AzVision-20 I Siyasətin kişilik prinsipi, yaxud, Fransanın Pakistana uduzduğu nöqtə - VİDEO

      AzVision-20 I   Siyasətin kişilik prinsipi, yaxud, Fransanın Pakistana uduzduğu nöqtə -    VİDEO
  29 Oktyabr 2020    Oxunub:8645
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
Xoş gördük, ilin xalqı. Böyük gələcəyə layiq olan və hazırda ona doğru gedən insanlar. Düşmən artıq bizim qələbəmizə mane ola bilmədyi üçün, qələbə sevincimizə mane olmağa çalışır. Tezliklə bu imkandan da məhrum olacaq, amma hələlik cavablandırmağa çalışacağımız bəzi suallar var.

- “Balaca şahzadə”ni yazanlar niyə balaca şahzadələri öldürənlərə mane olmurlar?!
- Rusiya 45 il Yaxın Şərqdə buraxdığı səhvi Güney Qafqazda necə təkrarlayır?!
- Paşinyanın “D” planı - o, getdikcə qızışmaqla nəyə nail olmaq istəyir?




1. “Atəşkəs” sözünə nifrətimzin səbəbi

Atəşkəs. Bizim başımıza nə gəlibsə, atəşdən yox, atəşkəsdən gəlib. Birinci Qarabağ müharibəsində Şuşanın işğalı Tehranda sülh danışqları fonunda baş vermişdi. İkinci Qarabağ Savaşında Rusiya humanitar atəşkəs təklif etdi, Gəncə vuruldu, uşaqlar öldü. Amerika humanitar atəşkəs təşəbbüsünü irəli sürdü, Bərdə vuruldu, uşaqlar öldü. Sözsüz, döyüşlərdə də biz şəhidlər veririk, amma o, bir fəxarət tablosu olduğundan, adamı məsum körpələrin qətli qədər dəhşətli yandırmır. Çünki o halda dəyərli şairimiz Aqşin Yeniseyin sözlərilə desək, “Vətənə pay göndərir övladını analar”; göndərir ki, ya biz torpaq olaq, ya torpaq bizim olsun. Amma atəşkəs olanda analar balalarını sadəcə, yatmağa göndərirlər, fəqət onlar bir də oyanmır; balaca gözlər bir daha açılmayacaq şəkildə yumulur. Bizi müharibə yox, atəşkəs itkiləri yandırır. İstər birinci, istərsə də ikinci Qarabağ müharibələrinin acı təcrübəsi sübut edir ki, Ozan Arifin dünyaya müraciətlə dediyi “Atəşkəsi münasib yerlərinə sox artıq” sözləri əsla ritorika deyil və tamamilə praktik əhəmiyyət daşıyır. Nə qədər paradoksal da olsa, Qarabağ müharibəsində bizim üçün atəş yox, atəşkəs ölüm deməkdir. Fərqi yoxdur, bunu Putin təklif edir, yoxsa Tramp. Azərbaycan xalqı həm də buna görə atəşkəsdən qorxur, həmin kəlməyə qəzəb və nifrətlə yanaşır. Ona görə yox ki, biz qana həris xalqıq. Əsla. Ona görə ki, axan məsum qanları ancaq atəşlə kəsmək mümkündür. Və ümumiyyətlə, əgər böyük dövlətlər qan axmamasını, atəş açılmamasını istəyirlərsə, “humanitar” sözü ilə başlayan oyunbazlıqları qırağa qoyub, işğalçını tutduğu torpaqlardan çıxmağa səsləməlidirlər. Əgər bunu bizim uşaqların xilası üçün etmək istəmirlərsə, heç olmasa ermənilər üçün etsinlər.
Vüsal Məmmədov Report Media Məktəbində: “Tanınmış imza özü bir iş yeridir”

İlham Əliyev: “Nəyi demək mümkündürsə, onu deyirəm, həm Azərbaycan xalqına, həm də bütün dünyaya. Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun! Şuşada, Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxıram. Yoxsa, gündə beş-altı dəfə dünya liderlərinə zəng etməklə məsələ düzəlməz. Bizim mövqeyimiz dəyişməz olaraq qalır və biz haqqı, ədaləti müdafiə edirik”.

2. “İnsan haqları” sözündəki insan kimdir?

