“Beynəlxalq hüquq separatizmi yox, inteqrasiyanı üstün tutur”

 “Beynəlxalq hüquq separatizmi yox, inteqrasiyanı üstün tutur”
  29 Sentyabr 2020    Oxunub:3367
“Dağlıq Qarabağ münaqişəsində hüquqi baxımdan Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə faktlarla çatdırmalıyıq, ümumi sözlərlə kifayət etməyə bilər”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nurlan Həsənov deyib.

Deputat bildirib ki, qarşı tərəf hüquqi baxımdan haqlı olduğunu göstərməyə cəhd edir: “Dağlıq Qarabağda yaşayan etnik ermənilər əksər hallarda beynəlxalq hüquq normaları çərçivəsində "xalqların öz müqəddəratını təyin etmək hüququ" (right to self-determination) prinsipinə istinad etməklə, müstəqil dövlətə sahib olmaq iddiası edirlər. Bəs beynəlxalq hüquq buna imkan verirmi? Qarabağda olan erməni separatçıların istinad etdiyi “xalqların öz müqəddəratını təyin etmək hüququ” əslində özündə kiçik xalq qrupları və etnik azlıqlara "ayrılma hüququ"nu (Secession-red) əhatə etmir. Müasir beynəlxalq hüquq, dövlət daxili etnik azlıq məsələlərində separatizmi yox, inteqrasiyanı üstün tutur. Belə ki, xüsusilə bir-birinə qonşu dövlətlərin sərhədə yaxın ərazisində yaşayan milli azlıqlar və xalq qrupları hər hansı qonşu ölkədə əhalinin əksəriyyətini təşkil edirsə, bu zaman milli azlıqlar xalqların öz müqəddəratını təyin etmək hüququna istinad edə bilməzlər. Çünki, o etnik qrupun artıq bir dövləti var. Onlar yaşadıqları qonşu ölkədə yalnız bərabərlik, siyasi iştirak və muxtariyyət tələb edə bilərlər, heç bir halda ayrılmaq – “Secession” hüququna istinad edilə bilməzlər. Bu prinsip Dağlıq-Qarabağ üçün də keçərlidir”.

Azvision.az



Teqlər: Deputat  





Xəbər lenti