“Yaxın qohumlarımın evlərinə mərmilər atılıb” - Deputat

  “Yaxın qohumlarımın evlərinə mərmilər atılıb” -    Deputat
  28 Sentyabr 2020    Oxunub:2609
“Hazırda Azərbaycan ordusu özünün işğal altında olan tarixi ərazilərində təmizləmə əməliyyatları aparır ki, bu da Ermənistanın son hərbi təxribatlarına əks-hücumlarla cavabımızdır”.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib. O qeyd edib ki, ölkəmiz üçün artan hərbi təhdidlərin fonunda komendant saatının tətbiq edilməsi zəruri hal idi:

“Düşünməyin ki, son hərbi təxribatlar yalnız ordumuzun mövqelərini zəiflətmək üçün edilən hücumlar idi. Erməni ordusu hazırda əsasən dinc sakinləri hədəf seçir. Məsələn, mənim yaxın qohumlarımın evlərinə, həyətlərinə mərmilər atılıb. Özü də bizim bu yaşayış ərazilərimiz Ağdamdakı erməni səngərlərdən təxminən 20 kilometr aralıda yerləşir. Yəni həqiqətən də, ermənilər bütün gücləri ilə hücumlara keçmişdilər. Ölkədə belə bir vaxtda komendant saatının tətbiq edilməsi vaxtında atılan addım oldu. Amma komendant saatı ölkəboyu bütün ərazilərə şamil edilmədi. Təbii ki, komendant saatı bir sıra ciddi məqsədlər üçün tətbiq edilir. Bunlardan biri də təxribatların qarşısının alınmasıdır. Qaydalara riayət etmək lazımdır, hər bir vətəndaş evdən çıxarkən ilk olaraq şəxsiyət vəsiqəsini özü ilə götürməlidir ki, sabah hüquq-mühafizə orqanları ilə problem yaşamasın. Çünki müharibə şəraitidirsə, küçə və digər ictimai yerlərdə gəzərkən mülki şəxs kimi kimliyin də polislərə bəlli olmalıdır”.

Müharibə şəratində komendant saatının şamil edildiyi cəbhəboyu və sərhəd ərazilərində təxribat və diversiya əməllərinin törədilməsi ehtimalının daha çox olduğunu deyən deputat, vətəndaşların bunu anlayışla qəbul etdiyini vurğulayıb: “Onu da söyləyim ki, hazırda davam edən döyüşlərin miqyası əvvəlki lokal döyüşlərdən xeyli fərqlənir. Ali Baş Komandan müsahibəsində və xalqa müraciətində də aşkar şəkildə demişdi ki, Azərbaycan nəticəsiz danışıqların uzun müddət davam etməsi ilə barışa bilməzdi. Ölkə başçısı Minsk Qrupunun fəaliyətsizliyini haqlı olaraq qınadı. Loru dildə desəm, doğrudan da onların səfərləri yeyib-içməyə hesablanmış səfərlər idi. İndiki halda isə işğal olunmuş ərazilərimizdə terrorçu qrupların, başqa ölkənin vətəndaşı olan etnik ermənilərin yerləşdirilməsi, sərhəddə təxribatların törədilməsinə göz yummaları əndazənin aşılması demək idi. Qısası, bizim davamız haqq işidir, erməni ordusunun hücumlarına əks-hücumlarla cavab verdik ki, burada da müəyyən ərazilərin azad olunmasını bütün xalq alqışlayır. Hazırda xalq öz Ali Baş Komandanının yanındadır, həmrəyliyimiz əsas silahımız sayılmalıdır”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Deputat  





Xəbər lenti