7 yaşlı Aysunun şəklinə baxdıqca adamın ürəyi qanla dolur. Amma biz Xocalıda qətlə yetirilmiş körpələrin insan ürəyini məngənədə sıxan şəkillərilə böyüyən nəsilik. Xocalı dərsi bizə bir həqiqəti anladıb: Əgər torpağında erməni işğalçı varsa, uşaqlar öləcəklər. Onları rədd eləmək lazımdır uşaqların ölməməsi üçün. Və biz də bunu edirik. Maraqlıdır: Bəs humanitar atəşkəsə çağıran humanist, demokratik, sivil dövlətlər harada qalıblar? Niyə uşaq ölümlərini pisləmirlər?! Viktor Hüqonun Fransası haradadır? Biz Qavroşun və Kozettanın hekayələrini kövrələrək, ağlayaraq oxuyurduq; bəs Gəncədə və Bərdədə ölən körpələrin taleyi onları heçmi kövrəltmir?! Yoxsa, insan taleyinin dəyərli sayılması üçün o insan mütləq Avropadamı doğulmalıdır? Balaca Kozettanın taleyi acıdır, ağrılır, insanı bəşəri mövzularda düşünməyə vadar edir; bəs elə Kozetta yaşında ikən erməni mərmisilə evi başına uçurdulan Aysunun taleyində nəticə çıxarılmalı olan heçnəmi yoxdur?!

Niyə Gəncədə və Bərdədə qətlə yetirilən uşaqların haqqında heç nə danışmırlar? Əgər bir qrup fransız “Şarl Hebdo” jurnalında Məhəmməd peyğımbərin təhqiramiz şəkillərini çəkirlərsə, Avropa dəyərlərinə görə bu, söz azadlığıdır. Və bütün dünyanın lideləri yığışıb, qol-qola girərək, həmin söz azdlığını müsəlmanlardan müdafiə etmək üçün yürüş keçirirdilər. Amma Fransa kanalı Qarabağdan tamamilə haqlı bir reportaj yayımlayır, bir dəstə erməni yığışıb, həmin materiala etiraz edib, saytdan sildirəndə bu, söz azadlığına qəsd sayılmır. Baxmayaraq ki, həmin materialı hazırlayan jurnalist həyatını riskə ataraq, lap ön xəttə getmiş, həqiqətləri göstərmişdi. Əgər o həqiqət Avropanın eşitmək istədiyi həqiqət deyilsə, deməli, ümumiyyətlə, həqiqət deyil. Budur Avropanın həqiqi dəyərləri, həqiqi söz azadlığı, həqiqi insan haqları. Erməni mərmisi ilə həyatı yarımçıq kəsilən 7 yaşlı Arsu Avropanın gözündə insan deyil; amma dünyanın düz vaxtı kimsə tutulanda aləmi bir-birinə qatırlar ki, “qoymayın insan haqları pozuldu”.

3. Hitlerin şərəfsiz davamçısı

Avropanın gözünün qabağında açıq-aşkar faşist çıxışları edən Paşinyan bala Hitler kimi püxtələşməkdədir, amma buna heç bir reaksiya verən yoxdur. Halbuki, ermənilərə sonuncu müracəti onun əsəblərinin tamamilə pozulduğunu və çox təhlükəli fiqura çevrildiyini göstərirdi. Belə bir anormal fiqurdan hər şey gözləmək olar. Avropa elə öz tarixindən uduzan diktatorun nələrə, hansı faciələr törətməyə qadir olduğunu bilmirmi?! Bu gün Paşinyanın qarşısını kəsmək insan haqlarının qorunması işinə və ümumiyyətlə, Bəşəriyyətə ən böyük töhfə olardı.
Sonuncu çıxışı Paşinyanın Qarabağla bağlı “D” planının nə olduğunu anlamağa imkan verir: Çoxlu insanı qırğına vermək və bunun hesabına a) hakimiyyətini möhkəmləndirmək; b) “genosid” bəhanəsilə dünya ölkələrini prosesə müdaxiləyə səsləmək. Paşinyanın “Qələbə üçün hər bir əmr qeyd-şərtsiz icra olunmalıdır”, deməsi hərbi diktatura yaratmaq niyyətindən xəbər verir. Yəni “Mən nə deyirəmsə, siz müzakirəsiz onu etməlisiniz”.
O, indi ancaq öz hakimiyyətini möhkəmləndirmək haqqında düşünür və güman ki, bu məqsədlə müharibə amilindən istifadə edərək, özünə qarşı olan bütün etirazları, əks fikirləri boğmağa çalışacaq. Qarşıdakı bir ayda düşmən ölkəni maraqlı proseslər gözləyir.
Biz ötən həftə Dabanyalayan Düşük Təlxək diktatorla müsahibəyə cəhd etmişdik, amma Demə Qoq imkan verməmişdi. Bu dəfə də gündəmdə odur – Həm yeni adına, həm də xalqına souncu müraciətindəki aqressiyanın çoxluğuna görə. Ona görə də qərara gəldik ki, yenə Nikol Vovayeviçlə skype əlaqəsi yaradaq.

