“Zərifin qələbə təbriki bizim üçün əhəmiyyətlidir” - Politoloq

 “Zərifin qələbə təbriki bizim üçün əhəmiyyətlidir” -  Politoloq
  25 Yanvar 2021    Oxunub:2670
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfər etməsi iki ölkə arasında postmüharibə dövründə də yeni əməkdaşlıq imkanlarının yaradılacağından xəbər verir.
Bunu Azvision.az-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, İran XİN rəhbərinin Bakıda səsləndirdiyi fikirlər kifayət qədər diqqət çəkib:

“Onun yanvarın 25-də Prezident İlham Əliyevlə görüşdə səsləndirdiyi fikirləri bir neçə hissəyə bölmək olar. Birincisi, İranın xarici işlər naziri Azərbaycan Prezidentini və xalqını işğal altındakı ərazilərin azad edilməsi münasibətilə təbrik etdi. Zərif Azərbaycanın Ermənistan üzərindəki qələbəsiylə bağlı başqa cümlələr də işlətdi. Məsələn “ölkəniz və region baxımından bu qələbə Sizin rəhbərliyiniz və Azərbaycan xalqının mətanəti sayəsində mümkün oldu. Ümid edirik ki, bu, region dövlətləri arasında dinc və normal münasibətlərin başlanğıcı olacaqdır”.

İran rəsmisinin Azərbaycanı işğalçı üzərində qələbə münasibətilə təbrik etməsi ölkəmiz və Azərbaycan-İran əməkdaşlığı üçün əhəmiyyətlidir. İran rəsmiləri müharibəyə qədər deyərdilər ki, Dağlıq Qarabağ münaqişəsini güc yolu ilə deyil, yalnız danışıqlarla həll etmək olar. Azərbaycan bu reallığı dəyişdi və Tehran müharibə ilə qələbə reallığını qəbul etdi. Zərif Azərbaycandan sonra Ermənistana səfər edəcək. Aydındır ki, İranın xarici işlər naziri Bakıda dediklərini İrəvanda təkrarlamayacaq. Ancaq Zərifin Bakıda qələbə ilə bağlı söylədikləri müxtəlif dillərə tərcümə ediləcək və Ermənistanda da oxunacaq. Ermənistanda görəcəklər ki, İran Azərbaycanın qələbəsini və Dağlıq Qarabağın Azərbaycana məxsusluğunu birmənalı tanıyıb”.



Politoloq ikinci məqam kimi Tehranın Azərbaycanın müharibədə qələbəsindən sonra regional əməkdaşlığın genişlənməsində Bakı və Ankara qədər maraqlı olmasını göstərdiyini qeyd edib:

“Zərif Tehranın “3+3” əməkdaşlıq formatını qəbul etdiklərini deyib Konkret fikri isə belə olub: “Sizin sülhlə bağlı təqdim etdiyiniz baxışınızın müzakirəsi və onun reallığa çevrilməsini təmin etmək üçün çalışacağam, çünki region ölkələrinin bir-biri ilə əməkdaşlıq edə bilməsi hamımızın maraqlarına uyğundur”. Üçüncü məqam isə, İranın azad edilmiş ərazilərin bərpasında iştirak etmək istəyidir. Bu da Azərbaycanın maraqlarına uyğundur. Bununla İran bir daha Dağlıq Qarabağın Azərbaycana məxsusluğunu təsdiq etmiş olacaq. “Azərbaycanın ərazi bütövlüyünü bərpası və işğala son qoyulması, habelə azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq imkanı əldə etməsindən sonra artıq normal vəziyyət mövcuddur və İran bu işdə yardımçı olmaq arzusundadır” – sözləri də Tehranın işğaldan azad olunmuş bölgələrdə çalışmaq istəyindən xəbər verir. Bunlardan biri artıq reallaşıb. İranla Azərbaycan Xudafərin su anbarından birgə istifadə etməyə başlayıblar, gələcəkdə Araz çayı üzərində elektrik stansiyasının tikintisi planlaşdırılır. Yəni Azərbaycan torpaqları azad edildikdən sonra həmin ərazilərdə elektrikin təmini üçün ilk çalışmalara başlayan İran şirkətləri oldu. İranla Azərbaycan Ordubad və Marazad elektrik stansiyaları ilə bağlı işləri davam etdirirlər”.

Beləliklə, müharibədən sonra Azərbaycanla İran arasında əməkdaşlığı inkişaf etdirmək üçün yeni imkanlar açılıb. Bunu Prezident İlham Əliyev də Zərifi qəbul edərkən vurğuladı. “Biz işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək şirkətlər arasında İran şirkətlərini görməyə çox şad olarıq”- deyən Prezident İlham Əliyev iki ölkə arasında əməkdaşlığın səviyyəsindən çox məmnun qaldığını bildirib. İran və Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizini də gücləndirməkdə maraqlıdırlar. 2020-ci ildə bu marşrutla yükdaşımaların həcmi 20 faiz artıb. Bu isə müsbət nailiyyətdir.

Tural Tağıyev
Azvision.az


Teqlər: İran   Zərif  





Xəbər lenti