“Orada daşın üstündə bitən mamırı da tanıyıram” - Şuşalı şair

“Orada daşın üstündə bitən mamırı da tanıyıram” -  Şuşalı şair
  18 Yanvar 2021    Oxunub:3013
Birinci Qarabağ müharibəsi veteranı, Şuşanın Əməkdar müəllimi, şair Əyyub Şırlanlı ölkə başçısının Şuşaya səfərini və güllələnmiş abidələrin Qarabağa qaytarılmasını həssaslıqla izlədiyini deyib.

O, 39 il öncə Şuşada Vaqif məqbərəsinin açılışı ilə bağlı xatirələrini Azvision.az-la bölüşüb.
Əyyub Şırlanlı bildirib: “Prezident çox gözəl bir vaxtda Şuşaya getdi. Məscidi ziyarət etdi, müqəddəs ocağımıza "Qurani-kərim" bağışladı. Çox qürurverici görüntülər idi. Güllələnmiş heykəllər haqqında ilk dəfə əsəri mən yazmışam. Bu abidələr dünyanı dizin-dizin fırlanıb yenidən öz doğma torpaqlarına qayıtdılar. Ölkə başçısı Vaqif məqbərəsinin qarşısında dayanıb, köhnə fotonu göstərəndə məqbərənin açılışını, poeziya günlərini xatırladım.



O vaxt Heydər Əliyevin maşınını insanlar Natavan bulağının qarşısından köməklə yuxarı çıxardılar. Şaxtalı, qarlı hava idi. Oradan poeziya evinə gəldilər. Biz onu köhnə klassik geyimdə qarşıladıq. Çayçı Süleyman dedi ki, “yoldaş Əliyev, kəkotu çayı dəmləmişəm, ondan için”. Heydər Əliyev də zarafatla “kəkotu yox, kəklik otu” deyib onun səhvini düzəltdi. Orada “Vətən” şeirini dedim və həmin tədbir haqqında qəzetdə geniş məqalə yazdım.



Mənim atamın qəbri də Cıdır düzündədir. Çox istəyirəm Şuşaya gedib dağılmış evimi, atamın məzarını ziyarət edim. Mən orada daşın üstündə bitən mamırı da tanıyıram. Biz Seyidlər məhəlləsində yaşayırdıq. Şuşadakı ədəbi məclisləri bərpa etmək, xanəndələr və sənətkarlarla yenidən bir araya gəlmək arzumdur”.



Şahanə Rəhimli
Azvision.az


Teqlər: Şuşa   Müəllim   Şair  





Xəbər lenti