- Eşidirsiniz, bizi?
- Eşidirəm, ara.
- Artıq hamıya məlumdur ki, Qarabağ müharibəsinin taleyi necə olacaq. Elə isə, nəyə görə xalqa müraciətdə onları aldadıb, yalan danışır, boşuna qırğına verməyə çalışırsınız?
- Yalan danışmaq nədir? Mən təlxək-zadam bəyəm, yalan danışım?!
- Yox. Heç oxşamırsınız.
- Əlbəttə, oxşamıram. Mən böyük bir ölkənin baş naziriyəm!
- Böyük bir ölkənin baş naziri niyə məsum uşaqları öldürür?
- Ara, utanmırsınız, bizə böhtan atırsınız? Biz uşaqları öldürmürük. Biz evləri vururuq. İndi nə edək ki, siz uşaqları gətirib evlərə doldurmusunuz?
- Uşaqlar harada olmalıdır ki?
- Görürsünüz ki, müharibə gedir, uşaqları ölkədən çıxarın. Çıxarmırsınızsa, günah bizdə deyil!..
- Doğrudan da, təlxək deyilsiniz, razıyam. Təlxəklər uşaqları sevirlər – sizdən fərqli olaraq! Dünənki çıxışda belə bir söz işlətdiniz ki, “Artsax yaralıdır, amma ölməyib”. Maraqlıdır ki, həmin o dırnaqarası Artsaxın hərbi cinayətkar olan qondarma müdafiə nazrinin də haqqında eyni söz deyilir: “Yaralıdır, amma ölməyib”.
- Biz nə deyiriksə, hamısı düzdür.
- Hamısı? Gəlin, onun maşınının vurulma kadrlarına baxaq. Yəni, sizcə bu maşından adam sağ çıxar?!
- Adam bəlkə də sağ çıxmaz. Amma kim dedi ki, erməni əsgərləri adamdır? Onlar terminatordurlar.
- Erməni xalqına “Gəlin söz verək ki, heç nədən qorxmayacağıq” deməyiniz maraqlı gəldi. Nədən qorxurlar?
- Mən koronavirusu nəzərdə tuturdum.
- Həəəə. Biz də elə başa düşmüşdük. Mənə maraqlı gələn odur ki, siz əvvəlcə “Ən ağrılı güzəştlərə hazırıq, amma kapitulyasiya gözləməyin” dediniz, bir gün keçmədən bəyan etdiniz ki, Azərbaycan qarşılıqlı güzəştlərdən imtina edib. Bir gün ərzində Azərbaycan harada, nədən imtina etdi?!
- Bizim atəşkəsə razılıq verməyimiz güzəşt idi. Amma Azərbaycan bununla razılaşmadı.
- “Həyasızdan qorx” dedikləri yəqin ki, bu olmalıdır. Ermənistan Füzulinin, Hadrutun, Xocavəndin, Cəbrayılın, Zəngilanın kəndlərinin azad olunmasını etiraf etmir, amma birdən-birə Qubadlını boynuna aldı. Bəs sizdən soruşmurlarmı ki, indiyə qədər heç yeri itirməmişiksə, Azərbaycan Ordusu Qubadlıya necə, haradan gəlib çıxıb?
- Azərbaycan Ordusu təbii ki, Qubadlıya gəlib çıxmayıb. Biz Azərbaycan Ordusu ilə döyüşmürük ki! Bizə qarşı yad planetdən gələnlər vuruşurlar, onlar da “uçan boşqab”larla Qubadlıya eniblər.
- Sizin dünənki çıxışınızda ən maraqlı yerlərdən biri yetərli qədər silahınızın da olması idi. Azərbaycan prezidenti də bu sualı verdi: Pulu olmayan, xarici borcların içində batan kasıb bir ölkə bu silahları haradan alıb?
- Mən xalqa müraciətimdə də dedim axı, dostlarımız var. Onlar veriblər.
- Elə isə sizinlə sağollaşaq, keçək dostlara.

