Siyavuş Novruzov komitənin ilk iclasını keçirdi

Siyavuş Novruzov komitənin ilk iclasını keçirdi
  19 Yanvar 2021    Oxunub:2227
Yanvarın 19-da Regional məsələlər komitəsi Milli Məclisin yaz sessiyasında videoformatda ilk iclasına toplaşıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, iclasdakı bütün çıxışlarda 2020-ci ilin payız sessiyasının tariximizə qızıl hərflərlə yazılan dövrə təsadüf etdiyi vurğulanıb. Qeyd edilib ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər nəticəsində torpaqlarımız işğaldan azad olunub. Həmin dövrdə Milli Məclisin rəhbərliyi və deputatlar beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, Ermənistanın dinc azərbaycanlı əhaliyə qarşı hərbi təxribatları ilə bağlı həqiqətləri çatdırmaq istiqamətində fəallıq nümayiş etdiriblər. Sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində fəal çıxışlar ediblər, milli parlamentlərə müraciətlər ünvanlanıb.

Onlayn iclasda 2020-ci ilin payız sessiyası dövründə komitədə görülən işlərin hesabatı təqdim olunarkən bildirilib ki, ötən il dünyanı cənginə alan COVID-19 pandemiyası ilə əlaqədar olaraq komitə payız sessiyası dövründə də koronavirusa qarşı mübarizə tədbirlərini dəstəkləyib və iclasların onlayn formatda keçirilməsinə üstünlük verib. Beləliklə, hesabat dövründə Regional məsələlər komitəsi 9-u onlayn olmaqla 13 iclas keçirib. İclaslarda 27 məsələ müzakirəyə çıxarılıb, 25 qanun layihəsi plenar iclaslara tövsiyə edilib və hamısı Milli Məclisdə qəbul olunub.

Hesabatda vurğulanıb ki, ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə vətəndaşların qəbulu məsələsində də onlayn və elektron müraciətlərə üstünlük verilib, ərizə və şikayətlərin araşdırılmasına, müvafiq tədbirlər görülməsinə həssaslıqla yanaşılıb.



İclasda Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov diqqətə çatdırıb ki, hesabat dövründə komitəyə 600-ə yaxın müraciət daxil olub və həll edilib. Sorğular və məktublar vaxtında cavablandırılıb. Deputatlar vətəndaşlarla, seçicilərlə iş istiqamətində fəaliyyətləri barədə komitə iclaslarında müntəzəm olaraq hesabat xarakterli məlumatlar veriblər.

2021-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planı haqqında danışan komitə sədri bildirib ki, bu sənəd həm qanun yaradıcılığını, həm də müxtəlif səpkili tədbirləri əhatə edir. Siyavuş Novruzov qeyd edib ki, yaz sessiyası dövründə şəhər, kənd və qəsəbələr üzrə Milli Bələdiyyə Assosiasiyalarının rəhbərləri ilə, gənc bələdiyyə sədrləri və qadın bələdiyyə sədrləri ilə parlament dinləmələrinin keçirilməsi də məqsədəuyğundur.

İclasda çıxış edən komitə sədrinin müavini Elşən Musayev, deputatlar Tahir Rzayev, Kamran Bayramov, Aqil Məmmədov, Səttar Möhbalıyev, Cavid Osmanov payız sessiyası dövründə komitədə böyük işlər görüldüyünü vurğulayıb, hesabat dövrünün çox məhsuldar olduğunu qeyd ediblər. Daha sonra yaz sessiyasının iş planına dair bir sıra təkliflər irəli sürülüb.

Müzakirələrin yekununda hesabat məqbul sayılıb. İş planı təkliflər nəzərə alınmaqla qəbul olunub. Komitədə baxılan məsələlər parlamentin plenar iclasına tövsiyə edilib.
İclasda komitənin üzvləri Malik Həsənov, Nizami Cəfərov, Emin Hacıyev, Məzahir Əfəndiyev, Əliabbas Salahzadə, Səbinə Xasayeva da iştirak ediblər.

Azvision.az


Teqlər: Regional   Komitə   İclas  





Xəbər lenti