“Hər birimiz Ali Baş Komandanın yanında olmalıyıq” - Diplomat

“Hər birimiz Ali Baş Komandanın yanında olmalıyıq” -  Diplomat
  30 Sentyabr 2020    Oxunub:2963
“Ermənistan növbəti dəfə region üçün fəlakət və təhlükə mənbəyi olduğunu sübut etdi. Azərbaycan ordusunun qarşı tərəfin hərbi təxribatlarına cavab olaraq genişmiqyaslı hərbi əməliyyatlar aparması xalqımızı fərəhləndirir. İndi heç vaxt olmadığı qədər xalq-dövlət, xalq-ordu birliyinə və həmrəyliyinə ehtiyac yaranıb.”
Bunu Azvision.az -a açıqlamasında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov deyib.

Azərbaycan Prezidentinin bir müddət öncə Ermənistanın müharibəyə hazırlaşması ilə bağlı beynəlxalq ictimaiyyəti xəbərdar etməsini xatırladan diplomat ermənilərin son iki gündə daha çox yaşayış məntəqələrini hədəf almasını da təsadüfi saymayıb: “Ermənistan üçün heç bir humanizm prinsipi, müharibə qanunları və ya hansısa dəyər qalmayıb. Biz bu işğalçı ölkənin vandalizmini son 30 il ərzində müşahidə edirik.

Məsələn, Ermənistanın atəşkəs dövründə belə işğal altındakı ərazilərdə Azərbaycan xalqının milli-mədəni irsinin, mədəniyyət, dini abidələrinin məhv etməsinə, təhqir edilməsinə susan beynəlxalq təşkilatlar təəssüf olsun ki, bu gün xeyli sayda dinc sakinimizin öldürülməsinə də biganə yanaşırlar.

Düşmən ordusunun atdığı mərmilərin şəhid etdiyi, içində də uşaqların olduğu bu vətəndaşlarımız döyüşlər gedən ərazilərdən xeyli kənarda yaşayan insanlar olublar. Bu səbəbdən də bu cür ciddi faktların mövcud olduğu halda, beynəlxalq təşkilatların məsələyə laqeyd münasibəti ciddi təəssüf doğurur”.

Son günlər Özbəkistan mətbuatında aktiv şəkildə Azərbaycana dəstək xarakterli xeyli yazı və məqalələr dərc edildiyini və bu istiqamətdə xeyli iş görüldüyünü deyən Samir Abbasov Özbəkistan ictimaiyyətinin də Azərbaycanın haqq davasına daim dəstək göstərməsini qürurverici mənzərə saydı. Artıq Türk Şurası çərçivəsində Özbəkistan öz mövqeyini ifadə etdi. İndi isə tanınmış ictimaiyyət nümayəndələri, özbək ziyalıları, Azərbaycanın Vətən torpaqlarının azadlığı uğrunda apardığı mübarizəyə dəstək ifadə edərək, Ermənistanı işğalı durdurmağa çağırırlar.

“Özbək xalqı Aprel döyüşlərində də, İyul savaşında da erməni təxribatlarını kəskin şəkildə qınamışdı. Müşahidələrimə əsaslanıb deyə bilərəm ki, bu ağır günlərdə də özbək xalqı bizimlə həmrəyliyini nümayiş etdirir.

Ümumiyyətlə bu gün nəinki mədəniyyət xadimləri, ziyalılarımız, elm adamları və s. təbəqədən olan insanlarımız, ümumilikdə xalq olaraq Ali Baş Komandanın yanında olmalıyıq.

Cənab Prezidentin torpaqların işğaldan azad edilməsi istiqamətində atdığı istənilən addıma hər bir Azərbaycan vətəndaşı dəstək olmalıdır.

Bizim davamız haqq davasıdır, bir daha xalq olaraq milli maraqlarımızın qorunması, ərazi bütövlüyümüzün bərpa olunması məsələsində prinsipiallıq nümayiş etdirəcəyimizi göstəririk.

Ölkədə qismən səfərbərlik elan edilən ilk dəqiqələrdə insanların ordu sıralarına kütləvi şəkildə yazılması isə gənc nəslin, bütün vətəndaşlarımızın vətənpərvərlik ruhunun hansı səviyyədə olmasını bütün dünyaya göstərdi. Çünki cənab Prezidentin də dediyi kimi bizim başqa ölkənin torpaqlarında marağımız, gözümüz yoxdur! Biz öz tarixi, əzəli və əbədi torpaqlarımızda “təmizləmə işləri” apararaq ərazi bütövlüyümüzü bərpa edirik. Bu yolda isə bir an belə dayanmaq olmaz, qocalı-gəncli, milli, dini və s. mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımız Ali Baş Komandanın yanında olduğunu göstərir və inanıram ki, ordumuz da hələ çox qələbə müjdələri ilə xalqımızı sevindirəcək!

Axır ki, işğala, bu barbarlığa dur deməyin vaxtı yetişdi, gecə-gündüz gözlədiyimiz bu tarixi an gəlib. Mən bir vətəndaş kimi bütün azərbaycanlılara müraciət edirəm. Birləşin, həmrəy olun əziz millətimiz! Artıq görürük ki, ədaləti biz özümüz, Azərbaycan dövləti bərpa etməlidir.

Vətənimiz, dövlətimiz, azadlığımız, bizlərin və gələcək nəsillərimizin xoşbəxtliyi üçün hər kəs bu mübarizədə aktiv olmalı və düşməni ifşa etməlidir. Zəfər mütləq bizimlə olacaq, çünki biz haqlı olan tərəfik”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Bakı  





Xəbər lenti