Şuşa: Ermənilərin vandalizm nümunəsinə çevrilən şəhər

    Şuşa:  Ermənilərin vandalizm nümunəsinə çevrilən şəhər
  21 Yanvar 2021    Oxunub:2965
Dünən Ermənistanın xarici işlər naziri Ara Ayvazyan Azərbaycan-Ermənistan münasibətləri haqqında danışarkən sərsəm fikirlər səsləndirib. O Şuşanın ermənilərin mədəniyyət mərkəzi olduğunu deyib.
Maraqlıdır ki, Ermənistanın baş diplomatının Azərbaycanın tarixi və əzəli şəhəri haqqında belə absurd fikirlər səsləndirməsi deyil, baş nazir Nikol Paşinyan Şuşa haqqında tam fərqli bir fikir söyləməsi ölkə gündəminə çevrilib.

Xatırladaq ki, parlamentdəki “hökumət saatı”nda danışıqlar prosesi zamanı azərbaycanlı qaçqınların Şuşaya qayıtmayacağı variantının olmadığını söyləyən baş nazir bildirib ki, Şuşada yaşayanların 90 faizdən çoxu azərbaycanlı olub.

“Əhalisinin 90 faizdən çoxunun azərbaycanlı olduğu Şuşa şəhərinin ermənilərin olduğunu nəzərdə tutursunuz?" - deyə deputata sual edib.

Ermənistanın hakim “Mənim addımım” fraksiyasından olan deputatlar isə baş nazir Nikol Paşinyanın Şuşa ilə bağlı söylədiyi haqlı fikirlərə münasibət bildirməkdən imtina ediblər. Gevorq Papoyan, Nazeli Baqdasaryan və Suren Qriqoryan jurnalistlərin Şuşanın kimə məxsus olmasına dair sualdan yayınıblar.

Sual yaranır, XİN rəhbərinin iddia etdiyi “erməni mədəniyyətinin mərkəzi” olan Şuşanı baş nazir necə Azərbaycan şəhəri kimi tanıyır? Şuşanın erməni şəhəri olmasına əminlik vardısa, niyə Ayvazyanla eyni komandanı təmsil edən deputatlar belə bu sualdan qaçıblar? Qısası, XİN başçısının danışdığı yeni nağılları elə ilk olaraq öz ölkəsində ifşa etdilər.



Bundan başqa, erməni nazirin absurd fikirlərini ifşa edən digər maraqlı məqamlar və faktlar da mövcuddur. Məsələn, müharibə ərzində, eləcə də atəşkəs dövründə erməni xalqının və dövlətinin işğal edilmiş ərazilərdə hansı səviyyədə vəhşiliklər edərək dağıntılar törətməsi hər kəsə bəllidir. Tarixi-mədəni və ümumilikdə bütün yaşayış binaları, hətta qəbiristanlıqları belə yox edən bir dövlət hansı mədəniyyətdən danışır? Əgər A.Ayvazyan dediklərinə özü inanırsa, necə olur ki, onun təmsil etdiyi Ermənistan “ermənilərin mədəniyyət mərkəzi” olan Şuşa şəhərini də yerlə-yeksan edib, burada maddi və mədəni irsi dağıdıb, məhv edib. Nəinki Şuşa, Kəlbəcər, Laçında belə tarixən yaşadıqlarını iddia edən ermənilər buradan çıxarkən niyə vəhşicəsinə dağıntılara yol verdilər, ekoloji terrordan belə yan keçmədilər? Ayvazyan hətta Kəlbəcərdəki kilsənin nəinki zəngi, dam örtüyünün də sökülüb aparılmasına olan cəhdləri undurmu? Əslində onların alban kilsələrinə qarşı həyata keçirdikləri vandalizm aktları, müharibədən sonra verilən möhlət zamanı fürsətdən istifadə edib Xudavəng monastırını sökmələri və onun elementlərini Ermənistana aparmaları əsl erməni "mədəniyyəti" nümunəsi idi. ”Hansı “müdrik” və öz “dəyərlərinə”, “tarixinə”, “mədəniyyətinə” qiymət verən xalq bu vəhşilik və absurd davranışları edərdi?
Sirr deyil ki, tarix boyu Qarabağın əksər guşələrində olduğu kimi Şuşada da olan hər bir tikili, tarixi abidə və mədəniyyət ocağı milli koloritlərimizlə zəngin olub. Məhz bu amilə görə 30 il ərzində onların böyük əksəriyyəti məhv edildi ki, şəhərdə Azərbaycan, türk, islam ab-havası qalmasın!



Hətta bununla bağlı ölkə başçısı da qəti və sərt şəkildə bildirmişdi ki, işğalçılar Şuşanı erməniləşdirə bilməzdilər, o əsl sahibinə qayıtdıqdan sonra daha da dirçələcək. Əslində Ayvazyanlara ən tutarlı və sərt cavabı elə Ali Baş Komandan zamanında Şuşada vermişdi. Xatırladaq ki, Azərbaycan Prezidenti yanvarın 14-də tarixi şəhərimizə səfər edərkən buradan bir sıra vacib və düşmənə ciddi mesaj sayılacaq bəyanatlar səsləndirmişdi. O Şuşadakı çıxışında bildirib ki, “ermənilərin ürəyində nə qədər düşmənçilik hissi olmalı idi ki, bax, bu vəhşiliyi törətsinlər... Erməni vandalları bizim bütün şəhərlərimizi yerlə-yeksan etdilər. İndi azad edilmiş torpaqlarda olarkən bunu öz gözümlə görürəm və bütün dünya görməlidir”.
Prezident İlham Əliyev Şuşaya səfərində ona da işarə etmişdi ki, ermənilər 30 il ərzində şəhəri yalnız dağıtmaqla məşğul olmayıblar, burada özləri üçün şərait qurmaqla da məşğul olublar: “Ermənistan saxtakarlıq edərək bütün dünyaya Şuşa haqqında uydurmalar çatdırırdı ki, guya Şuşa onların qədim şəhəridir. Pənahəli xanın saldığı şəhər necə erməni şəhəri ola bilər?! Axı, bu, yaxın tarixin işidir, hadisələridir. Əgər onlar bu şəhəri öz şəhəri hesab edirdilərsə, nə üçün belə bərbad vəziyyətə qoydular, nə üçün bütün binaları dağıtdılar? Görün, nə gündədir bu şəhər?! Daş üstə daş qalmayıb 30 il ərzində, ancaq özləri üçün villalar tikdiriblər, özləri üçün şərait yaradıblar”.

Həqiqətən də erməni barbarlığı təsvir edilməyəcək dərəcədə pik həddə çatmışdı. İşğalçılar, vəhşilər bu illər ərzində nəinki Şuşada dağıntılar törədiblər, Ağdam və Füzulini belə tamamilə məhv ediblər. Təsadüfi deyil ki, əsgərlərimiz Füzulini azad edərkən şəhərə bayraq asmaq üçün salamat bina tapmamışdılar...

İndi erməni XİN rəhbərinin bütün bunlardan sonra Şuşa kimi Qarabağın, Azərbaycanın və ümumilikdə regionun gözü, mədəniyyət mərkəzi sayılan bir şəhər haqqında danışmağa haqqı çatmamalıdır.

Ayvazyan yaratdıqları bu acı reallığa, vandalizmə görə xəcalət çəkmək, üzrxahlıq etmək əvəzinə, sərsəm açıqlamalar verir. Bu Pənahəli xanın yadigarı olan şəhər heç vaxt erməni mədəniyyətinin mərkəzi olmayıb, ola da bilməz. Əslində Şuşa erməni vandalizminin nümunəsi kimi tarixə həkk olub. Bu gün Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa bütövlükdə Türk və İslam dünyasının da mədəniyyət paytaxtı olmağa tam layiqdir.

Tural Tağıyev
Azvision.az



Teqlər: Şuşa   Vandalizm   Qarabağ  





Xəbər lenti