“Azərbaycan Ordusunun qarşısında bir hədəf var” - Anar Eyvazov

   “Azərbaycan Ordusunun qarşısında bir hədəf var” -    Anar Eyvazov
  30 Oktyabr 2020    Oxunub:4462
Humanitar atəşkəs rejimini kobudcasına pozaraq şəhər və rayonlarımızda dinc əhalini və mülki infrastrukturu atəşə tutan düşmən bölmələrini Azərbaycan Ordusu cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində gedən döyüşlərdə darmadağın edib. Dəqiq atəş zərbələrinə tab gətirə bilməyən düşmən itki verərək qaçmağa və geriyə çəkilməyə məcbur edilib.
Azvision.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə deyib.

Anar Eyvazov bildirib ki, ümumilikdə düşmənin ordu korpusunun və diviziyasının yüksək rütbəli zabitləri daxil olmaqla, xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 14 ədəd müxtəlif artilleriya qurğusu, 6 ədəd avtomobil texnikası və bir neçə dayaq məntəqəsi bölmələrimizin dəqiq atəş zərbələri ilə məhv edilib. Döyüş meydanında məhv olan bölmələrinə dəstək üçün gələn düşmənə məxsus iki “Su-25” tipli hücum təyyarəsi hərbi hava hücumundan müdafiə bölmələrimiz tərəfindən havada məhv edilib.

Müdafiə Nazirliyinin mətbuat katibi bildirib ki, düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb. Ermənistan ordusu Bərdə, Goranboy və Tərtər rayonlarında yaşayış məntəqələrimizi və mülki infrastrukturlarımızı raket və artilleriya silahları ilə atəşə tutmaqla növbəti müharibə cinayətlərinə əl atıb.
Düşmən cəbhənin dərinliklərində darmadağın edilir

Özbaşınalığın hökm sürdüyü Ermənistan ordusunda könüllülər və nizami bölmələrinin şəxsi heyəti arasında açıq qarşıdurmalar, tabesizlik, bir-birilərinə qarşı silah tətbiq etmə, döyüşə girməkdən imtina, əmr olmadan mövqelərdən geri çəkilmə və kütləvi fərarilik halları baş alıb gedir. Təşviş və xaos bürümüş ordusunun uğursuzluğunu gizlətmək məqsədilə feyk foto və videomaterialların, saxta məlumatların da faydasız olduğunu görən Ermənistan rəhbərliyi düşdükləri ağır vəziyyətlə barışmağa məcbur edilir.

“Beynəlxalq humanitar hüququn normalarını kobudcasına pozaraq dinc sakinləri və mülki infrastrukturu hədəfə almaqla Ermənistan silahlı qüvvələri müharibə cinayətlərini davam etdirir. Azərbaycan Ordusunun qarşısında bir hədəf var: mülki insanlara ziyan vurmadan, yalnız legitim hərbi hədəfləri dəqiq atəşlə məhv edərək işğal altında qalan bütün torpaqlarımızın azad olunması. Qələbə bizimlədir”, - deyə Anar Eyvazov vurğulayıb.

Azvision.az


Teqlər: Anar-Eyvazov  





Xəbər lenti