Milli Qəhrəmanın oğlu: “Arzum atamın qisasını almaq idi”

  Milli Qəhrəmanın oğlu:  “Arzum atamın qisasını almaq idi”
  28 Oktyabr 2020    Oxunub:13957
“Qarabağ torpaqlarını elə qorulmalıyıq ki, Azərbaycan xalqı Xocalı faciəsini, erməni zülmünü bir də görməsin”.

Bunu Azvision.az -a açıqlamasında Milli Qəhrəman, 1992-ci il fevralın 26-da Xocalı sakinlərinin müdafiəsi zamanı şəhid olan Canpolad Rzayevin onun adını daşıyan oğlu deyib.
Ordumuzun qələbələrindən danışan C.Yaqubzadə bildirib ki, atasının qisasının ermənilərdən alınması onun çoxdankı arzusudur.

“Mən ata görməmişəm. Ata qayğısı nədir bilmirəm. Atam şəhid olanda ana bətnində olmuşam. Doğulandan sonra babamın məsləhəti ilə mənə atamın adını veriblər. Ən çox üzüldüyüm odur ki, atamın qisasını almaq üçün döyüşlərdə iştirak edə bilmədim. Özüm də hərbçiyəm. Döyüş yoldaşlarımıza, ordumuza bu yolda ürəkdən dua edirəm. Şəhid ailələrinə başsağlığı verirəm. Şəhid övladı kimi onların acısını başa düşürəm. Amma torpaqlarımızı azad etmək balacadan tutmuş ağsaqqala kimi hamının arzusu idi. Atamla çiyin- çiyinə döyüşən şəxslərlə münasibətim var, tez-tez əlaqə saxlayıram. Döyüşmək üçün hər zaman hazırıq. Bizdə qorxu yoxdur. Elə tərbiyə almamışıq ki, vətəni müdafiə etməyək.

Hamı səbirsizliklə gözləyir, dədə- baba torpaqlarına getmək istəyir. Ali Baş Komandan nəyi nə vaxt etməli olduğunu bilir. Müharibə üçün lazımı işlər hazır olmalı idi. Demək ki, məqam indi imiş. Qarabağı azad edəndən sonra elə etməliyik ki, bir də bu kədəri, faciəni yaşamayaq. Müharibədən sonra Ağdama gedib atamın məzarını ziyarət edəcəm. Bu mənim övladlıq borcumdur. Onu sağ ikən görməmişəm, heç olmasa məzarını görüm”, - deyə Milli Qəhrəmanın oğlu vurğulayıb.

Qeyd edək ki, Canpolad Rzayev Qarabağ müharibəsi dövründə Ağdamda yaradılmış könüllü özünümüdafiə dəstələrindən “Qarabağ şahinləri" batalyonunun rəhbəri olmuş Qatır Məmməd ləqəbli Yaqub Rzayev Ələsgər oğlunun övladı olub.












Milli Qəhrəmanın oğlu Canpolad Yaqubzadə




Şahanə Rəhimli
Azvision.az


Teqlər: MilliQəhrəman  





Xəbər lenti