AzTV-dən keçmiş redaktorun iddialarına cavab

  23 Yanvar 2021    Oxunub : 2206
AzTV-dən keçmiş redaktorun iddialarına cavab
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) keçmiş əməkdaşı Səidə Vəliyevanın işdən çıxarılması ilə bağlı iddialarına aydınlıq gətirib.
Azvision.az -ın məlumatına görə, AzTV-dən keçmiş redaktorun səsləndirdiyi ittihamların əsassız olduğu bildirilib.

Bununla bağlı açıqlamada deyilir: “Dəfələrlə etdiyimiz müraciətlərə baxmayaraq, yenə də “peşəkar” internet tv-lərin və ya bəzi saytların birtərəfli yazılarının, birtərəfli müsahibələrinin şahidi oluruq. Haqdan və ədalətdən, obyektivlikdən danışan, amma jurnalistikanın başlıca prinsiplərini ya savadsızlıqları, ya da “nənəm mənə kor deyib, gələn gedənə vur deyib” prinsipindən çıxış edərək görməzlikdən gələn həmin “media maqnatları”nın özlərinə əxlaq, etika dərsi keçilsəydi, çox yaxşı olardı. Çünki jurnalistika ilk növbədə əxlaq, etika və ailə tərbiyəsindən başlayır.

AzTV olaraq onu deyə bilərik ki, Səidə Vəliyevanın sözlərində həqiqətən də doğru məqamlar var. Məsələn, bu xanım doğrudan da 2006-cı ildən 2020-ci ilə kimi QSC-də redaktor kimi çalışıb. Amma hansı savad və ya hansı diplomla? Maraqlıdır ki, “TV-də 14 ildir redaktor kimi çalışmışam” deyən S. Vəliyevanın ali təhsili belə yoxdur. Bu adam cəmi 2 illik kurs bitirb. Əlbəttə, diplom heç də hər şeyi həll etmir. Jurnalistikada həqiqətən diplomu olmayan, amma istedadlı insanlar var. Lakin onlar illərlə adı işdə, özü isə başqa yerdə prinsipi ilə çalışmır. Fikir verin, bu adam TV-də fəaliyyət göstərdiyi 14 il ərzində cəmi 6 dəfə qonorar alıb. 6 dəfə... Təsəvvür edirsiniz? Qonorar isə heç şübhəsiz ki, gördüyün işə görə verilir. İşləmirsənsə qonorar da olmayacaq. 14 ildə cəmi 6 dəfə qonorar almaq nə deməkdir? sualına cavab tapmaq üçünsə TV-də işləməyə belə ehtiyac yoxdur. Bunun üçün yüngül məntiq belə yetər”

Məlumatda, həmçinin qeyd edilib ki, illərdir bu prinsiplə çalışan S. Vəliyevanın iş görmədiyi bir yana, işə gəlmədiyi də TV-də hər kəsə yaxşı məlum idi:

“Məsələni aydınlaşdırmaq üçün sədr Rövşən Məmmədov həmin əməkdaşı bir neçə dəfə qəbul etdi. Ona 3 gün ərzində düşünüb çalışmaq istədiyi layihənin sinopsisini (ilkin ssenarisini) hazırlamağı tapşırdı. Lakin həmin görüşdən 3 həftə keçsə də S. Vəliyevadan xəbər çıxmadı. Sədrin köməkçisi onunla əlaqə saxlayanda isə “mən hələ düşünürəm” deyib. Belə olan halda TV rəhbəri nə etməlidir? İşə gəlməyən, işləmək üçün ibtidai savadı belə olmayan, zatən yazısından və danışığından adamın hansı təfəkkürə və savada sahib olduğu da bilinir, əməkdaşla çalışmaqda davam etməlidir? Əlavə edək ki, çalışdığı müddət ərzində S. Vəliyevadan müxtəlif bank və telefon dükanlarından borcların zamanında qaytarılmamasına görə onlarla şikayət məktubları daxil olub.

Bir sözlə, yaxşı olardı ki, S. Vəliyeva 14 il ərzində AzTV-dəki fəaliyyətindən yox, fəaliyyətsizliyindən danışsın. Bu xanımın istər əməkdaşların maaş və qonorarı, istərsə də kadrların işə qəbulu prinsipi ilə bağlı dediyi fikirlər isə sadəcə olaraq yalan və böhtandır. Yox əgər, əlində dediyi kimi tutarlı faktlar varsa biz də xahiş edirik ki, müvafiq qurumlara müraciət etsin. Amma etməyəcək. Çünki bir daha deyirik, yalandır. Yalansa ayaq tutar, yeriməz. S. Vəliyeva öz yerində. İnsan öz savad və məntiqindən çıxış edərək hadisələri analiz edir. Bu yalan və böhtanlara meydan verən bumerang formalı əqidəyə sahib “həmkarlarımıza” da demək istərdik ki, sizin işiniz öncə yalanı təbliğ edib “qarşı tərəfə də söz demək haqqı veririk” kimi cılız və reketçilik prinsipi əsasında fəaliyyət göstərmək deyil. Sizin işiniz öncə araşdırıb, hər iki tərəfin mövqeyini öyrənib daha sonra ictimaiyyəti məlumatlandırmaqdır. Amma əqidəsi elə loqoları kimi əyri olanlar çətin anlasın. Çünki dediyimiz kimi, bu, savad, intellekt və ya etika məsələsindən də öncə ailə tərbiyəsi ilə birbaşa bağlıdır. O isə təəssüf ki, sonradan qazanılmır”.

Azvision.az

Teqlər: AzTV