“Amnesty International” Bərdəyə kasetli bomba atıldığını təsdiqlədi

  29 Oktyabr 2020    Oxunub : 2873
 “Amnesty International” Bərdəyə kasetli bomba atıldığını təsdiqlədi
“Amnesty International” təşkilatı Ermənistan silahlı qüvvələrinin ötən gün Azərbaycanın Bərdə şəhərinə raket hücumu zamanı kasetli bombalardan istifadə etdiyini təsdiqləyib.
Azvision.az xəbər verir ki, bu barədə təşkilat rəsmi məlumat yayıb.

Bildirilib ki, “Amnesty International” təşkilatının böhranla mübarizə üzrə ekspertləri fotolara (Vice News tərəfindən Bərdədə çəkilmiş şəkillər) əsasən, şəhərə erməni silahlı qüvvələri tərəfindən atılan raket qalıqlarının Rusiya istehsalı olan 9M55 "Smerç" raketlərinin 9N235 saylı “claster” tipli sursat parçaları olduğunu təsdiqləyiblər.

“Amnesty International”ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Marie Struthers deyib ki, kasetli bombaların mülki obyektlərə qarşı istifadəsi amansız və qəddar davranışdır. Bu, çoxsaylı ölüm və xəsarətlərə səbəb olur.

Qeyd olunub ki, kasetli bombaların istifadəsi beynəlxalq humanitar qanunlara əsasən qadağandır.

Xatırladaq ki, dünən Ermənistanın Bərdə şəhərinə raket zərbələri endirməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olub. 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəyib.

Azvision.az

Teqlər: Bərdə