“Dostluq” yatağı iki ölkə arasında qardaşlığın rəmzinə çevrilir"- Deputat

  21 Yanvar 2021    Oxunub : 3025
   “Dostluq” yatağı iki ölkə arasında qardaşlığın rəmzinə çevrilir"-   Deputat
“Azərbaycan və Türkmənistan arasında “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması olduqca mühüm hadisədir”.
Bunu Azvision.az –a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, bu, istər iki dost və qardaş ölkənin enerji sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, istərsə də bütövlükdə regionumuzda yeni tərəfdaşlıq və tranzit kommunikasiyalarının inkişafı perspektivləri baxımından əhəmiyyətlidir:

“Əslində isə bu hadisə həm də bütövlükdə Xəzər ekvatoriyasında yeni tərəfdaşlıq və əməkdaşlıq platforması yaradılması ilə əlamətdardır. Məsələ ondadır ki, Türkmənistan və Azərbaycanın dəniz sərhədlərinin kəsişməsində yerləşən bu mühüm karbohidrogen ehtiyatları yatağı çox da uzaq olmayan keçmişdə bəzi mərkəzlər tərəfindən siyasi istismar mövzusuna çevrilməyə cəhd edilirdi. Ancaq bu gün “Dostluq” yatağı iki ölkə arasında elə dostluq və qardaşlığın rəmzinə çevrilir. Əslində Xəzər dənizinin sülh və əməkdaşlıq dənizinə çevrilməsi hələ ötən əsrin 90-cı illərində böyük dövlət xadimi Heydər Əliyev tərəfindən həyata keçirilən neft siyasəti strategiyası ilə bağlıdır. Xəzərdə iqtisadi maraqların önə çəkilməsi onun militarizə edilməsinin qarşısını aldı”.

Deputat qeyd edib ki, “Əsrin müqaviləsi”nin imzalanması isə bu istiqamətdə yeni mərhələ açdı, Xəzər hövzəsinə külli miqdarda investisiyanın cəlb olunması onun təhlükəsizliyini təmin edən tədbirlərlə nəticələndi.

"Bundan sonra Xəzərin hüquqi statusunun müəyyən edilməsi istiqamətində intensiv tədbirlər həyata keçirildi. Əvvəlcə Xəzər dənizinin şimal hissəsinin səthinin bölünməsi ilə bağlı Azərbaycan Qazaxıstan və Rusiya ilə razılaşma əldə edə bildi. Nəhayət 2018-ci ildə Xəzərin hüququ statusu da müəyyən edildi. Beləliklə də, Xəzər dənizinin şərqində yerləşən qardaş Türkmənistanla yeni əməkdaşlıq perspektivləri yarandı. Azərbaycan Prezidenti İlham Əliyevin 2008 və 2018-ci illərdə Türkmənistana səfər etməsi eyni zamanda Türkmənistan prezidentinin Azərbaycana səfərləri qarşılıqlı etimada əsaslanan yeni keyfiyyət mərhələsi yaratdı. Yəni Azərbaycan Xəzər dənizinin əməkdaşlıq və sülh dənizinə çevrilməsində mühüm enerji strategiyası müəyyənləşdirə bildi və hazırda tərəfdaş ölkələrlə birlikdə bunun nəticələrini görür. Nəticələr isə bütün Xəzərətrafı xalqların rifahı və inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Ona görə də, “Dostluq” karbohidrogen ehtiyatları yatağının birgə istismarı ilə bağlı əldə edilən razılaşma əlamətdar tarixi hadisə kimi qiymətləndirilməlidir”.

Tural Tağıyev
Azvision.az

Teqlər: Dostluq-yatağı   Deputat   Xəzər-dənizi