Həmsədr ölkələr yenə işğalçını müdafiə edir

  26 Oktyabr 2020    Oxunub : 1519
Həmsədr ölkələr yenə işğalçını müdafiə edir
Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni yerinə yetirir. Bu günədək bir çox şəhər və kəndlərimiz erməni tapdağından azad edilib. Dünən isə Ali Baş Komandan Qubadlı şəhərinin azad olunması xəbərini elan etdi.
Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə beynəlxalq aləmdən gələn reaksiyalar arasında təəssüf doğuran məqamlar da var. Ordumuzun 30 ildir ki, işğal altında qalan torpaqları azad etdiyi vaxtda bəzi hallarda təzyiqlərlə də üzləşirik. Təbii ki, burada məqsəd ordumuzun vurduğu zərbələrdən acınacaqlı vəziyyətə düşən Ermənistanı xilas etməkdir.

Artıq bir aya yaxındır ki, müharibənin doğurduğu sosial-iqtisadi, eləcə də siyasi böhran işğalçı ölkəni acınacaqlı hala salıb. Fəlakətlə üz-üzə qalan düşmən yenə xarici havadarlarına arxayın olaraq işğal altında qalan digər ərazilərimizdən öz xoşu ilə çıxmaq istəmir. Belə situasiyada təzyiqlərə baxmayaraq, ordumuzun zəfər yürüşü hər ötən gün daha da genişlənməkdədir.

Bakıya yönəlmiş belə təzyiqlərin birini bu günlərdə BMT Təhlükəsizlik Şurasında məsləhətləşmələrdə gördük. Təhlükəsizlik Şurasının daimi üzvləri, həm ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsinə 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrə istinadı daxil etməmişdilər. Üstəlik onlar bir sıra ölkələrin həmin qətnamələrə istinadın mətnə salınması ilə bağlı təkidli mövqeyini qulaq ardına vururdular.

Təbii ki, bu kimi qərəzli yanaşma ölkəmizin hərbi uğurlarını dayandırmağa, Azərbaycanı daha 30 il gözləmə mövqeyində saxlamağa hesablanmışdı. Ümumiyyətlə, indi elə bir vəziyyət yaranıb ki, erməni tərəfinin istənilən atəşkəsə əməl edəcəyi real görünmür. Bu vaxta qədər Azərbaycan və Ermənistan arasında 10 və 17 oktyabrda olmaqla 2 humanitar atəşkəs barədə razılıq əldə edilmişdi. Lakin hər iki humanitar atəşkəs Ermənistan tərəfindən kobud şəkildə pozuldu. Nəinki atəşkəsi pozdular, hətta ən ağır müharibə cinayətləri törədərək Gəncədə insanların sıx yaşadıqları əraziləri raket atəşinə tutdular.

Yeri gəlmişkən, 25 oktyabr bəyanatının ilkin layihəsi indiki mətndən tamamilə fərqlənirdi. Azərbaycan tərəfi qəti mövqe nümayiş etdirərək açıqlamanın birtərəfli olmasının, yəni onun ancaq humanitar atəşkəs ilə məhdudlaşdırılmasının qarşısını almağa nail oldu. Bəyanatların özünə gəldikdə isə ilk olaraq vurğulanmalıdır ki, burada söhbət atəşkəsdən deyil, humanitar atəşkəsdən gedir. Bəyanatda yer alan atəşkəsin monitorinqi üzrə parametrlər məsələsi münaqişənin müffəsəl həlli prosesi ilə paralel getməlidir. Bu, o deməkdir ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı konkret vaxt cədvəli müəyyən edilməlidir. Bəyanatda öz əksini tapmış “vaxt cədvəli” (timeline) ifadəsi məhz bunu nəzərdə tutur. Eyni zamanda, atəşkəsin monitorinqi üzrə parametrlər Ermənistandan işğal olunmuş ərazilərə silah, canlı qüvvə daşınmasına nəzarət olunmasını ehtiva etməlidir. Bu mənada həmsədrlərin bəyanatında yer almış məqamların geniş surətdə müzakirə olunmasına və razılaşdırılmasına ehtiyac var.

Maraqlıdır ki, qarşı tərəf əvvəllər boğazdan yuxarı bəyanatlar səsləndirsə də, indi loru dildə desək, muma dönüb… Baza prinsiplərini rədd edən, bir neçə gün öncə “Münaqişənin diplomatik həlli yoxdur” deyən Sorosun oyuncağı Nikol Paşinyan indi məcbur olub danışıqlar üçün ABŞ-a yalvarır və artıq kompromislərdən danışmağa başlayır.

Amma təcrübə göstərir ki, başından vurulan zərbələrdən sonra özünə gəlməyə çalışan Paşinyan hakimiyyəti hər dəfə bu cür çıxışlar və atəşkəsdən sonra yeni hiylələrə əl atır. Gözlənildiyi kimi, kömək üçün həmsədr ölkələrin qapısını döyən Ermənistan yenə humanitar atəşkəs rejimini kobud şəkildə pozdu. Bu dəfə də İrəvan sözünün üstündə durmadı və həmsədr ölkələrə hörmətsizlik nümayiş etdirdi...

Tural Tağıyev
Azvision.az

Teqlər: Minsk-Qrupu   Dağlıq-Qarabağ