Şəhid xanımı gizir Xanının qəhrəmanlığından danışdı
Şəhidin xanımı qəhrəman gizir Xanı ilə bağlı bildirib: "Gizir Xanı Raqufla birgə ön xətdə olanda narahat olmurdum. Bilirdim ki, gizir onu həmişə qoruyacaq. Raquf şəhid olanda heç kimdən yox, yalnız Xanı qardaşdan küskünlük etdim. Nə üçün qoruya bilmədin deyə incidim. O gündən Ağdamdakı evimizin qapısı həmişə bu qəhrəman qardaşımıza açıq oldu. Rayona ilk ayaq basanda zəng edib xəbər verdiyimiz insanlardan birincisi oldu. Raqufun itkisindən sonra ordudan tərxis oldu. Döyüşlərdə 3 dəfə yaralansa da, niyə əlillik dərəcəsi almırsan sualıma, "Əlillik alsam, səfərbərlik olsa, müharibə başlasa, məni aparmazlar” deyirdi. Qardaşımın qisasını almalıyam, deyirdi. Vətən Müharibəsinin ilk günlərindən yenə ön xətdə, əsgərlərin yanında yer aldı, Vətən üçün vuruşdu, şəhidlərimizin qisası üçün mübarizə apardı və arzusuna çataraq Ağdama ilk qədəm basanlardan oldu. Xanı qardaş, sənin haqqında pafoslu qəhrəmanlıq sözləri yazmağa ehtiyac yoxdur. Səni bütün Azərbaycan tanıyır. Rütbəcə gizir olsan da, döyüş qabiliyyətin, cəsarətin, mərdliyin bəzi generallardan üstündür. Səni elə cəsarətinə görə çox sevirik. Ağdama ilk daxil olduğun axşam səndən xahiş etdim ki, Raqufun gözüylə, ruhuyla Ağdama bax, şəhid gizir Yasən qardaşımızdan xəbər çatdır Ağdama. Yaxşı ki, varsan. Bizlərə ən böyük təsəlli sizin kimi qəhrəmanların varlığıdır. Səsin həmişə Qarabağın ən uca minarələrindən havalansın".
Azvision.az
Teqlər: Gizir Xanı Raquf-Orucov