20 Yanvar faciəsi Peru mətbuatında

20 Yanvar faciəsi Peru mətbuatında
  20 Yanvar 2021    Oxunub:1339
Perunun böyük oxucu kütləsinə malik “La Razon” və “Prensa21” xəbər portallarında “20 Yanvar faciəsi - müstəqilliyin yüksək qiyməti” sərlövhəli məqalə dərc olunub.
Azərbaycanın Meksikadakı səfirliyindən Azvision.az -a verilən məlumata görə, yazılarda tarixdə mülki əhaliyə qarşı törədilmiş ən amansız qətliamlardan olan 20 Yanvar faciəsi zamanı keçmiş sovet respublikaları arasında ilk dəfə müstəqillik hərəkatı başlatmış Azərbaycanda bu hərəkatı yatırtmaq və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına münasibətdə sovet rəhbərliyinin ədalətsiz mövqeyinə etiraz edən Azərbaycan xalqının iradəsini sındırmaq üçün M.Qorbaçovun göstərişi ilə 26 minlik sovet qoşununun paytaxt Bakıya yeridildiyi bildirilir. Qəddar sovet maşınının bu müdaxiləsi zamanı qadın və uşaqlar da daxil olmaqla 147 dinc etirazçının amansızcasına qətlə yetirildiyi, 700-dən çox insanın yaralandığı qeyd olunur.

Eyni zamanda, digər respublikalara da xəbərdarlıq məqsədi daşıyan bu əməliyyatın faciəvi nəticələrinə baxmayaraq, 20 yanvar gününün Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrildiyi, bu qanlı müdaxilənin xalqımızın iradəsini sarsıda bilmədiyi, Azərbaycanın 1991-ci ildə nəhayət öz müstəqilliyini elan etdiyi və Ermənistanın növbəti 30 ilə yaxın dövr ərzindəki hərbi təcavüzünə, Azərbaycan ərazilərinin 20 faizini işğal etməsinə və 1 milyona yaxın soydaşımızı məcburi köçkünə çevirməsinə baxmayaraq, ölkəmizin regionun hərtərəfli liderinə çevrildiyi qeyd edilir.

Sonda 20 Yanvar faciəsi qurbanlarının builki anım mərasiminin Azərbaycanın Vətən müharibəsindəki Qələbəsindən sonrakı ilk mərasim olduğu, ölkəsinin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş və adını ölkə tarixinə öz qanı ilə həkk etmiş soydaşlarımızın övladlarının 31 il sonra sələflərinin qəhrəmanlığını təkrar edərək Vətəninin ərazi bütövlüyünün bərpası uğrunda həyatını qurban verdiyi, bu səbəbdən də Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağı deyilir.





Azvision.az


Teqlər: Peru   Mətbuat   20Yanvar  





Xəbər lenti