Sahibə Qafarova beynəlxalq ictimaiyyətə çağırış etdi

Sahibə Qafarova beynəlxalq ictimaiyyətə çağırış etdi
  01 Oktyabr 2020    Oxunub:2215
Oktyabrın 1-də Milli Məclisin Sədri Sahibə Qafarova ilə Parlamentlərarası İttifaqın Prezidenti Qabriela Kuevas Barron arasında telefon danışığı olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, telefon söhbətində Milli Məclisin sədri Parlamentlərarası İttifaqın Prezidentinə sentyabrın 27-dən etibarən Ermənistan tərəfindən cəbhə xəttində törədilən hərbi təxribatlar barədə məlumat verib. Milli Məclisin Sədri Ermənistanın son 30 ildir davam edən işğal siyasətinin regionda sülhə və sabitliyə təhlükə olduğunu vurğulayıb.

Sahibə Qafarova qeyd edib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı növbəti təxribat törətməklə aşkar şəkildə beynəlxalq birliyin çağırışlarına məhəl qoymadığını nümayiş etdirir. Milli Məclis Sədri deyib ki, işğalçı ölkə mülki vətəndaşları da hədəfə alaraq beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur.

Sahibə Qafarova Parlamentlərarası İttifaqın Prezidenti Qabriela Kuevas Barronla telefon danışığında beynəlxalq ictimaiyyəti Ermənistanın işğalçı siyasətini sərt şəkildə qınamağa çağırıb.

Qeyd edək ki, Parlamentlərarası İttifaq dünyanın 179 ölkəsinin parlamentini özündə birləşdirən ən böyük beynəlxalq parlament təşkilatıdır.

Azvision.az


Teqlər: Spiker   Sahibə-Qafarova  





Xəbər lenti