Bakıda uşaq bağçaları yenidən fəaliyyətə başladı

Bakıda uşaq bağçaları yenidən fəaliyyətə başladı
  01 Oktyabr 2020    Oxunub:2420
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, oktyabrın 1-dən Bakı şəhəri üzrə dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib. Müvafiq hazırlıq və tibbi-profilaktik tədbirlərdən sonra epidemioloji vəziyyətə uyğun olaraq bu gün səhərdən artıq uşaq bağçaları fəaliyyətə başlayıb.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkündür. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilib, həmçinin videokonfrans formatında müşavirələr təşkil olunaraq bağça müdirlərinə lazımi təlimatlar verilib.

Məktəbəqədər təhsil müəssisələrinin açılışına hazırlıq prosesində idarənin tabeçiliyində olan bütün bağçalarda dezinfeksiya işləri aparılıb. Bağçaların tərbiyəçiləri və texniki işçiləri tərəfindən orada geniş təmizlik, tibbi-profilaktik işlər görülüb, işçi heyət hazırki şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb. Bağçaların oyun, yataq və digər otaqlarında hazırlıq işləri aparılıb, otaqların havalandırılması və təlimata uyğun dezinfeksiyası üçün tədbirlər həyata keçirilib. Mətbəx və sanitariya qovşaqlarına diqqət artırılıb.

Hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub. Səhər tezdən etibarən bağçaya gələn işçi heyəti və uşaqların temperaturu ölçülür, tərbiyəçilərin valideynlərlə mütəmadi olaraq əlaqə saxlaması tövsiyə edilib. Həftə sonu hər bir bağçada tam dezinfeksiya işlərinin aparılması nəzərdə tutulub.

Bu gündən etibarən paytaxtın bütün uşaq bağçaları xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində fəaliyyət göstərəcək, bu müəssisələrdə sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin əməkdaşları tərəfindən həyata keçiriləcək.

Azvision.az



Teqlər: Baxça   Bakı  





Xəbər lenti