Los-Anceles polisindən ermənilərə xəbərdarlıq
Kaliforniya erməni icmasının üzvləri erməniləri Los-Ancelesdə Azərbaycanın baş konsulluğunun binası qarşısında etiraz aksiyası keçirməyə çağırıblar. Bu il iyul ayında erməni gənclərin 3 azərbaycanlıya qarşı milli nifrət zəminində törətdiyi cinayətin Los-Anceles polisi tərəfindən təhqiqatı hələ başa çatmayıb. Buna baxmayaraq ermənilər sosial şəbəkələrdə azərbaycanlılara qarşı aqressiv çıxışlar paylaşmaqda davam edirlər.
AzərTAc-ın məlumatına görə, bununla əlaqədar Los-Anceles polisi öz rəsmi saytında ermənilərin təcavüzkar davranışına və vandalizm hərəkətlərinə görə onlara xəbərdarlıq edən bəyanat yerləşdirib. Bəyanatda deyilir ki, Los-Anceles polis departamenti Ermənistan ilə Azərbaycan arasında hərbi münaqişənin genişlənməsi barədə məlumatlıdır və bununla əlaqədar söz azadlığı üçün şərait yaradılmasını təmin edəcək. Lakin polis departamenti qeyd edir ki, etirazçılar tərəfindən aqressiv davranışa və vandalizmə imkan verilməyəcək, belə hərəkətlərə görə məcburetmə və ya həbs tədbirləri tətbiq ediləcək. Bəyanatda daha sonra qeyd olunur ki, gərginliyin artdığı dövrdə Los-Ancelesdə həm erməni, həm də Azərbaycan icmasının müdafiəsini təmin etmək üçün patrul xidməti gücləndiriləcək.
Azvision.az