Nazirlikdə korrupsiya: 120-dən çox işçi qovuldu

  06 Fevral 2014    Oxunub : 600
Nazirlikdə korrupsiya: 120-dən çox işçi qovuldu
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən korrupsiya təzahürlərinin qarşısının alınması və belə hallara səbəb olan şəraitin aradan qaldırılması üçün 2013-cü ildə ardıcıl tədbirlər həyata keçirilib, bu proses 2014-cü ilin ilk aylarında da davam etdirilib
Bu barədə AzVision.az-a nazirlikdən məlumat verilib.

Belə ki, Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentində iş fəaliyyətinin qeyri-qənaətbəxş təşkilinə, işçilərin fəaliyyətinə nəzarətin lazımi səviyyədə həyata keçirilmədiyinə, xidməti ərazidə ekoloji qanunvericiliyin tələblərinin pozulmasına, xüsusilə yaşıllıqların məhv edilməsinə qarşı zəruri tədbirlər görülmədiyinə, daxil olan məlumat, ərizə və şikayətlərin araşdırılmasında, inzibati xəta haqqında qərarların qəbul edilməsi zamanı ciddi nöqsan və qanunsuzluqlara yol verildiyinə görə Departamentin direktoru və 14 əməkdaşı tutduqları vəzifədən azad edilib, 7 nəfərə töhmət verilib, 1 nəfər isə aşağı vəzifəyə keçirilib.

Ətraf Mühitin Mühafizəsi Departamenti tərəfindən aparılan araşdırmalar zamanı bir sıra ərazi ekologiya və təbii sərvətlər şöbələrinin fəaliyyətlərində də nöqsanlara və qanun pozuntularına yol verildiyi aşkar olunub. Araşdırmaların nəticələrindən asılı olaraq Nazirliyin müvafiq əmrləri ilə 9 əməkdaş, o cümlədən fəaliyyətlərində yol verdikləri ciddi pozuntulara görə 5 məsul şəxs - 5 və 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinin rəisləri, 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin hüquq məsələləri üzrə baş məsləhətçisi, 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin rəis müavini və ətraf mühitin mühafizəsinə nəzarət sektorunun müdiri tutduqları vəzifədən azad ediliblər. 1, 2, 3, 4, 5 və 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinin ümumilikdə 38 əməkdaşı barəsində intizam tənbeh tədbirləri görülüb.

Meşələrin İnkişafı Departamentinin tabeliyində olan müəssisələrdə aparılan yoxlamalar zamanı 9646 m3 həcmində, 66285 manat məbləğində aktlaşdırılmamış özbaşına (qanunsuz) qırıntı faktı aşkar edilərək hüquqi qaydada sənədləşdirilib. Yoxlamaların nəticələrinə uyğun olaraq Goranboy, Zaqatala, CəlilabadŞamaxı meşə mühafizəsi və bərpası müəssisələrinin direktorları, habelə QusarCəlilabad MMBM-lərin baş meşəbəyiləri tutduqları vəzifədən azad edilib, ümumilikdə, Nazirlik və Departamentin nomenklaturasına aid olan 166 nəfər cavabdeh vəzifəli şəxs barəsində intizam tənbeh tədbirləri görülüb, onlardan 66 nəfəri işdən çıxarılıb, 56 nəfərə töhmət, 44 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Məsələyə hüquqi qiymət verilməsi məqsədilə təqsirkarlar barəsində qanuna müvafiq tədbirlərin görülməsi və meşə fonduna dəymiş ziyanın ödətdirilməsi üçün 111361 manat ziyan məbləğində 100 iş aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib.

Qax Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin 7 meşə dolayında aparılmış araşdırmalar zamanı, mühafizə xidmətinin zəif fəaliyyəti nəticəsində, ümumilikdə 435.15 m3 həcmində, 2387.18 manat dəyərində 328 ədəd aktlaşdırılmamış özbaşına (qanunsuz) qırıntı aşkar olunub, buna görə hesablanmış ziyan təqsirkarların hesabına ödətdirilib, müəssisə direktoru və 11 meşə mühafizə işçisi barəsində intizam tənbeh tədbirləri görülüb, 6 meşə gözətçisi tutduğu vəzifədən azad olunub. Bununla əlaqədar materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib və faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən cinayət işi qaldırılıb.

Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsində də meşələrin mühafizə olunması vəziyyəti araşdırılan zaman ciddi faktlar üzə çıxarılıb. 56 meşə dolayında mühafizə xidmətinin zəif fəaliyyəti nəticəsində 2708,12 m3 həcmində 17572,46 manat dəyərində 1316 ədəd müxtəlif cins və diametrli yaş köküstə ağacın özbaşına qanunsuz kəsilərək meşə sahəsindən aparıldığı aşkar olunub, dəymiş ziyandan 16172,46 manatın təqsirkarlar tərəfindən ödənilməsi təmin edilib, müəssisənin direktoru və əraziyə cavabdeh 8 meşə gözətçisi tutduqları vəzifədən çıxarılıb, 13 meşə mühafizə işçisi barəsində digər intizam tənbeh tədbirləri görülüb.

Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti tərəfindən də tabeli qurumların ərazilərində yoxlamalar aparılıb, aşkar edilmiş qanun pozuntularına görə 72 nəfər mühafizə işçisi barəsində intizam tənbeh tədbirləri görülüb. O cümlədən milli park və dövlət təbiət qoruqlarında əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiklərinə görə 2 sahə müfəttişinin və 9 mühafizə yegerinin əmək müqavilələri ləğv edilib, 6 sahə müfəttişinə və 24 mühafizə yegerinə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 7 sahə müfəttişinə, 17 mühafizə yegerinə isə töhmət verilib.

Şahdağ Milli Parkının Quba bölməsinin Rostov, Quba, habelə Vəndam və Bum meşəbəyliklərində qanunsuz şəkildə ağacların kəsilməsi, Qızılağac Dövlət Təbiət Qoruğunun vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi, Ağgöl Milli Parkında yol verilmiş maliyyə pozuntuları, “Salyan OİL” şirkətinin Şirvan Milli Parkının ərazisində qanunsuz fəaliyyəti ilə əlaqədar, həmçinin Astara rayon sakininin Hirkan Milli Parkında yol verdiyi qanunsuzluqlarla bağlı toplanmış materiallar Baş Prokurorluğa, eləcə də Şahdağ Milli Parkının ərazisində qanunsuz ov edən şəxs barəsində və Lənkəran rayon sakininin Hirkan Milli Parkında yol verdiyi qanunsuzluqlarla əlaqədar toplanmış müvafiq sənədlər Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib.

İşdə yol verdikləri nöqsan və vəzifə pozuntularına görə Hirkan Milli Parkının direktoru, Zaqatala Dövlət Təbiət Qoruğunun direktoru və mühafizə üzrə direktor müavini, Ağgöl Milli Parkının baş mühasibi tutduqları vəzifədən azad edilib, bir sıra məsul milli park və qoruq əməkdaşı barəsində ciddi intizam tənbeh tədbirləri tətbiq edilib.

“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin tabeli qurumlarında da bir sıra yoxlamalar həyata keçirilib və ASC-nin 6 saylı Yaşıllaşdırma İdarəsinin xidməti ərazisində ciddi faktlar aşkar edilib. Aparılmış araşdırmalar zamanı məlum olub ki, idarənin direktoru çöl-sahə işlərini düzgün təşkil etməyib, yaşıllıqların salınması işinə səhlənkar yanaşaraq ağaclara aqrotexniki qaydalara uyğun qulluq göstərilməsini təmin etməyib və digər vəzifə pozuntularına yol verərək əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyib, nəticədə ərazidə əkilmiş 78 000 ağacdan 55538 ədədinin qurumasına şərait yaradıb. Bu əməllərinə görə ASC-yə 91 000 manat məbləğində ziyan vurulub. Buna görə idarənin direktoru tutduğu vəzifədən azad edilib və tərtib olunmuş sənədlərdə cinayət tərkibinin əlamətləri olduğundan toplanmış materiallar Baş Prokurorluğa göndərilib, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb və istintaq zamanı idarə rəhbərinin səhlənkarlıq cinayəti ilə yanaşı külli miqdarda ziyan vurmaqla dələduzluq və vəzifə saxtakarlığı faktları da aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Elmi-Texniki İnformasiya və Metodologiya Mərkəzində aparılmış təhlil və araşdırmalar göstərib ki, Mərkəz fəaliyyətini Əsasnaməsinə və digər hüquqi aktlara, o cümlədən Nazirliyin əmrlərinə uyğun yerinə yetirməyib, görülən işlər qanun pozuntuları ilə müşayiət olunub. Bir sıra hallarda Mərkəzin əməkdaşları səlahiyyət həddini aşaraq sahibkarlıq subyektləri olan müəssisələrə qanunsuz müdaxilələr etməkdən belə çəkinməyiblər. Halbuki, Mərkəzin fəaliyyət istiqaməti ekoloji norma, standart və qaydaların, müvafiq metodikaların müasir tələblərə uyğun daim təkmilləşdirilməsi və yenilərinin işlənib hazırlanmasından ibarətdir. Qeyri-qanuni olaraq ayrı-ayrı müəssisələrə daxil olduğuna və sahibkarlıq subyektlərinin rəhbərləri qarşısında əsassız tələblər irəli sürdüyünə görə Ekoloji Elmi-Texniki İnformasiya və Metodologiya Mərkəzinin məsul əməkdaşı tutduğu vəzifədən azad edilib.

