“Əsgərlərimizin çıxdığı qayalara baxanda təəccüb məni boğdu” - Fərhad Bədəlbəyli

  25 Yanvar 2021    Oxunub : 12012
 “Əsgərlərimizin çıxdığı qayalara baxanda təəccüb məni boğdu” -  Fərhad Bədəlbəyli
“73 yaşım var. Bu illər ərzində mənə xeyli sayda ordenlər, fəxri adlar verilib. Birinciliklər qazanmışam. Ancaq heç bir mükafat azad Şuşada ətrafı seyr etməyin yerini verə bilməz”.
Bunu Azvision.az -a Xalq artisti Fərhad Bədəlbəyli Azərbaycanın Rusiyadakı səfiri Poad Bülbüloğlu ilə birgə bir neçə gün öncə Şuşaya səfərindən danışarkən deyib. Bəstəkar erməni faşizmindən dəhşətə gəldiyini bildirib.

“Füzulidən keçərkən dağılan kəndləri görüb dəhşətə gəldik. Mən indiyə kimi belə bir şey görməmişəm. Yalnız İkinci Dünya Müharibəsi haqqında filmlərdə bu səhnələri görmək olardı. Amma faşistlər belə ermənilərin yanında toya getməli olublar. Təsəvvür edin, keçdiyimiz rayonlarda yaşayışın heç bir əlaməti yox idi. Salamat bir divar görəndə sevinirdin ki, burada haçansa insan yaşayıb. Hər yeri minalayıblar. Ayağını bir balaca kənara atdınsa, hər an qurbana çevrilə bilərsən.

İçində olduğumuz maşını Polad özü idarə edirdi. Biz asta sürətlə hərbi maşının arxasınca gedirdik. Buna görə də ətrafı diqqətlə nəzərdən keçirməyə vaxtım olurdu. Fikirləşirəm ki, o yerləri minalardan təmizləmək, yenidən insan nəfəsi vermək üçün hələ illər lazım olacaq. Ermənilər oralarda ağıla sığmayan vəhşiliklər ediblər.

Biz bir neçə saat getdikdən sonra sülhməramlıların müşayiəti ilə növbəti posta qədər yol qət etdik. Özümüzlə əsgərlərimizə vermək üçün siqaret, corab, əlcək götürmüşdük”.

Bəstəkar ünvana çatanda şəhərin adı yazımış yüksəkliyi ziyarət etdiklərini və Şuşadan üzr istədiyini dilə gətirib.

“Dedim, Şuşa, bizi bağışla ki, sən 30 il düşmənin əsarətində qaldın. Kənarda dayanan əsgər mənə təəccüblə baxıb, niyə belə etdiyimlə maraqlandı. Dedim, bala, sən bilməzsən, biz təqsirkarıq, sən qəhrəmansan. Daha sonra əsgərdən harada vuruşduğunu soruşdum. Şuşa döyüşlərində iştirak etdiyini bildirdi. Qeyri-ixtiyari çevrilib qayalara baxdım. Yenə də təəccüb məni boğdu. Axı bu qayalarla onlar necə qalxıblar?! Bu qeyri-mümkün idi. Əsgərin danışdıqları ancaq kinoda ola bilərdi. Amma bu kino deyildi, onlar doğurdan da qayalıqlarla dırmaşıb Şuşanı azad etmişdilər. Çox qəribə hisslər, fikirlər başımı dumanlandırmışdı. Beynimdə “bu qəhrəmanlığın ən yüksək dərəcəsidir” deyə təkrar edirdim.

Kimsə orada Poladdan oxumağını xahiş etdi. Biz bütün gecəni oyaq qalmışdıq. Düşündüm ki, o boyda yorğunluqdan sonra ona çətin olar. Əksinə Polad yalnış not buraxmadan elə oxudu ki. Yəqin, atasının evi onu kövrəltmişdi. Biz həmin evdə axrıncı dəfə 2007-ci ildə Şuşaya gedəndə olmuşduq. Onda özümü saxlaya bilməmişdim, ağlamışdım. Bu səfər isə başqa hisslər var idi, daha kövrəlmirdim, qalib kimi gəlmişdim.

Ermənilər mənim ulu babam Qacarın, həmçinin atam Şəmsi Bədəlbəylinin anadan olduğu evi də dağıdıblar. Heç bir şey qalmayıb. Polad ata evini bərpa edəcəyini deyəndə, mənim də ürəyimdən baba yurdumu yenidən tikmək keçdi.

Şuşada SSRİ zamanı tikilmiş dəxlisiz, simasız binlar da gözümə dəydi. Mən əminəm ki, o binaları dağıdıb, fərqli quruluşda, Şuşanın qədimliyini əks etdirən evlər tikəcəklər. Şuşa şəhər muzeyə çevrilməlidir”.

F. Bədəlbəyli Şuşanın onları qarlı və günəşli hava ilə qarşıladığını söyləyib:

“Qar, açıq səma və günəş var idi. Yüksəklikdən aşağıları rahatlıqla görmək olurdu. Daşaltı kəndinə baxdım. Orada 1992-ci ilin yanvar ayının 25-də keçirilən əməliyyatda dostum Riad Əhmədov şəhid olmuşdu. Onu xatırladım, kövrəldim. Dedim, rahat uyu, qanın yerdə qalmadı”.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: FərhadBədəlbəyli   Bəstəkar