“Bizi güllə yağışına tutanlar uzun saçlı əsgərlər idi” - 20 Yanvar şahidi

  20 Yanvar 2021    Oxunub : 8676
“Bizi güllə yağışına tutanlar uzun saçlı əsgərlər idi” -  20 Yanvar şahidi
Azərbaycana qarşı 70 il davam edən sovet təcavüzü 1990-cı ilin 20 yanvar tarixində dəhşətli faciə ilə nəticələndi. 31 il öncə törədilən qətliam tariximizin xronologiyasına ən ağır cinayətlərdən biri kimi həkk olundu. Milli azadlıq və ərazi bütövlüyü uğrunda minlərlə insan həmin gün mübarizəyə qalxdı. Nəticədə 137 günahsız insan amansızlıqla qətlə yetirildi, yüzlərlə mülki şəxs yaralandı. Bakı bir anda qan gölünə döndü...
Həmin günün şahidləri qanlı gecənin dəhşətli xatirələrini 31 ildir unuda bilmirlər. Dünən olmuş kimi ürəkyanğısı ilə xatırlayır, xalqımızın başına gətirilən müsibətləri gözyaşları ilə ifadə etməyə çalışırlar.



Həmsöhbətimiz II qrup 20 yanvar əlili Sahib Əlizadə faciə gecəsinin canlı şahididir. O zaman Bakı Baş Tikinti İdarəsinin kommunal şöbəsində işləyən S.Əlizadə Azvision.az -a bildirib ki, kiçik qardaşı ilə birlikdə həmin gecə meydanlara çıxaraq, silahlı rus əsgərlərinin qarşısında durub.

“20 Yanvar faciəsi birdən-birə olmadı. Bu, 1988-ci ildən başlayan azadlığa gedən yol idi. Əsgəranda iki vətəndaşımızı ermənilərin vəhşicəsinə öldürməsi, Topxana hadisələri, ermənilərin Qarabağı Ermənistana birləşdirmək niyyətləri, mərkəzi orqanların buna laqeyd münasibəti xalqı hiddətləndirdi, minlərlə insanın ayağa qalxmasına səbəb oldu. Azərbaycanın SSRİ-nin tərkibindən çıxması haqqında siyasi tələb qoyuldu. Artıq görürdük ki, ermənipərəst qüvvələr mərkəzdən güclü işləyir. Qorbaçov ermənilərə satılmış insan idi.



Bu hadisələrin fonunda mərkəzdə Bakı, Azərbaycana silahlı qüvvələrin yeridilməsi, xalqa təcavüz olunması planları gedirdi. İmperiyanın qoşun yeritmək istəməsi xəbərləri artıq xalqın içərisində yayılmışdı. Nəticədə insanlar ordunun girməsi mümkün olan istiqamətlərdə sipərlər qurmağa başladı. Həmin hadisələr baş verən gecə mən də meydanda idi. Gündüz yorulmuşdum, evə gəldim ki, yemək yeyim, yenidən qayıdım. Yanvarın 19-u axşam 8-ə işləyirdi. Televizor vasitəsilə informasiyanı alırdıq. Yazov, Baqatin gəlmişdi və söz verilmişdi ki, xalqa təcavüz olunmayacaq, ordu şəhərə girməyəcək. Lakin deyilən vədlərə inanmırdıq, çünki 35 min ordu şəhərə girməyə hazır idi. Saat 8 radələrində televiziyaya baxdığımız yerdə yayım kəsildi. İşıq saçan güllələrin göydə hiss olunması məndə fikir yaratdı ki, xalqa hücum etmək istəyirlər. Evdə dedim ki, mən gedirəm, kiçik qardaşım də mənimlə gəldi. O zaman Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun yanında qalırdıq. Oradan XI Qızıl Ordu meydanına qaça-qaça gəldik. Həmin gün hava çiskinli, yağıntılı idi. Meydanda böyük izdiham var idi, iynə atsan yerə düşməzdi”.



Hazırda 66 yaşı olan S.Əlizadə qeyd edib ki, Sovet ordusunun şəhərə girişi mümkün olan yollar maşınlarla bağlanmışdı, yalnız Mətbuat prospekti açıq idi: Çünki qoşunların Biləcəridən və Salyan kazarmasından gəlişi gözlənilirdi.

Həmsöhbətimizin dediyinə görə, artıq gecə saat 12-də vəziyyət dəyişdi, işıqlar söndü və ordu meydana daxil oldu.