4. Dostunu göstər, deyim kimsən


Silahdan söz düşmüşkən, bu həftə Azərbaycanın Ali Baş Komandanı açıq şəkildə bəyan etdi ki, Ermənistan silahı haradan alır.
Kim-kim, amma Rusiya bunu etməməli idi. Təkcə ona görə yox ki, savaş bitəndən sonra bunun bizim münasibətlərə ağrılı təsirləri davam edə bilər. Əlavə olaraq, bir də ona görə ki, rusların həm SSRİ dövründən qalan təcrübəsi, həm də belə gözəl bir zərb-məsəlləri var: “hаступать на те же грабли”. Eyni palçığa neçə dəfə batarlar? Rusların eyni palçığa dönə-dönə batmalarına aid maraqlı bir tarixdən danışmaq istəyirik.
Tarixə “Qiyamət Günü müharibəsi” adı ilə düşən savaş haqqında yəqin ki, eşitmisiniz. 1973-cü ildə Misir və Suriya həm də SSRİ-dən aldıqları o dövr üçün ən müasir və güclü silahlara güvənərək, belə qərara gəlirlər ki, ikilikdə İsraili məhv edə, Ənvər Sadatın sözlərilə desək, “kürüyüb dənizə tökə” bilərlər. Oktyabrın 6-da ərəblər hücuma keçir və ilk günlərdə doğrudan da, yəhudilərə ağır zərbələr vururlar. Nə qədər ki, SSRİ-nin göndərdiyi təyyarələrin və raketlərin hesabına yəhudələrə uzaqdan zərbələr endirirdilər, hər şey çox yaxşı gedirdi. Çünki səmanı da SSRİ-dən gətirilmiş hava hücumundan o dövr üçün ən güclü müdafiə vasitələri qoruyurdu. Amma elə ki, ərəb orduları yerdə əməliyyata başladılar, hər şey 180 dərəcə dəyişir. Qısa vaxtda yəhidilər hər iki cəbhədə ərəbləri elə əzirlər ki, Dəməşqin 40, Qahirənin 100 kilometrliyinə çatırlar və istəsələr, hər iki paytaxtı da tuta bilərdilər.

Ən maraqlısı və bizim üçün ən lazımlı hissə indi başlayır. Məğlubiyyətin labüdlüyünü başa düşən Ənvər Sadat gecənin yarısı Kremlə zəng vuraraq, yalvarmağa başlayır. Tanış mənzərədirmi?
Başqa maraqlı tərəf də var. Məsələ ondadır ki, Misirə Ənvər Sadatdan əvvəl rəhbərlik edən Camal Əbdül Nasir SSRİ-nin “adamı”, dostu, hətta qəhrəmanı idi. Ənvər Sadat Amerika tərəfə əyilirdi. Yəni Nasirlə Sadatın fərqi təxminən Sarqsyanla Paşinyanın fərqi kimi idi. Tarix, doğrudan da, çox maraqlı şəkildə təkrarlanır.
...Hə, deməli, Sadat gecə yarısı zəng vurur Kremlə ki, yəhudilər möhkəm gəlirlər, bizi qırıb qurtaracaqlar, bunları durdurun. Eynilə, sanki bu gün ermənilər Qafqazın ərəbləri, Azərbaycan isə bölgənin İsraili rolundadır. Ənvər Sadat SSRİ-yə yalvarır ki, İsrailin qarşısını almaq üçün qoşun göndərsinlər. Bununla bağlı xarici işlər naziri Qramıko ilə Brejnevin arasındakı müzakirə zamanı adətən sakit və təmkinli şəxs olan birinci katib əsəblərini cilovlaya bilməyərək, çox aqressiv danışır, hətta söyüş də söyür. Fikirlərinin ümumi məzmunu isə belə olur ki, biz bu ərəblərə ən müasir silahları göndəririk, amma bunlar yenə uduzub, üstümüzə qaçırlar. Onların tankları yəhudilərdən azı iki dəfə çoxdur, artilleriya ilə, hava hücumundan müdafiə sistemlərlə təchis etmişik. Amma bunlar yenə də batırdılar. “Yox! – Brejnev bağıra-bağıra deyir,- Biz onların yerinə vuruşası deyilik. Mən onlara görə dünya müharibəsini başlatmayacağam!!!”
Ən maraqlısı odur ki, hətta bu, birinci dəfə deyildi. Öz vaxtında Xruşşov da Camal Əbdül Nasiri söyürmüş ki, niyə sizə bu qədər silah verməyimizə baxmayaraq, müharibədə uduzur, yəhduilərlə bacarmırsınız?!

