Son mənzil davası şəhidliyə yaraşmaz - FOTOLAR

 Son mənzil davası şəhidliyə yaraşmaz -  FOTOLAR
  26 Yanvar 2021    Oxunub:52927
Eşidəndə heç inanmaq istəmədiyimiz bir xəbər: Bu gün bir qrup vətəndaş Yasamal qəbiristanlığında etiraz əlaməti olaraq, şəhid məzarlarını sökməyə çalışıb. Necə yəni?! Bu, bizikmi?! Azərbaycanlı və qəbir sökmək?!.. Amma təəssüf ki, üzücü də olsa, həqiqətdir. Şəhidlərin yaxınları qəbirlərin Fəxri Xiyabana köçürülməsini tələb etmək məqsədilə bu təəssüf doğuran insidentə yol veriblər.
Şəhidlər də, onların yaxınları da bütün xalqın əzizi, doğmalarıdır. Amma bəzən doğma və əziz insanların da yanlışlığını ehtiyatla üzlərinə demək lazım gəlir. Bu yazını da o hal hesab edin.
Əslində şəhid ailələrinin əksər tələb və xahişləri hər zaman yerinə yetirilib. Postmüharibə dövründə də onların, eləcə də müharibə iştirakçısı olmuş keçmiş döyüşçü və qazilərimizin bütün tələbatlarının daim diqqətdə saxlanılacağı şübhə doğurmur. Amma şəhid qəbirlərinin dəfndən xeyli sonra köçürülməsi ilə bağlı ortaya qoyulan tələblər və bu gün qəbirlərə qarşı arzuolunmaz davranışlar düzgün və haqq qazandırılası bir hal deyil. Əzizmiz də olsanız, deməliyik: Belə olmamalı idi.

İnsidentin yaratdığı səbəb də ürəkaçan deyil. Çünki Fəxri Xiyabanda dəfn edilməklə bağlı xüsusi prosedur, konkret nəzərdə tutulan qaydalar mövcuddur. Orada dəfn olunanlar əsasən yüksək dövlət vəzifələri tutmuş şəxslər, müxtəlif sahələrdə çalışaraq fərqlənmiş insanlar, tanınmış elm, ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri, İkinci Dünya müharibəsi illərində göstərdiyi şəxsi igidlik və şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş adamlardır. Burada dəfn olunanlar arasında Azərbaycandan kənarda çalışsalar da, xalqa xidmətdə xüsusi fədakarlıq göstərmiş məşhur insanlar da var. "Fəxri Xiyaban" və "Şəhidlər Xiyabanı" bir qədər fərqli anlayışlardırlar. Bütün şəhidlər xiyabanları həm də fəxri xiyabandırlar, amma əksi doğru deyil.

Bu gün bir qrup şəhid məzarının sonradan qazılaraq, Fəxri Xiyabana köçürülməsi də düzgün olmaz. Heç əvvəldən də bütün şəhidlərin burada dəfn edilməsi real görünmürdü. Əslində həmin narazı ailələrin yaxınlarını dəfn edildiyi indiki qəbiristanlıq da əsla gözdən uzaq və ya hansısa arzuolunmaz, diqqətdən kənar bir məkan deyil. Müharibə zamanı Azərbaycanın ayrı-ayrı rayon və şəhərlərində də şəhidlərimizin müxtəlif qəbiristanlıq və ya xiyabanlarda dəfn edilməsi halları baş verdi. Heç bir ailə də dəfn mərasimindən, məkanın seçilməsindən narazı qalmadı. Elə dəfn olunan bu şəhidlərin yaxınları da ilk günlərdə əzizlərinin (daha doğrusu, əzizlərimizin) həmin ərazidəki qəbiristanlıqda torpağa tapşırılmasına etiraz etməmişdilər.
Digər tərəfdən, şəhidlərin uyuduğu hazırkı məkan yaxın gələcəkdə həm görünüşünə, həm də statusuna görə hörmətli və fərqli bir qəbiristanlığa çevriləcək. Yəni bu narazı şəhid ailələri əsla düşünməməlidirlər ki, onların övladlarının qəbirləri gözdən uzaq qalan, nəzarətsiz bir qəbiristanlıqda olacaq.

Əlbəttə, başa düşüləndir ki, bu, bir qrup narazı ailə övlad itkisinə görə ağır stress yaşayıb və ən xırda şeylər belə, onların yaralı qəlbinə toxuna bilər. Bu mənada, indiki qəbiristanlığın da həmin ailələrə xoş görünməməsi müəyyən mənada anlaşıla bilər. Ancaq qeyd etdiyimiz kimi yaxın vaxtlarda bu məkan möhtəşəmliyinə görə orada uyuyan Şəhidlərimizin adına layiq bir son mənzilə çevriləcək. Görünüşü kimi, statusu da dəyişəcək. Axı insana onun yatdığı məzarlıq hörmət gətirmir, əksinə, insanlar yatdıqları Məzarlığı hörmətə və ad-sana mindirirlər. Yasamal qəbiristanlığı ilə bağlı məsələdə də məhz belə olacaq.



Ümumiyyətlə, hansısa şəhidin nəşinin Fəxri Xiyabanda deyil, başqa qəbiristanlıqda dəfn edilməsi heç də şəhid ailəsinə və ya şəhidin özünə hörmətsizlik anlamına gəlməməlidir. Axı istəsək də, bütün şəhidlərimiz bir xiyabana yerləşməzdilər. Şəhidə hörmət, qiymət bu kimi məsələlərlə, meyarlarla ölçülmür. Ona görə əziz şəhidlərimizin əziz yaxınlarına səbr və təmkin diləyirik. Əminik ki, onların bu davranışlarını canını Vətən üçün fəda etmiş oğullar da təqdir etməzdilər. Onlar həm də ata-babalarımızın qəbirlərini dağıdanlara qarşı vuruşublar ki, bir daha bu ölkədə heç bir qəbir dağıdılmasın.

Bir qədər səbr edək, indi gözə xoş görünməyən qəbiristanlığın yaxın zamanlarda tamamilə fərqli görkəmdə və statusda olacağını görəcəyik.



Ən əsası, bilməliyik: Onların son mənzili hər bir vətəndaşın ürəyindədir. Bütün möhtəşəmliyi ilə!

Tural Tağıyev
Azvision.az


Teqlər: Fəxri-xiyaban   Şəhid  





Xəbər lenti