“İnsanlara amansızcasına qəsd edən, öldürən, güllə yağışına tutanlar uzun saçlı əsgərlər idi. Sonradan bildik ki, bunlar Stavropol, Krasnodardan gətirilən ehtiyatda olan ermənilər idi. Onlara narkotik, içki verib azğınlaşdırmışdılar və xalqın üstünə hücuma salmışdılar. Həmin qüvvələri Azərbaycan xalqını qırmaq üçün gətirmişdilər. Onlar xalqa qarşı qadağan olunmuş odlu silahlardan istifadə edirdilər. Bunlar mərkəzdən qaçan güllə, zəhərli güllə, bədənə girib qumbara kimi partlayıb dağıdan güllələr idi.

Orada “Jiquli” var idi, baqajını açmışdı, deyirdi ki, “molotof kokteyli var, kim istəyirsə götürsün”. Birini də mən götürdüm, çünki əlimizdə başqa heç nə yox idi. Tanklar meydana girdi və kənara çəkilib, onu meydana girən ikinci BTR-in üstünə atdım. Atmağımla kiçik qardaşıma dedim ki, başımızı ağacın gövdəsinə qoyaq, çünki işıq projektorunu çöndərib güllə atırdılar. Özüm uzandım, qardaşımı da yanımda uzandırdım ki, nəsə olsa mənə olsun, ona heç nə olmasın. Bir saniyə keçmədi, gördüm ki, sol ayağım sallandı. Bədənə girib bomba kimi partlayan güllə atılmışdı. Həmin an yanımıza bir nəfər gəldi, dedi “narahat olma mən həkiməm” və iynə vurdu. Ayağımı xilas edən o iynə oldu. Sonradan qardaşım bir nəfərin köməyi ilə məni Respublika Xəstəxanasına apardı”.



S.Əlizadə vurğulayıb ki, silahsız insanları qətlə yetirmək vəhşilikdir:

“Oradan bir zabit çıxıb deyə bilərdi ki, dağılışın və yaxud tələblərinizi yazılı sürətdə verin, nümayəndə göndərin və s. Lakin onlar amansızlıqla insanları öldürməyi üstün tutdular. Məni xəstəxanaya apardılar. İşıqlar söndürüldüyü üçün həkimlər qəzet yandırıb, məni onun işığında əməliyyat edirdilər. Onlar ilk dəfə güllə yarası görürdülər. Bütün xəstələr ayağa qalxmışdı ki, yerlərini həmin gün yaralı vəziyyətdə gətirilənlərə versinlər. Xəstəxananın bütün qapılarını bağlamışdılar, çünki hərbçilərin gələcəyini bilirdilər. Hərbçilər gəlib xəstəxananın qapılarını döyürdülər ki, açsınlar. Onlar izi itirmək istəyirdilər. Yaralı, şəhid varsa aparmaq istəyirdilər. Plan belə idi, hərbi gəmilər Bakı buxtasına girməli və onlar daşınmalı idi. Burada isə böyük qəhrəmanlıq bizim gəmiçilərin üzərinə düşdü. Onlar, gəmi kapitanı Sabit Orucov başda olmaqla böyük şücaət, qəhrəmanlıq göstərdi. Buxtanı bağladılar, hərbi gəmilərin girməsinə icazə vermədilər”.



Həmsöhbətimiz qeyd edib ki, 20 yanvar gecəsi Bakı qan gölünə dönmüşdü, hər tərəfdə yaralı insanlar var idi.

“Hər yerdə silahsız insanların qışqırtıları, harayları eşidilirdi. O gecə sanki insan qırılmırdı, canlıların üstündən keçilirdi. Bununla belə onlar xalqın iradəsini sındıra bilmədilər. Komendant saatında milyonlarla insan şəhidlərin dəfnində iştirak etdi.

Bu gün ona sevinirəm ki, müzəffər Ordumuz Qarabağı geri qaytardı. O zaman biz xəstəxanada yatanda yüzlərlə insan yanımıza gəlirdi. Qarabağda yaşayanlar, Şuşadan, Kəlbəcərdən gələnlər bizi ziyarət edirdilər. Onlarla bərabər məktəblilər gəlirdi. Həmin məktəblilər bu gün Vətən Müharibəsində iştirak edib torpaqlarımızı geri qaytardı. Bizim, şəhidlərin qanını yerdə qoymadılar”.

Aytən Zəhra
Azvision.az

Teqlər: 20yanvar