Nizami Ələkbərov: “Heç kim istəməzdi ki, belə olsun”

Nizami Ələkbərov: “Heç kim istəməzdi ki, belə olsun”
  05 Fevral 2014    Oxunub:4596
İsmayıllının keçmiş icra başçısı Nizami Ələkbərov 2013-cü ilin yanvarında rayonda baş verən hadisələr üzrə zərərçəkən şəxs kimi tanınan oğlu Elxan Ələkbərovun və qardaşı oğlu Vüqar Ələkbərovun (keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun övladı) Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə iştirak etməmələrinə aydınlıq gətirib.

Nizami Ələkbərov fevralın 5-də “Media forum” saytına açıqlamasında deyib ki, Elxan Ələkbərov və Vüqar Ələkbərov Şəki Ağır Cinayətlər Məhkəməsinə teleqram vurublar: “Onlar teleqramda qeyd ediblər ki, təqsirləndirilən şəxslərə qarşı hər hansı iddiaları və tələbləri yoxdur. Həmin teleqram məhkəməyə daxil olub. Amma prosesi necə aparmaq hakimin səlahiyyətində olan məsələdir. Əgər məhkəmə zərərçəkənlərin prosesə gəlməsini zəruri sayıbsa, belə bir qərar veribsə, buna hörmətlə yanaşılmalıdır. Biz məhkəmə qərarına hörmətlə yanaşırıq. Burada heç bir problem yoxdur. Ona görə də Elxan Ələkbərov və Vüqar Ələkbərov məhkəməyə gedib sualları cavablandıracaqlar”.

Nizami Ələkbərov bildirib ki, oğlu hazırda xarici ölkədə ezamiyyətdədir, ona görə də məhkəməyə gedə bilməyib:

“Qayıdan kimi məhkəməyə gedəcək. Amma bizim təqsirləndirilən şəxslərə qarşı hər hansı tələbimiz, mülki iddiamız yoxdur. Elxan və Vüqar Ələkbərovlar bunu istintaqda da, məhkəməyə göndərilən teleqramda da qeyd ediblər. Hadisədir, olub-keçib. Heç kim istəməzdi ki, belə olsun”.

Sabiq icra başçısı Elxan və Vüqar Ələkbərovların məhkəməyə gedə bilməmələrinin mətbuatda xüsusi bir məsələ kimi təqdim olunmasından narazılığını bildirib: “Bu, məhkəmə prosesidir, bəzən vəkil də gecikir, yaxud prosesə gələ bilmir. Zərərçəkənlərdən bir neçə nəfərin prosesə gedə bilməməsini qabartmaq, xüsusi hal kimi təqdim etmək doğru deyil. Düzdür, dördüncü hakimiyyətdir, müstəqildir, mətbuatın işinə müdaxilə etmək doğru deyil, amma biz bir cəmiyyətdə yaşayırıq, bu insanların ailələri, yaxınları, dostları var. Obyektiv səbəblərə görə bir dəfə məhkəməyə getməmək nə böyük problem, ciddi məsələdir ki, bunu belə təqdim edirlər? Nəzərə almaq lazımdır ki, Elxan və Vüqar Ələkbərovlar prosesə gelə bilməyəcəkləri haqda əvvəlcədən teleqram vasitəsilə məhkəməyə məlumat veriblər”.

Nizami Ələkbərov deyib ki, hazırda biznes sahəsində fəaliyyət göstərir: “Dövlət işinə getməmişdən əvvəl də bu sahədə çalışmışıq, burada uğurlarımız var. İndi də həmin işləri davam etdiririk. Amma yenə də dövlət işinə qayıtmaq arzusu ilə yaşayıram. Ümid edirəm ki, nə vaxtsa bu istəyim reallığa çevriləcək”.


Teqlər:  





Xəbər lenti