyyəsində bir neçə konfransına ölkəmiz ev sahibliyi etmişdir. İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının İcraiyyə Komitəsinin 30-cu iclası ötən il Azərbaycanda keçirilmişdir. 2009-cu ildə Azərbaycanın paytaxtı Bakı şəhəri “İslam mədəniyyətinin paytaxtı” elan edilib.

Sədr bildirdi ki, bütün bunlar İslam Əməkdaşlığı Təşkilatının Azərbaycana verdiyi əhəmiyyəti və təşkilatın fəaliyyətində ölkəmizin yaxından iştirak etdiyini göstərir. Biz hesab edirik ki, xalqlarımızın bölüşdüyü ortaq İslam dəyərləri bizi birləşdirən ən böyük mənəvi sərvətdir.

Daha sonra Sədr qeyd etdi ki, bəşər tarixinin inkişafının müasir mərhələsində dünya dövlətləri böyük problemlər qarşısında dayanmışdır. Qlobal xarakter daşıyan bu problemləri yalnız dövlətlərin birgə səyləri ilə aradan qaldırmaq mümkündür. İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində həyata keçirilən iş birliyi təşkilatın üzvləri arasında münasibətlərin daha da möhkəmlənməsinə, onların qarşılaşdığı problemlərin həllinə kömək göstərir. Ötən illərdə Azərbaycanın səsinin islam ölkələrinə və dünya ictimaiyyətinə çatdırılmasında İslam Əməkdaşlığı Təşkilatı mühüm rol oynamışdır. Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq siyasəti ilə bağlı təşkilatımız yekdil və birmənalı mövqe nümayiş etdirmişdir. İslam Əməkdaşlığı Təşkilatının iclaslarında dəfələrlə Azərbaycanın haqlı mövqeyini dəstəkləyən, torpaqlarımızın işğalını pisləyən sənədlər qəbul edilmişdir. 2008-ci ilin mart ayında BMT Baş Məclisinin 62-ci sessiyasında “Azərbaycanın işğal altında olan ərazilərində vəziyyət” adlı qətnamənin qəbul edilməsində təşkilatın üzvü olan dövlətlərin mövqeyi həlledici rol oynamışdır.
Spiker dedi ki, Azərbaycan İslam Əməkdaşlığı Təşkilatında İslam dünyasının başlıca problemlərinə dair müzakirələrdə, qərar və qətnamələrin qəbul edilməsində, Fələstin probleminə dair həmişə konstruktiv mövqedən çıxış edib.

Təşkilat açıq müzakirələr üçün faydalı və əhəmiyyətli bir forum rolunu oynayır, sülh, sabitlik və sosial-iqtisadi rifah kimi ümumi maraqlarımızın təşviq və təmin edilməsinə xidmət göstərir. Parlament İttifaqı Azərbaycan həqiqətlərinin təbliğinə də sanballı töhfələr verir.
Öz çıxışında Sədr bildirdi ki, bizim xalqımızın tarixində ən faciəli hadisələrdən olan Xocalı soyqırımının tanıdılması işində təşkilatın əvəzolunmaz rolu vardır. Parlament İttifaqının indiyədək qəbul etdiyi bir çox bəyannamələrdə Azərbaycanın işğal olunmuş torpaqlarından erməni silahlı qüvvələrinin qeyd-şərtsiz və dərhal çıxarılması, dövlətimizin ərazi bütövlüyünə və suverenliyinə hörmət bəslənməsi, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qaytarılması tələb edilmişdir. Bununla birlikdə, Parlament İttifaqı 1992-ci il fevralın 26-da Azərbaycan Respublikasının Xocalı şəhərində dinc azərbaycanlılara qarşı erməni silahlı qüvvələri tərəfindən törədilmiş kütləvi qırğını insanlığa qarşı cinayət kimi qiymətləndirmişdir. 2012-ci ilin yanvar ayında isə Parlament İttifaqının 7-ci Konfransında qəbul edilmiş Qətnaməyə Xocalı soyqırımının tanınmasına və bu cinayəti törədənlərin cəzalandırılmasına dair bənd əlavə edilmişdir. Bütün bunlara görə Azərbaycan rəhbərliyi adından mən bir daha təşkilatın bütün üzvlərinə və rəhbərliyinə öz minnətdarlığımızı bildirirəm.

Eyni zamanda, biz İslam Konfransı Gənclər Forumunun təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasına göstərilən dəstəyi də yüksək qiymətləndiririk. Xocalı soyqırımının tanınması məsələsinin dost ölkələrin parlamentlərinin gündəliyinə çıxarılacağına və bu qətliama ədalətli hüquqi və siyasi qiymət veriləcəyinə öz inamımı ifadə etmək istərdim.

Sədr qeyd etdi ki, təşkilatın üzvü olan bir sıra ölkələrlə yanaşı, Meksika, Kolumbiya, Çex Respublikası, Peru, Bosniya və Herseqovina və digər dövlətlərin parlamentləri də Xocalı soyqırımına dair müvafiq sənədlər qəbul etmişlər. Şübhə yoxdur ki, dost dövlətlərimizin və parlamentlərimizin birgə səyləri bölgədə mövcud olan bütün problemlərin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdıra bilər. Biz əminik ki, beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi qorxu törədən bu münaqişə hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları və prinsipləri, xüsusən onların arasında başlıca prinsip olan dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında nizama salınmalıdır.
Oqtay Əsədov çıxışının sonunda bir daha sessiyanın işinə uğurlar arzuladı.

Milli Məclis Sədrinin sessiya çərçivəsində bir sıra əhəmiyyətli görüşləri də oldu. İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşdə ölkələrarası, o cümlədən parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi və perspektivləri barədə fikir mübadiləsi aparıldı.
Oqtay Əsədov inauqurasiya mərasimində iştirak etmək üçün İran İslam Respublikasına səfəri çərçivəsində Həsən Ruhani ilə ilk görüşünü xatırladı. O, qeyd etdi ki, Azərbaycan Respublikası və İran İslam Respublikası iki dost və mehriban qonşu ölkədir. Xalqlarımız arasında mövcud olan tarixi və mədəni bağlılıq münasibətlərimizin qarşılıqlı anlaşma üzərində qurulmasına şərait yaradır. Bu gün ölkələrimiz arasında əməkdaşlıq müxtəlif istiqamətlər üzrə inkişaf edir. Əlaqələrimizin inkişafında yüksək səviyyəli səfərlər və görüşlər önəmli rol oynayır.

Ölkələrimiz zəngin mədəni əlaqələrə malikdir. Biz bu sahəyə daim diqqət ayrılmasının tərəfdarıyıq. Mədəni əlaqələrin daim inkişaf etdirilməsi dost xalqlarımızın mənafeyinə xidmət edir. Bunun üçün mədəniyyət günlərinin mütəmadi olaraq keçirilməsi məqsədəuyğundur.
İkitərəfli əməkdaşlığımızın genişlənməsində parlamentlərimizin özünəməxsus rolu vardır. Son zamanlar qanunverici orqanlarımız arasındakı əməkdaşlıqda dinamika hiss olunur. Bunu qarşılıqlı səfərlərin və keçirilən görüşlərin sayına nəzər saldıqda görmək olar.

Azərbaycan parlament nümayəndə heyətini səmimiyyətlə salamlayan İran Prezidenti Həsən Ruhani İslam Əməkdaşlığı Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyasını və bu sessiyada müzakirəyə çıxarılan məsələləri, eləcə də Azərbaycan parlamentarilərinin bu tədbirdə iştirakını yüksək qiymətləndirdi. İran-Azərbaycan əlaqələrindən danışan İran Prezidenti bu əlaqələrin qədim tarixi köklərlə bağlılığından bəhs etdi, münasibətlərimizin hərtərəfli inkişafını vacib saydı.

Davos İqtisadi Forumunda Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşünü məmnunluqla xatırladan İran Prezidenti Həsən Ruhani həmin görüşü yüksək qiymətləndirdi və görüş zamanı ikitərəfli münasibətlərin müzakirə olunduğunu qeyd etdi. İran Prezidenti xüsusi olaraq vurğuladı ki, biz əlaqələrimizin inkişafında və daha da möhkəmləndirilməsində, demək olar ki, yeni səhifə açmışıq. İranın Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyini deyən Həsən Ruhani belə bir fikri də qeyd etdi ki, “Azərbaycanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir.”

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

Milli Məclisin Sədri Oqtay Əsədovun sessiya çərçivəsində digər görüşü Türkiyə Böyük Millət Məclisinin Sədri Cəmil Çiçəklə oldu. Görüşdə qeyd olundu ki, Türkiyə Azərbaycan üçün ən yaxın dost, qardaş, müttəfiq ölkədir. Bu müttəfiqlik getdikcə möhkəmlənir və inkişaf edir. Ölkələrimizi birləşdirən ən böyük amil kökümüz, xalqlarımızın ortaq tarixi və mədəniyyətidir.

Görüşdə siyasi, iqtisadi, ticari, humanitar və digər sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər diqqət mərkəzində oldu.

Sessiya çərçivəsində Milli Məclisin Sədri Oqtay Əsədovun digər görüşü İran İslam Respublikası Şura Məclisinin Sədri Əli Laricani ilə oldu. Tədbirin yüksək səviyyədə təşkil olunmasına görə İran tərəfinə təşəkkürünü bildirən Oqtay Əsədov bir neçə gün öncə İran İslam Respublikasında qeyd edilmiş milli bayram – İnqilab günü münasibəti ilə qardaş İran xalqına təbriklərini çatdırdı. İkitərəfli münasibətlərimizin inkişafında dövlət başçılarımızın qarşılıqlı səfərləri və müxtəlif beynəlxalq tədbirlər çərçivəsində keçirdikləri görüşlər xüsusi qeyd olundu. Bildirildi ki, xalqlarımızın yaxınlaşmasında mədəni sahədə əməkdaşlığın rolu danılmazdır. Bu baxımdan, hər iki ölkədə birgə mədəni tədbirlərin təşkil edilməsi mühüm əhəmiyyətə malikdir. Artıq 20 ildən çoxdur ki, dövlətlərimiz arasında müştərək komissiya fəaliyyət göstərir. Bu komissiya istər siyasi-iqtisadi, istərsə də mədəni sahədə əməkdaşlığın inkişafına öz dəyərli töhfəsini verir.

Görüş zamanı parlamentlərarası münasibətlərin daha da inkişaf etdirilməsi, dostluq qrupları arasında əlaqələrin daha da intensivləşdirilməsi və digər məsələlər diqqət mərkəzində oldu.
İslam Əməkdaşlığı Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyasında fəal iştirak edən Azərbaycan parlament nümayəndə heyətinin başçısı, Milli Məclisin Sədri Oqtay Əsədovun ikitərəfli görüşləri başa çatdıqdan sonra nümayəndə heyətimiz Vətənə qayıtdı.

AzVision.az


Teqlər:  





Xəbər lenti