5. Tarixin təkərinə düşənlər

Bundan da maraqlısı var. “Qiyamət günü savaşı” bitəndən sonra sizcə, nə olur?! Ənvər Sadat SSRİ-yə minnətdarlıq etmək əvəzinə, məğlubiyyətin günahını onun üstünə yükləyərək, deyir, sitat: “Mən ona görə sülhə razılaşmalı oldum ki, ABŞ ilə İsrail mənə qarşı idi, SSRİ isə arxamda dayanıb... kürəyimdən xəncərlə vururdu”. Halbuki, məhz SSRİ ABŞ-ı İsrailin Qahirəni tutmasına mane olmağa məcbur etmişdi. Tam əminliklə deyirəm, müharibə bitəndən sonra Ermənistan da Rusiyanı təxminən bu formada ittiham edəcək. Necə deyərlər, mən ölü, siz diri – yaşayarıq, görərik.
Bu əhvalatdan çıxan əsas nəticə odur ki, Rusiya tarixdən lazım olan dərsləri götürməyi hələ də öyrənə bilməyib. Ərəb dövlətlərinə hər cür silah verdi, təlimatçılar göndərdi, siyasi və diplomatik dəstəyini əsirgəmədi... amma nə oldu? Heç nə. Ancaq özü itirdi. Yanlış tərəfi seçdiyinə görə! Eyni səhvi bu dəfə Güney Qafqazda Ermənistanla təkrarlayır. Halbuki, bu bölgədə ayrı prinsiplə siyasət qurmaq olardı: Əgər maraqlarının qorunmasını istəyirənsə, regionun güclü və ləyaqətli ölkəsi ilə səmimi dostluq yarat. Ali Baş Komandan bizə dəstək verən ölkələrdən danışanda maraqlı bir söz işlətdi: “Biz yenə də işğalçıya dəstək göstərilməsi cəhdini gördük. Amma nə oldu nəticədə? Keçmədi. Necə keçmədi? Qoşulmama Hərəkatına üzv ölkələr kişi kimi buna imkan vermədilər, bizə dəstək göstərdilər, sağ olsunlar. Baxmayaraq ki, onlara təzyiq göstərildi, bəlkə də hədələr oldu. Amma durdular kişi kimi bizim arxamızda, necə ki, biz onların arxasında dururuq”.

Bu haqda dərin bir kitab yazmaq olar: Beynəlxalq münasibətlərdə kişilik faktoru. Düzdür, onda da feministlər və feminist qafalılar yığışıb, adamı seksist olmaqda ittiham edəcəklər, amma belə bir kitab doğrudan, çox faydalı olardı. Xüsusilə də xarici siyasəti ancaq sözün pis mənasında merkantilizm üzərində qurulan Avropada. Əgər “kişi kimi siyasət”, “kişi münasibəti” deyəndə sözübütövlük, əhdə vəfa, tərəfdaşına sədaqət borcunu dərk, qəbul və icra etmək nəzərdə tutulsa, hazırda Azərbaycan bütün dünyada bu siyasətin əsas daşıyıcısıdır. Özünün dost və qardaş dövlətlərilə birgə. Anlamaq lazımdır ki, kişiliyin özü də bir dəyərdir. Bu gün Avropanın reallıqda işləməyən söz azadlığı, insan haqları, demokratiya kimi qoloqrafik dəyərlərindənsə, Türkiyənin, Pakistanın kişilik və sədaqət anlayışı milyon dəfə əfzəldir. Və Şərqin bu dəyərləri Qərbin dəyərsizləşməsi fonunda artıq dünyanı dəyişə biləcək gücə çevrilir. Əgər bu gün özünün bütün didroları, russoları, volterləri, fontenləri, molyerləri, bomarşeləri, hüqoları, şatobrionları, dümaları, balzakları, mopassanları, zolyaları, rollanları, prustları, barbüsləri, moruaları, sartrları, kamyüləri, ekzüperiləri, moriakları, araqonları, simenonları, saqanları ilə Fransa Azərbaycan xalqının gözündə Pakistana uduzursa, demək ki, Pakistanın dəyərləri daha güclü çıxıb. Niyə? Çünki bütün bu didroların, russoların, volterlərin, fontenlərin, molyerlərin, bomarşelərin, hüqoların, şatobrianların, dümaların, balzakların, mopassanların, zolyaların, prustların, barbüslərin, moruaların, sartrların, kamyülərin, ekzüperilərin, moriakların, araqonların, simenonların, saqanların yaratdıqları ideologiya nə qədər nəhəng, ülvi və parlaq görünsə də, 7 yaşlı Aysunun ölümünün qarşısını almaq üçün heç nə eləmir. Pakistan isə edir. “Balaca Şahzadəni” yazıb, dünyanı kövrəltməklə deyil. Balaca Şahzadələr burada ölürlər, ey Ekzüperinin hörmətli soydaşları. Zəhmət çəkin, buna mane olun.
Hərçənd, onlarsız da balaca şahzadələrimizi özümüz qoruyacağıq Böyük Gələcək üçün. Düşmənin belinin qrılmasına az qalır. Hələlik isə möhkəm olaq!


Teqlər: AzVision   Real-TV  





Xəbər lenti