Şükür Həmidov arzusuna çatdı... - FOTOLAR

  23 Oktyabr 2020    Oxunub : 45442
Şükür Həmidov arzusuna çatdı... -  FOTOLAR
Xəbər verdiyimiz kimi, Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidov Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub.

Bu gün Prezident İlham Əliyev şəhid zabitin atası Nəriman Həmidovla telefon danışığı zamanı Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini deyib.
Məlumat üçün bildirək ki, Həmidov Şükür Nəriman oğlu 1975-ci il aprelin 1-də Qubadlı rayonunun Armudluq kəndində anadan olub. Həmin kənddə orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Daha sonra Bakı Birləşmiş Ali Hərbi Komandirlər Məktəbində təhsilini davam etdirib. 1995-ci ilin iyun ayında ilk hərbi rütbə alaraq Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissələrin birində tağım komandiri kimi xidmətə başlayıb. Orada mayor hərbi rütbəsinə qədər yüksəlib.

2006-cı ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olub. Hərbi Akademiyanı bitirdikdən sonra cəbhə bölgəsində yerləşən N saylı hərbi hissələrin birində bölmə komandiri kimi xidmətini davam etdirib. Sonra müxtəlif vəzifələrdə xidmət edərək komandir vəzifəsinədək yüksəlib.



Ş.Həmidov Azərbaycan ictimaiyyətinə 2016-cı il Aprel döyüşləri zamanı tanınıb. Dördgünlük döyüşlərdə polkovnik-leytenant Həmidov böyük şücaət göstərib. O, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdiyi qəhrəmanlıq və igidliyə görə Prezident İlham Əliyev tərəfindən Milli Qəhrəman adına layiq görülüb.

Bundan əlavə, Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Şükür Həmidova vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilib.

Polkovnik Lələtəpə yüksəkliyinin və on kilometrlərlə ərazini azadetmə əməliyyatında xüsusi rəşadət göstərib. Döyüşlərlə bağlı Müdafiə Nazirliyinin hazırladığı süjetdə Şükür Həmidov demişdi ki, Aprel döyüşlərində erməni əsgərləri ön xəttdəki mövqelərini qoyub qaçırdılar:

“Əks hücum edərək onların bölmələrini ön xəttimizdən qovduq və Lələtəpə yüksəkliyindən Yaşıl təpə deyilən dağa qədər düşməni mövqelərdən çıxardaraq əlverişli hədlər üzrə mövqelərimizi möhkəmləndirdik. Güclü ordumuzun, peşəkar komandirlərimizin başçılığı altında üçrəngli bayrağımızı Şuşa qalasında, Xocalıda, Qubadlıda və digər işğal olumuş bölgələrimizdə dalğalandıracağıq. O yerləri yenidən xalqımıza qaytaracağıq”.



Milli Qəhrəman, polkovnik Şükür Həmidov ötən ilin sentyabr ayında sayca 4-cü dəfə təşkil olunan "Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsinin açılışında isə bildirmişdi ki, Azərbaycan Ordusu regionda ən güclü ordudur:

"Bu gün Ordumuzun heç nəyə ehtiyacı yoxdur. Ali Baş Komandanın diqqət və qayğısı sayəsində Ordumuzun maddi-texniki bazası, məişət şəraiti və şəxsi heyətin təminatı ən yüksək səviyyədədir. Arzu edirəm ki, işğalda olan torpaqlarımızı azad edək, gənclərimiz odun-alovun içərisinə girməsin. Bundan da gözəl tədbirlərimiz Qarabağ torpağında keçirilsin".

Şücaəti və mərdliyi ilə gənclərə örnək olan əfsanəvi Milli Qəhrəmanımızın ən böyük arzusu işğal altındakı torpaqlarımızı azad görmək və dədə-baba yurdu olan Qubadlıda şanlı bayrağımızı ucaltmaq idi. Əsgərləri ilə çiyin-çiyinə döyüşən polkovnik, nəhayət, öz arzusuna çatdı. Bu gün Azərbaycan Ordusu Həmidovun doğulduğu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etdi.













Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Qəhrəman   Şükür-Həmidov   Şəhid