Marqvelaşvili Qəbələdədir - YENİLƏNİB

Marqvelaşvili Qəbələdədir - YENİLƏNİB
  13 Fevral 2014    Oxunub:1196
Gürcüstan Prezidenti Georgi Marqvelaşvili fevralın 13-də Qəbələdə yeni inşa edilmiş Heydər Əliyev Konqres Mərkəzi ilə yaxından tanış olub.

AzVision.az AzərTAC-a istinadən xəbər verir ki, ali qonağın diqqətinə çatdırılıb ki, 1200 yerlik Konqres Mərkəzi Qəbələ şəhərində, Qaraçay çayının sahilində yerləşir və ərazisinin ümumi sahəsi 8,5 hektardır. Üçmərtəbəli Mərkəzin layihələndirmə və tikinti işlərinə 2012-ci ilin mayında başlanılmış və ötən ilin iyulunda sona çatdırılıb.

Prezident Georgi Marqvelaşvili binanın ikinci mərtəbəsində yerləşən çoxfunksiyalı 1200 yerlik konfrans zalı ilə tanış olarkən məlumat verilib ki, burada 92 kvadratmetrlik səhnə, VİP və mühafizə otaqları, incəsənət ustaları və media işçiləri üçün otaqlar, geniş foye yerləşir. Konfrans zalı qısa müddətə başqa məqsədlər-konsert, iclas üçün kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir. Zalın səhnə hissəsi qalxıb-enən platforma üzərində quraşdırılıb. Burada sinxron tərcümə üçün xüsusi avadanlıqla təchiz olunan 6 tərcüməçi kabinəsi, habelə müşahidə və zalın avtomatik idarəetmə məntəqəsi vardır. Konfrans zalında mükəmməl səsləndirmə sistemi quraşdırılmışdır ki, bu da tədbirin təyinatından asılı olaraq səsləndirməni həm konfranslar, həm də konsert-əyləncə tədbirləri üçün tənzimləməyə imkan verir. Binada 18 metrlik eskalator və liftlər quraşdırılmışdır. Konqres Mərkəzinin ərazisində 140 yerlik yeraltı qaraj tikilmişdir. Qarajın üstündə bayraq meydanı və dekorativ yaşıllıq salınıb. Ərazidə istirahət üçün yerlər, terraslar da yaradılmışdır. Avtomobillərin maneəsiz hərəkətini təmin etmək üçün binaya üç istiqamətdən giriş yolları çəkilmişdir. Binanın önündən keçən çayın üzərində körpü tikilib.

***

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Azərbaycana rəsmi səfəri çərçivəsində fevralın 13-də Qəbələyə gedib.

AzərTAc xəbər verir ki, Gürcüstan Prezidentini Qəbələ Beynəlxalq Hava Limanında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və digər rəsmi şəxslər qarşılayıblar.

Ali qonaq Qəbələdəki bir sıra istehsal və emal müəssisələri, turizm obyektləri ilə tanış olacaqdır.

***

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Qəbələ konserv zavodunda istehsal prosesi ilə tanış olub. Prezident Georgi Marqvelaşvili istehsal prosesini yaxından izləyib, meyvə qəbulu bölməsinə baxıb və hazır məhsulu şüşə qablara dolduran avtomatlaşdırılmış “Tetra Pak” xəttində işin gedişi ilə tanış olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti