Moskva görüşü: Azərbaycan istəyinə nail olur - ŞƏRH

  12 Yanvar 2021    Oxunub : 7815
  Moskva görüşü:  Azərbaycan istəyinə nail olur -  ŞƏRH
Dünən Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi. Bu, ikinci Qarabağ müharibəsinin Ermənistanın kapitulyasiyası ilə başa çatmasından sonra baş tutan ilk üçtərəfli təmas idi.
Dörd saata yaxın davam edən görüşdə bir sıra vacib məqamlar müzakirə edildi. Ölkə başçıları mətbuata bəyanatla çıxış edərək danışıqların bəzi detallarını açıqladılar. Şübhə yox ki, hələlik ictimaiyyətə bəlli olmayan nüanslar da var.

Moskva danışıqlarında digər mühüm məqam birgə bəyanat oldu. Belə ki, Rusiya paytaxtında reallaşan və postmüharibə dövrünün növbəti tarixi hadisəsi sayılan görüşün nəticəsi olaraq Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri regionun gələcəyinə təsir edəcək sənədə - bəyanata imza atdılar. 10 noyabr bəyanatından sonra 11 yanvar bəyanatı bölgənin siyasi gündəmini dəyişdi.

Yeni bəyanat nələr vəd edir?

Bundan sonra Cənubi Qafqazın iqtisadi və siyasi həyatında yeni proseslərin başlanacağını proqnozlaşdırmaq olar. Elə ölkə başçıları da dünənki yekun nitqlərində bu fikirləri önə çəkdilər.

Mətbuat qarşısında çıxış edən Rusiya Prezidenti Moskva görüşünü son dərəcə vacib və faydalı hesab etdiyini söylədi:

“Çünki razılığa gələ bildik və bölgədəki vəziyyətin inkişafına dair birgə Bəyanat imzaladıq. İqtisadi əlaqələrin qurulması, infrastruktur layihələrinin inkişafı üzrə konkret addımları nəzərdə tuturam. Bu məqsədlə üç hökumətin - Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinlərinin rəhbərlik edəcəyi işçi qrupu yaradılacaq. Yaxın zamanda onlar işçi ekspert alt qrupları yaradacaq, regionun nəqliyyat infrastrukturu və iqtisadiyyatının inkişafı üzrə konkret planlar təqdim edəcəklər. Əminəm ki, bu razılaşmaların icrası həm Ermənistan, həm də Azərbaycan xalqlarına fayda verəcək və heç şübhəsiz, bütövlükdə regiona, deməli, Rusiya Federasiyasının mənafeyinə də fayda verəcək”.



Daha sonra çıxış edən Azərbaycan Prezidenti bəyanatında bir sıra vacib fikirlər səsləndirdi. Dövlət başçısı qeyd etdi ki, regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün görüş çox vacib idi. Prezidentin sözlərinə görə, atəşkəsin elan edilməsindən iki ay keçib və 10 noyabr Bəyanatını imzalamış üç ölkənin liderlərinin yenidən Moskvada toplaşması onu göstərir ki, hər üç ölkə nəticə əldə etmək, sentyabrda, noyabrda baş vermiş hadisələrə yekun vurmaq əzmindədir:

“Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq”.

Ölkə başçısı onu da vurğuladı ki, bütövlükdə 9 noyabr (Azərbaycan vaxtı ilə 10 noyabr tarixli- red) birgə Bəyanat uğurla həyata keçirilir. Bəyanatın bəndlərinin çox hissəsi yerinə yetirilib:

“Rusiya sülhməramlı missiyası öz işini səmərəli şəkildə yerinə yetirir və iki ay ərzində kiçik insidentlər istisna olmaqla narahatlıq üçün ciddi əsas olmayıb. Bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik”.

Qeyd edək ki, Moskva bəyanatına əsasən, üçtərəfli İşçi qrupunun yaradılması barədə təkliflər ortaya qoyulub və bu təşəbbüs hər üç ölkə rəhbərləri tərəfindən dəstəklənib.

Maraqlı, həm də diqqətçəkən məqam odur ki, bəyanatda daha çox bizim istəklərimizə uyğun olan məsələlər öz əksini tapıb. Sənəddə nəinki Ermənistan baş nazirinin qaldırdığı məsələlər görünmədi, görüşün nəticəsi olaraq razılaşdırılmış məqamlarda bu ölkənin təklifləri də nəzərə alınmdı...

Azərbaycan ilk gündən regiona yeni əməkdaşlıq formatının gətiriləcəyini, üçtərəfli nəqliyyat dəhlizinin bərpa olunması istəyində olmasını, dəmir yolu və ümumilikdə nəqliyyat infrastrukturunun bərpasında maraqlı olduğunu bəyan edirdi. Rəsmi Bakı iqtisadi əlaqələrin qurulması, infrastruktur layihələrinin inkişafı, kommunikasiyaların açılması üçün dəfələrlə təklif və planlarını ortaya qoyub, hətta regionda dördtərəfli - Türkiyə və İranın da aktiv iştirak edəcəyi yeni formatın yaradılması ideyasını gündəmə gətirib.



Bəyanatın 4-cü bəndində qeyd edilir: “İşçi qrupu 2021-ci il martın 1-dək Azərbaycan və Ermənistan ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin hər iki ölkə tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı bu dövlətlərin ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini Tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək”.

Göründüyü kimi, Azərbaycan 10 noyabr bəyanatının dəqiqliklə icrasını tələb edib və dünənki bəyanat bilavasitə ötənilki sənəddə əksini tapmış məsələlərin həlli üçün konkret addımları müəyyənləşdirir. Hətta bizim üçün mühüm əhəmiyyətə malik olan Naxçıvanla yeni istiqamət üzrə əlaqənin qurulması da bu görüşdə ciddi müzakirə mövzusu olub.

Moskva görüşündən çıxan nəticələr onu deməyə əsas verir ki, kommunikasiyaların açılması üçün dəqiq vaxtın, qrafikin müəyyən edilməsi və bu kontekstdə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək koridorun təmin edilməsi ilə bağlı lazımi tədbirlərin görülməsi kimi məsələlər prioritet olaraq qalır. Üçtərəfli bəyanat bizi hədəflərimizə daha da yaxınlaşdıra bilər.

Ümumilikdə isə 11 yanvar görüşü rəsmi Bakının maraqlarına uyğun, bizim istədiyimiz kimi keçdi. Nikol Paşinyanın yerli publikaya hesablanaraq qaldırdığı status və əsirlərlə bağlı məsələ (Atəşkəs bəyanatından sonra təxribata cəhd edən erməni diversiya qrupu-red) müzakirə mövzusu olmadı. Bir sözlə, dünənki görüşdə Paşinyanın çantasında gətirdiyi təkliflər bir kənara atılaraq, regionun gələcək inkişafına yönəlmiş, Azərbaycanın maraqlarına uyğun olan təkliflər paketi razılaşdırıldı. 44 günlük Vətən müharibəsindəki tarixi qələbədən sonra Azərbaycan siyasi meydanda da diktə edən tərəf olduğunu nümayiş etdirdi.

Tural Tağıyev
Azvision.az

Teqlər: Bəyanat   Üçtərəfli-görüş   Moskva   Region   Əməkdaşlıq