2014-cü ilin yanvar ayında Şirvan Milli Parkının 3 saylı sahəsində 3 nəfər şəxsin qanunsuz ov etmələri faktı aşkar edilib, onlardan 3 ədəd ov tüfəngi, 3 ədəd patrondaş, müxtəlif çaplı 120 ədəd dolu patron, 1 baş ovlanmış yaşılbaş ördək və adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na salınmış 2 baş ovlanmış turac, 1 ədəd rezin qayıq və digər predmetlər İnzibati Xətalar Məcəlləsinin 404-cü maddəsinə əsasən maddi sübut kimi götürülüb. Faktla bağlı təqsirkar şəxslər barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək İnzibati Xətalar Məcəlləsinin 111.2-ci maddəsi ilə təqsirkarlara, ümumilikdə 4000 manat məbləğində cərimə tətbiq olunub və qanunsuz ov nəticəsində təbiətə dəymiş ziyan hesablanaraq 1985,50 manat məbləğində iddia qaldırılıb.

Şirvan Milli Parkında araşdırmalar davam etdirilib və bir gün sonra Parkın 3 saylı sahəsində ayrı-ayrı şəxslərə məxsus 3 yerdə mal-qara yatağının olması faktı və bu yataqlarda mal-qara saxlanılan çoxlu sayda tövlə, yaşayış yerləri və yardımçı tikililər aşkarlanıb, həmin yataqlarda ümumilikdə 902 baş xırdabuynuzlu və 98 baş iribuynuzlu mal-qaranın saxlanılması nəticəsində 2,7 hektar torpaq sahəsinin bitki örtüyünün tamamilə məhv olduğu müəyyən edilib. Milli parkın ərazisində yataqların qanunsuz fəaliyyəti nəticəsində təbiətə 51330,60 manat məbləğində ziyan dəyib.
Həmin əraziyə növbəti baxış zamanı parkın 3 saylı sahəsində daha 855 baş xırdabuynuzlu mal-qaranın özlərini təqdim etməyən şəxslər tərəfindən otarılması, 208 baş iribuynuzlu mal-qaranın və 28 baş atın sahibsiz halda otlaması faktları aşkarlanıb. Aparılmış araşdırma zamanı mal-qaranın sahibləri müəyyənləşdirilib, bu şəxslər barəsində akt və inzibati xəta haqqında protokol tərtib edilib. İribuynuzlu mal-qaranın Milli Parka vurduğu ziyan 331,76 manat, atların otlaması nəticəsində Milli Parka dəymiş ziyan 44,66 manat məbləğində hesablanıb və bu məbləğ həmin gün növbədə olan mühafizə yegerlərinin üzərinə yazılıb. Bununla da, ümumilikdə təbiətə 54303,84 manat məbləğində ziyan dəyməsi faktı üzə çıxarılıb.

Ərazidə yuxarıda göstərilən qanunsuzluqlara yol verdiklərinə görə Şirvan Milli Parkının direktoru və parkın mühafizə yegeri tutduqları vəzifədən azad edilib və mühafizəyə cavabdeh digər əməkdaşların məsuliyyətinin müəyyənləşdirilməsi məqsədilə qanuna müvafiq tədbirlər davam etdirilir.

Teqlər: