“Şuşanın işğalı ərəfəsində ordunu Bakıya gətirmişdilər” - Elman Məmmədov

 “Şuşanın işğalı ərəfəsində ordunu Bakıya gətirmişdilər” -   Elman Məmmədov
  28 Yanvar 2021    Oxunub:3920
“Şuşa faciəsinin əsas səbəbi hakimiyyət uğrunda gedən mübarizə idi”.

Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı, birinci Qarabağ müharibəsi veteranı Elman Məmmədov deyib.
O bildirib ki, Prezident bu mövzuya hər zaman xüsusi həssaslıqla yanaşıb, haqlı olaraq 90-cı illərin əvvəllərində baş vermiş Qarabağ müharibəsindəki uğursuzluqlara, xüsusən də Şuşa faciəsinə səbəb olan amillərə toxunur:

İlham Əliyev Şuşanın "İƏT-in gənclər paytaxtı” seçilməsi ilə bağlı sərəncam verib
“Bəzən insanlarda müəyyən bir unutqanlıq yaranır, yaxud da, yaxın tarixi keçmişimizdə baş verən hadisələr bir qədər fərqli təqdim edilir. Bu cür hallar təbii ki, yolverilməzdir. Ona görə də cənab Prezident dünən Şuşa haqqında danışarkən tarixçilərimizə də səsləndi ki, tarixi olduğu kimi, düzgün yazmaq lazımdır. Heç bir hadisə təhrif olunmamalı, prosesləri təqdim edəndə malalamamalıdırlar. Bəli, bu bir faktdır ki, həmin illərdə Azərbaycanın başına gələn fəlakət və faciələrin əksəriyyətinin səbəbi o dövrdə ölkəmizdə mövcud olan hakimiyyət böhranı və boşluğu idi”.



Həmin dövrün siyasi proseslərinin canlı şahidi olan deputat deyib ki, 1988-ci ildən başlayaraq Azərbaycanda siyasi idarəetmədə çox ciddi zəiflik və boşluqlar yaranmışdı. Müəyyən güc mərkəzlərinin vasitəsilə ölkəmizdə hakimiyyətə yiyələnmək fikrində olan qruplar peyda olmuşdu:

“Təbii ki, həmin yeni qruplar da hər kəsə bəlli olan müəyyən güc mərkəzləri tərəfindən məqsədli şəkildə yaradılmışdı, bəzi dairələr onlara ideyalar verərək qrupları idarə edirdilər. Yəni bütün bunlar tarixi faktlardır və bu xaotik dövr yaxın keçmişdə olduğu üçün şahidlər də çoxdur. İndi hadisələri gizlətmək, malalamaq mümkün deyil. O dövrdə hakimiyyətə gəlmək üçün mübarizə aparan qrupların kimlərdən ibarət olması artıq bütün xalqa məlumdur. Prezident də həmişə bunu deyir, dünən xalqa bir daha xatırlatdı. Bu sırada AXC-Müsavat cütlüyü və digər başqa qüvvələr dayanırdı. Həmin qüvvələri idarə edən güclər, Ermənistana havadarlıq edən mərkəz, İrəvanda oturanlar çox məharətlə ölkəmizdə yaradılmış xaotik durumdan istifadə edirdilər, daxilimizdəki xəyanətkarların əli ilə məqsədlərinə asan şəkildə çatırdılar. 80-ci illərin sonundan başlayaraq torpaqlarımızın işğal olunması düşmən üçün bir nömrəli prioritet idi və ermənilər zaman-zaman bu hədəfə doğru irəliləyirdilər”.

Elman Məmmədovun sözlərinə görə, işğalçı ölkənin siyasi elitası məqsədinə nail olmaq üçün əlindən gələni edirdi, daxili çaxnaşmalardan yararlanırdı. Düşmənin öz mənfur niyyətlərini reallaşdırmaq, hədəfinə çatması üçün ölkəmizdə formalaşmış qruplar isə göydən düşmə şans idi. Qısası, 90-cı illərin əvvəllərində Azərbaycanda olan hakimiyyət böhranı, kreslo davası bir növ ermənilərin köməyinə çatdı:

“Xatırlayıram ki, Bakıda hakimiyyət uğrunda mübarizəyə baş qarışdığı bir vaxtda torpaqların müdafiəsi, millətin, ac, əliyalın qalan əhalinin taleyi arxa plana keçirdi. Qeyd edim ki, təkcə Şuşa faciəsi zamanı deyil, Xocalı soyqırımı baş verərkən də belə bir vəziyyət yaranmışdı. Hətta həmin soyqırımdan əvvəl bu cür situasiya yaradılmışdı, sonrakı dönəmlərdə də heç nə dəyişmədi. Yəni ölkədə Şuşanın işğalı zamanı əvvəlki oxşar proseslər davam etdi. İndiki gənclər xatırlamazlar, amma tez-tez telekanallarda göstərilən həmin kadrlara baxıb anlaya bilərlər ki, biz o dövrdə hansı anormal proseslərə şahidlik edirdik.

Məsələn, Şuşanın işğalı ərəfəsidir, kadrlarda görünür ki, mitinqdə çıxış edən Rəhim Qazıyev qəribə fikirlər səsləndirir. O aşkar deyir ki, “mənim nə qədər hərbi texnikalarımı əsgərlərimiz çağırıb Bakıya gətirmisiniz”. Özü də mənim ha! Təbii ki, paytaxtda hakimiyyəti ələ almaq üçün bunu edirdilər. Qeyd edilirdi ki, onlar təcili şəkildə cəbhələrə qayıtmalıydı, müdafiə zəifləyib və s. Bu tarixi faktlardır, belə hadisələr elə zamanda baş verirdi ki, hər şey lentə alınırdı, ortada videogörüntülər var. Bütün bunların hamısı, o dövrdə hakimiyyət uğrunda savaşan səbatsız qrupların hələ də bir-birinə ittihamlar yağdırmaqda davam etməsi sübut edir ki, həqiqətən də cənab Prezidentin dediyi sözlərdə böyük həqiqətlər var. Bu hadisələri inkar etmək, malalamaq mümkün deyil.

Bəli, o dövrdə tarixi və əzəli torpaqlarımızın işğala məruz qalmasında, Şuşa kimi strateji ərazinin satılmasında, Laçının da sonradan el dili ilə desək, “yıxılmasında” çox mühüm səbəb və amillərdən biri hakimiyyət uğrunda gedən biabırçı mübarizə idi. Bu arzuolunmaz daxili çəkişmələr, vəzifə hərislikləri faciələrlə nəticələnməli idi. Azərbaycanda dövlətçilik, ordu quruculuğu, torpağın, ölkənin müdafiəsi, əhalinin taleyi sanki hakimiyyət uğrunda gedən mübarizəyə qurban verilmişdi. Təki kimlərsə hakimiyyətə gələrək vəzifə sahibləri olsunlar, torpaq, millət necə olur-olsun onların vecinə də deyildi. Bax, belə faciəvi vəziyyətlə üz-üzə qalmışdıq. Düşünürəm ki, ölkə başçısının tariximizi, bu reallığı insanlara bir daha xatırlatması, tarixçilərə xəbərdarlıq etməsi təqdir edilməlidir”.

Tural Tağıyev
Azvision.az



Teqlər: Şuşa   AXC-Müsavat   Deputat   Tarix   Prezident  





Xəbər lenti